Azərbaycan müəllimi (08.01.2021)
Ali təhsil sahəsində yeni reallıqlar və uğurlu dövlət siyasəti
Müasir dövrdə dördüncü sənaye inqilabının çağırışlarına və əmək bazarının dinamik dəyişən tələblərinə cavab verən yüksək ixtisaslı, rəqabətqabiliyyətli kadrların hazırlanması, “təhsil-tədqiqat-innovasiya” formatında inkişafın və cəmiyyət həyatına səmərəli inteqrasiyanın təmin olunması ali təhsil müəssisələrinin başlıca strateji məqsədlərindən hesab edilir.
Qlobal pandemiya şəraitində dünyada əyani tədris prosesinin dayanması, tələbə və elmi-pedaqoji kadrların akademik mobilliliyinin minimuma enməsi, elmi fəaliyyətin və əməkdaşlığın məzmununun əhəmiyyətli dəyişməsi, tələbə qəbulunda kəmiyyət və struktur dəyişikliklərinin baş verməsi və meydana çıxan digər çağırışlar universitetlərin qarşıda dayanan məqsədlərinə nail olması istiqamətindəki fəaliyyətlərində ciddi məhdudiyyətlər və fərqli xüsusiyyətlər yaratmışdır.
COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar tədbirlərin davam etdirilməsi dünyanın bir çox ölkələrində fəaliyyət göstərən ali təhsil müəssisələrini qısa müddətdə mövcud reallıqlara uyğunlaşmağı, rəqəmsallaşmanın sürətləndirilməsi, təhsilin distant təşkili və tədris prosesinin davamlılığının təmin edilməsi üçün bütün mümkün resursları səfərbər etməyi, effektiv, çevik və qeyri-ənənəvi qərarlar qəbul etməyi tələb edən olduqca mürəkkəb situasiyalar ilə qarşılaşdırmışdır.
Ölkəmizdə 2020/2021-ci tədris ilinin başa çatan payız semestri pandemiya dövrünün mövcud çətinlikləri ilə yanaşı, müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində möhtəşəm tarixi Zəfərin əldə edilməsilə nəticələnən 44 günlük Vətən Müharibəsi ilə yadda qalmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yeni dərs ilinin başlanması və Bilik Günü münasibətilə 15 sentyabr 2020-ci il tarixli müraciətində qarşıya qoyduğu vəzifələrdən irəli gələrək, cari tədris ilinin payız semestri ərzində ali təhsilin təşkili zamanı gənclərin sağlamlığı və inkişafı, onların müasir bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, milli-mənəvi dəyərlərimiz əsasında və vətənpərvərlik ruhunda tərbiyə olunmasının prioritetliyi təmin edilmişdir.
Hökumət tərəfindən müvafiq normativ-hüquqi aktlara edilən müvəqqəti dəyişikliklər, qəbul edilmiş yeni qaydalar və təlimatlar, Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə ali təhsil müəssisələri tərəfindən həyata keçirilən tədbirlər, universitetlərdə ötən tədris ilindən qazanılmış təcrübələr və yaradılmış yeni imkanlar hesabat dövründə ali təhsildə davamlılığın, əlçatanlığın təmin olunmasına və cari payız semestrinin uğurla başa çatdırılmasına imkan vermişdir. Eyni zamanda, rəqəmsallaşma və məsafədən təhsilin üstünlükləri tədris prosesinin təşkili qaydalarının optimallaşdırılması və universitet dəyərlərinə yenidən baxılması üçün güclü stimul yaratmış, bütün istiqamətlər üzrə fəaliyyətlərin yeni məzmunda inkişafına təkan vermişdir.
Gələcəyə baxış konsepti və modernləşən universitet
Ölkəmizin paytaxt səviyyəli nüfuzlu ali təhsil müəssisələrindən birinə çevrilməsini strateji baxış olaraq müəyyənləşdirən MDU öz fəaliyyətini milli ali təhsilimizdə müşahidə olunan inkişaf trendlərini, beynəlxalq ali təhsil məkanında baş verən dəyişikliklərə əsaslanan yeni çağırışları, eləcə də universitetin mövcud potensialını əhəmiyyətli dərəcədə nəzərə almaqla həyata keçirir.
Hesabat dövrü ərzində universitetdə tədris, elmi tədqiqat, idarəetmə, beynəlxalq əməkdaşlıq və digər istiqamətlər üzrə görülmüş işlər MDU-nun milli ali təhsilimizin ümumi xəritəsində mövqeyinin gücləndirilməsini və onun regional ekosistemin mühüm aktorlarından birinə çevrilməsini hədəfləmişdir.
Mövcud şərtlər əsasında tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması, maddi-texniki bazanın gücləndirilməsi, professor-müəllim və inzibati-texniki heyət üzvlərinin həvəsləndirilməsi və sosial rifahının yaxşılaşdırılması, yerli və xarici universitetlərlə qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi, özəl və dövlət qurumları ilə səmərəli işbirliyinin yaradılması modernləşməkdə olan MDU-nun prioritet fəaliyyət istiqamətləri kimi müəyyən edilmişdir.
Əmək bazarının tələblərinə uyğun yüksək ixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanması, təhsilalanlara müasir bilik və bacarıqların ötürülməsi, onların karyera inkişafına və məşğulluq problemlərinin həllinə dəstək göstərilməsi, universitetin innovasiya potensialının və cəmiyyət həyatında faydalı rolunun genişləndirilməsi istiqamətində birgə layihələrin reallaşdırılmasına böyük üstünlüyün verilməsi, bütövlükdə, MDU-nun cəlbediciliyinin və regionun sosial-iqtisadi inkişafına töhfəsinin artmasına xidmət etmişdir.
Hazırda universitetdə iqtisadiyyat, mühəndislik və pedaqoji profilləri əhatə edən 23 ixtisas (bakalavriat) və 12 ixtisaslaşma (magistratura) üzrə kadr hazırlığı həyata keçirilir. 3 fakültənin, 10 kafedranın mövcud olduğu universitetdə ümumilikdə 2600-dən artıq tələbə və magistrant təhsil alır.
Bütövlükdə 300-dən artıq əməkdaşı olan universitetdə 195 professor-müəllim heyəti üzvü çalışır ki, onlardan 57 nəfərin müvafiq istiqamətlər üzrə elmi dərəcəsi, 41 nəfərin isə elmi adı vardır.
Hesabat dövründə MDU-da tələbə qəbulu planı bakalavriat səviyyəsi üzrə 92%, magistratura səviyyəsi üzrə isə 88% yerinə yetirilmişdir. Cari tədris ilində universitetə yüksək balla qəbul olan və “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən tələbələrin sayında artımın müşahidə edilməsini son dövrdə MDU-nun imicinin yüksəldilməsi istiqamətində görülən işlərin müsbət nəticəsi kimi qiymətləndirmək olar.
Fərqli şərtlər çərçivəsində tədrisin səmərəli təşkili və davamlılığı
Pandemiya şəraitində universitetin əsas vəzifəsi tədrisin keyfiyyətli şəkildə davamlılığının təmin edilməsi, məsafədən təhsil prosesində tələbələrin yüksək davamiyyətinə, fəallığına və mənimsəmə səviyyəsinə, biliyin qiymətləndirilməsi prosesinin optimal həllinə nail olunmasından ibarət olmuşdur. Bütün mümkün online kommunikasiya alətlərindən istifadə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, infrastruktur imkanların və kadr potensialının səfərbər olunması sayəsində MDU bu vəzifələrin öhdəsindən uğurla gələ bilmişdir.
“Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il tarixli Qərarına əsasən hesabat dövründə MDU-da tədris prosesi məsafədən təşkil olunmuşdur. Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə universitetdə bakalavriat və magistratura səviyyələri üzrə tədris davamlı surətdə “Microsoft Teams” platforması üzərindən həyata keçirilmişdir.
Mövcud qanunvericiliyin tələbləri və aparıcı ali təhsil müəssisələrinin müsbət təcrübəsi əsasında universitetdə yeni tədris ilinə hazırlıqla bağlı müvafiq əmrin verilməsi və buna əsasən tədris prosesinin təşkilinə dair qarşıya konkret vəzifələrin qoyulması, struktur bölmələr arasında funksional iş bölgüsünün dəqiq aparılması tədrisin təşkilində səmərəliliyin artırılmasına səbəb olmuşdur.
Ötən tədris ilinin yaz semestrində distant təhsil sahəsində qazanılmış təcrübənin təkmilləşdirilməsi məqsədilə, “Microsoft Teams” platformasının davamlı yenilənən alətləri və funksional imkanları barədə MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvləri, tələbələri və magistrantları üçün çoxsaylı təlimlər təşkil edilmişdir.
Hesabat dövründə universitetdə tədrisin məsafədən təşkili ilə bağlı atılan məqsədyönlü, ardıcıl və çevik addımların sayəsində təhsilverənlərin və təhsilalanların online dərslərdə yüksək iştirakçılıq səviyyəsi müşahidə edilmiş, müəllimlərin 95-100%-i, tələbələrin isə 85-90%-i məsafədən təhsilə cəlb olunmuşdur.
Semestr ərzində müvafiq fənlər üzrə mühazirə mətnləri, təqdimatlar, eləcə də dərslik və dərs vəsaitlərinin elektron formatda bütün tələbələrə çatdırılması təmin edilmiş, MDU-nun professor-müəllim heyəti tərəfindən hazırlanan videodərslərin bazası genişləndirilmişdir. Bu vaxta qədər ümumilkdə 1500-dən artıq videodərs çəkilərək tələbələrin ixtiyarına verilmişdir ki, bütün bunlar tələbə və magistrantların müvafiq fənlər üzrə zəruri bilik və bacarıqlar əldə etməsi ilə yanaşı, imtahanlardan uğurla keçməsi üçün ciddi əsaslar yaratmışdır.
MDU-da 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yarana biləcək neqativ halları operativ surətdə aradan qaldırmaq məqsədilə müvafiq əmr verilmişdir.
Qaydalara əsasən universitetdə imtahan sessiyasının 11 yanvar – 6 fevral 2021-ci il tarixlərində “Microsoft Teams” platforması üzərindən online formada şifahi qaydada keçirilməsi qərara alınmışdır. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavab əsasında şifahi imtahan yolu ilə həyata keçiriləcəkdir.
Sevindirici haldır ki, tələbə, magistrant, valideyn və ictimaiyyət nümayəndələrindən MDU-da məsafədən keçirilən dərslər, kollokviumlar və imtahan sessiyasına hazırlıq işlərindən məmnunluq ifadə edilən çoxsaylı müraciətlərin daxil olması cari imtahan sessiyasının uğurla başa vurulacağını qeyd etməyə böyük əminlik yaradır.
Elmi fəaliyyətdə forma və məzmun dəyişiklikləri
Payız semestri ərzində pandemiya şəraitində tədris prosesi ilə yanaşı, elmi istiqamətdə də universitet fəaliyyətinin davamlılığı, səmərəliliyi və nəticəyönümlülüyünün təmin edilməsi diqqət mərkəzində saxlanılmışdır.
Hesabat dövründə ənənəvi formada 10 kafedra tərəfindən reallaşdırılan elmi fəaliyyət çərçivəsində 2021-2025-ci illər üçün MDU-da dörd elm sahəsi üzrə (təbiət elmləri, texniki elmlər, ictimai elmlər, humanitar elmlər) ümumilikdə 16 problemə dair 43 mövzunu əhatə edən perspektiv beşillik elmi-tədqiqat işlərinin planı hazırlanmış və təsdiq edilmişdir.
Gənc əməkdaşların və magistraturanı bitirən məzunların elmi fəaliyyətlə məşğul olması üçün imkanlar artırılmış və stimullaşdırıcı tədbirlər həyata keçirilmişdir. MDU əməlkdaşlarının digər universitetlərin doktoranturalarında təhsil almasına xüsusi diqqət yetirilmişdir. Hazırda universitetin 30 əməkdaşı fəlsəfə doktoru proqramı, 5 əməkdaşı isə elmlər doktoru proqramı üzrə ölkəmizin müxtəlif ali təhsil müəssisələrində və AMEA-nın sahə institutlarında dissertant və doktorantdır. Fəlsəfə doktoru proqramı üzrə 15 nəfər əsasən müdafiəyə hazırdır və müvafiq müdafiə şuralarının fəaliyyətə başlamasını gözləyir.
Eyni zamanda, universitet tarixində ilk dəfə olaraq, payız semestrində MDU-nun bir əməkdaşı Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin müvafiq dəstəyi sayəsində “Türkiyə bursları” təqaüd proqramı çərçivəsində keçirilən müsabiqədə uğurla iştirak edərək Türkiyənin Qazi Universitetinin Təhsil Elmləri İnstitutunda “Təhsilin idarə edilməsi” ixtisası üzrə doktorantura ali təhsil səviyyəsinə qəbul olmuşdur.
Bundan əlavə, universitetin elmi dərəcəli kadrlara olan yüksək təlabatını nəzərə alaraq Elmi Şura tərəfindən MDU-da ali təhsilin doktorantura səviyyəsi üzrə kadr hazırlığının təşkili ilə bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi qarşısında müvafiq vəsatətin qaldırılması qərara alınmışdır.
Hesabat dövründə, ilk dəfə olaraq, MDU-nun elmi jurnalının təsis edilməsi, redaksiya heyətinin təsdiqi və qeydiyyatla bağlı müvafiq dövlət qurumu qarşısında vəsatət qaldırılması barədə müvafiq qərarın qəbul olunması növbəti illər ərzində universitet alimləri və gənc tədqiqatçılarının elmi fəallığının yüksəldilməsi, onların elmi tədqiqatlarının üzə çıxarılması imkanlarının genişləndirilməsi məqsədini daşıyır.
Pandemiya şəraitində universitetin professor-müəllim heyətinə həyata keçirdikləri tədqiqatların nəticələrini təqdim etmək, müvafiq mövzular ətrafında elmi diskussiyalar aparmaq və gələcək elmi fəaliyyətlərin konturlarını müəyyən etmək imkanları yaratmaq, tələbə və magistrantların elmi potensialını üzə çıxarmaq və onları elm-tədqiqat fəaliyyətinə daha aktiv cəlb etmək məqsədilə MDU-da virtual formatda cəmiyyət həyatının aktual problemlərinə həsr olunmuş elmi konfranslar, nəzəri-praktiki seminarlar, dəyirmi masalar təşkil edilmişdir. Bununla yanaşı, MDU-nun bir sıra akademik heyət üzvləri respublika və beynəlxalq səviyyədə keçirilmiş müxtəlif formatlı elmi tədbirlərdə fəal iştirak etmiş, onların nüfuzlu elmi nəşrlərdə məqalələri dərc olunmuşdur.
MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan elmi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir. Bu məqsədlə, 12 dekabr 2020-ci il tarixində MDU-da “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım gününə həsr olunmuş “Heydər Əliyev müasir Azərbaycan dövlətinin banisi, müstəqilliyimizin rəmzidir” mövzusunda “Microsoft Teams” platforması üzərindən online formatda elmi konfrans keçirilmişdir.
11-12 dekabr 2020-ci il tarixlərində MDU-da online formatda təşkil olunan “Regional inkişafın təmin olunmasında innovativ tendensiyalar: reallıqlar və müasir çağırışlar” mövzusunda respublika elmi konfransı ali təhsil və elm ictimaiyyətinin böyük marağına səbəb olmuşdur.
MDU-da Vətən Müharibəsində əldə olunan tarixi qələbənin iqtisadi perspektivləri və işğaldan azad edilmiş bölgələrimizin gələcək inkişafına həsr edilmiş elmi tədbirlərin təşkil edilməsinə xüsusi diqqətin yetirilməsi və bununla əlaqədar bütün zəruri imkanların yaradılması bu istiqamətdə elmi tədqiqatlara marağın artırılması və fəallığın daha da yüksəldilməsinə hədəflənmişdir. Bu baxımdan, MDU-da “Tarixi qələbənin davamlı iqtisadi inkişafa potensial təsirləri” mövzusunda keçirilmiş nəzəri-praktiki seminar Qarabağın inkişafı məqsədilə tədqiqat istiqamətlərinin, dövlət tərəfindən həyata keçiriləcək inkişaf proqramlarına, görüləcək abadlıq və quruculuq işlərinə mümkün dəstək tədbirlərində universitetin rolunun müəyyən edilməsi baxımdan mühüm əhəmiyyət kəsb etmişdir. Bundan başqa, universitetdə Tələbə Elmi Cəmiyyətinin (TEC) “Qarabağ Azərbaycandır!” mövzusunda keçirdiyi elmi konfrans da kollektiv tərəfindən böyük maraqla qarşılanmışdır.
Bununla yanaşı, MDU-da qabaqcıl yerli universitetlər və sənaye qurumları ilə birgə ölkə və region iqtisadiyyatının aktual problemlərinə həsr olunan müxtəlif formatlı elmi tədbirlərin keçirilməsinə xüsusi önəm verilmişdir.
İdarəetmədə yüksək çeviklik və fəal tələbə iştirakçılığı
Sosial həssaslığın yüksək olduğu mövcud şəraiti nəzərə alaraq, cari tədris ilinin payız semestri ərzində qabaqcıl dünya təcrübəsindən faydalanmaqla universitet idarəçiliyində daha çevik alətlərin tətbiqinə və şəffaf mexanizmlərin yaradılmasına mühüm diqqət yetirilmişdir. Qəbul edilmiş müvafiq qərarlar əsasında MDU-nun struktur bölmələri arasında koordinasiyanın gücləndirilməsi və onların fəaliyyətinin səmərəliliyinin artırılması istiqamətində zəruri addımlar atılmışdır.
2020/2021-ci tədris ilindən başlayaraq MDU-nun yeni təsdiq olunmuş Elmi Şurasının tərkibində və fakültə elmi şuralarında tələbələr bərabərhüquqlu üzv statusunda təmsil olunmuş, imtahan sessiyasının təşkili çərçivəsində yaradılmış İmtahan Qərargahı və Apellyasiya komissiyalarının tərkibinə fəal tələbələr daxil edilmişdir.
Universitet idarəçiliyində şəffaflığın artırılması və ictimai hesabatlılığın təmin edilməsi məqsədilə yaradılmış, Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu MDU-nun İctimai Nəzarət Şurası tədrisin və imtahan sessiyasının təşkili, tələbə və valideynlərin müraciətlərinə baxılması prosesində, universitetlə şəhər ictimaiyyəti arasında kommunikasiyanın qurulmasında fəal iştirak etmişdir. Mütəmadi olaraq toplanan Şuranın 29 dekabr 2020-ci il tarixində keçirilmiş sonuncu iclasında MDU-nun rektoru 2020/2021-ci tədris ilinin payız semestrinin yekunları haqqında geniş hesabat məruzəsi etmişdir.
Tələbə, magistrant, əməkdaş və valideynlərin arzu və təşəbbüslərini dinləmək, onları maraqlandıran sualları operativ cavablandırmaq məqsədilə universitetin rəhbər şəxsləri tərəfindən “Microsoft Teams” platforması üzərindən mütəmadi olaraq görüşlər keçirilir. Faktiki olaraq, hər bir şəxsin istədiyi vaxt universitetin rəhbər vəzifə tutan əməkdaşları ilə online formatda görüşünün təmin edilməsi mümkündür.
MDU-ya qəbul olunmuş birinci kurs tələbələrinin universitet həyatına çevik adaptasiyasını təmin etmək məqsədilə 22-27 oktyabr 2020-ci il tarixlərində Onlayn Oriyentasiya günləri keçirilmişdir. Görüşlərdə birinci kurs tələbələrinə fakültə, tədris şöbəsi, beynəlxalq əməkdaşlıq və tələbə təşkilatlarının nümayəndələri tərəfindən fərdi tədris planları, tədris olunacaq fənlər, semestrlər üzrə toplanılacaq kreditlərin miqdarı, sərbəst işlər, biliyin qiymətləndirilməsi mexanizmi, mübadilə imkanları, tələbə həyatı, tyutor xidməti və MDU haqqında ətraflı məlumat verilmişdir.
(Ardı var)
Şahin BAYRAMOV,
Mingəçevir Dövlət Universitetinin rektoru
Şərhlər bağlıdır.