2021-ci ilin 13-17 noyabr tarixlərində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Gənclər Təşkilatının təşəbbüsü, “Careerland” təhsil mərkəzinin dəstəyi və “Dadaşsoy” Biznes Məktəbinin təşkilatçılığı ilə “Biznes marafonu” layihəsi çərçivəsində təlimlər keçirilib. “Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan təlimlərdə universitetin tələbə və magistrantları iştirak ediblər.
Diqqətə çatdırılıb ki, təlimlər tələbələrdə biznes psixologiyasının formalaşdırılması, bacarıqların üzə çıxarılması və şəxsi inkişafa töhvə vermək məqsədini daşıyır.
Beş günlük təlim proqramı çərçivəsində “Dadaşsoy” biznes məktəbinin həmtəsisçilərindən, biznes kouç Elvin Dadaşsoy “Öz biznesinə başla”, biznes məsləhətçisi Coşqun Əzimsoy “Biznesdə satış”, “Safavy” onlayn təhsil platformasının həmtəsisçisi Elxan Sultanlı “Biznesmen psixologiyası”, “Talk about” biznes platformasının rəhbəri Vüqar Kərimov “Layihələrin təşkili və idarə olunması”, “Careerland” təhsil mərkəzinin meneceri Nurlan Abbasəliyev “Təhsil və biznes” mövzularında təqdimatlarla çıxış edib və iştirakçıların çoxsaylı suallarını cavablandırıblar.
Bildirilib ki, təlimləri uğurla başa vuran bütün iştirakçılara “Dadaşsoy” Biznes Məktəbi tərəfindən müvafiq sertifikatlar təqdim olunacaqdır.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbə gənclərin hərtərəfli inkişafına şərait yaradan əlverişli təhsil mühitinin təmin edilməsi diqqət mərkəzində saxlanılır və bu məqsədlə müvafiq təlimlərin keçirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.