AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universiteti “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla təmsil olunub

12 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” VII ümumrespublika bilik yarışında uğurla təmsil olunub. Heydər Əliyev Mərkəzinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə ölkənin 48 ali təhsil ocağı arasında keçirilən bilik yarışında MDU komandası 11-ci yerdə qərarlaşıb.

Diqqətə çatdırılıb ki, bilik yarışı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyatının, çoxşaxəli fəaliyyətinin, irsinin, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılmış Vətən müharibəsi və şanlı Zəfər tarixinin öyrənilməsi və təbliği məqsədi daşıyır.

Yarış ərəfəsində komandaların müsabiqəyə hazırlığı məqsədilə Heydər Əliyev Muzeyinə ziyarətləri təşkil olunub və noyabrın 6-da onlar üçün müvafiq təlim keçirilib.

Münsiflər heyətində Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun nümayəndələri təmsil olunublar.

Üç turdan ibarət olan bilik yarışının hər turunda 12 sual cavablandırılıb. Suallar komandalara əvvəlcədən təqdim olunan mövzular əsasında tərtib edilib. Turların sonunda ümumi qiymətləndirmə üzrə qalib komandalar müəyyən edilib. Qaliblərin mükafatlandırılması ilə yanaşı, komandaların hər bir üzvünə Heydər Əliyev Mərkəzi adından iştirakçı sertifikatları təqdim olunub.

Noyabrın 19-da MDU-nun rektoru Şahin Bayramov bilik yarışında iştirak edən universitetin komanda üzvləri ilə görüşüb. Görüşdə rektor MDU-nu layiqli təmsil etdiklərinə görə tələbələrə təşəkkürünü bildirib və gələcək fəaliyyətlərində onlara uğurlar arzulayıb.

Qeyd edək ki, sözügedən bilik yarışında iştirak etmiş MDU komandasının tərkibində universitetin Pedaqoji fakültəsinin tələbələri Xədicə Abdullayeva (kapitan), Vəfa Mustafazadə, Əli Abbasov, Sevinc Əhmədova, Səma Süleymanova və Sahil Abbasov yer alıb. Komandanı yarışda MDU rektorunun müşaviri Hamiz Mahmudov və Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov müşayiət ediblər.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker