Mingəçevir Dövlət Universiteti və Bakı Dövlət Universiteti arasında birgə fəaliyyət planının icrasına start verilib
2021-ci ilin 1 oktyabr tarixindən Mingəçevir Dövlət Universiteti (MDU) və Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq çərçivəsində cari tədris ili üzrə qəbul edilmiş birgə fəaliyyət planının icrasına başlanılıb.
Fəaliyyət planına əsasən, ilk növbədə, müxtəlif istiqamətlər üzrə BDU-nun təcrübəli professor və müəllim heyəti, tanınmış alimləri tərəfindən MDU-nun gənc əməkdaşları, tələbə və magistrantları üçün mühazirələrin oxunmasını nəzərdə tutan “Ustad dərsləri” adlı birgə layihənin açılış mərasimi keçirilib.
“Microsoft Teams” platforması üzrərindən onlayn formatda təşkil edilən layihənin açılışında giriş sözü ilə çıxış edən MDU-nun rektorunun müşaviri Hamiz Mahmudov, ilk öncə, iştirakçılara rektor Şahin Bayramovun salamlarını çatdırıb. Qeyd edilib ki, 2019-cu ilin 30 sentyabr tarixində Azərbaycan ali təhsilinin flaqmanı olan BDU və MDU arasında əməkdaşlıq protokolunun imzalanması ilə əsası qoyulan işbirliyi iki il ərzində uğurla davam etdirilib.
Bununla yanaşı, əməkdaşlıq çərçivəsində hər iki universitetin rektorları tərəfindən razılaşdırılan 2021/2022-ci tədris ili üçün çoxşaxəli birgə fəaliyyət planının əhəmiyyəti və məzmunu diqqətə çatdırılıb. Əsasən MDU-nun akademik potensialının gücləndirilməsinə töhfə verməyi hədəfləyən birgə tədbirlərin keçirilməsində əməyi olan hər iki universitetin rəhbərliyinə və əməkdaşlarına təşəkkür ifadə edilib.
Moderator, Elm və inovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev proqrama uyğun olaraq məruzəçi və mövzu haqqında ətraflı məlumat verdikdən sonra “Ustad dərsləri” layihəsi çərçivəsində ilk mühazirəyə start verilib.
Mühazirə BDU-nun Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin “Əməliyyatlar tədqiqi və ehtimal nəzəriyyəsi” kafedrasının dosenti, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Qurban Qasımov tərəfindən keçirilib. “Ehtimal nəzəriyyəsinin tətbiqi məsələləri” mövzusunda keçirilən mühazirədədə MDU-nun müvafiq ixtisaslar üzrə təhsil alan tələbə və magistrantları, gənc akademik heyət üzvləri iştirak ediblər.
Mühazirədə dosent Q.Qasımov “Maple 2020” riyazi paketi vasitəsilə multiprosessor sistemlərdə ehtimal nəzəriyyəsinə dair konkret məsələlərin həllini şərh edib, “birbaşa daxiletmə üsulu ilə nizamlama” alqoritmini araşdırıb, praktiki məsələlərdə mərkəzi limit, “bürünmə”, monoton funksiya ilə təyin olunan təsadüfi kəmiyyətin paylanma sıxlığı haqqında teoremlərdən bəhs edib və onların tətbiqiliyindən danışıb.
MDU-nun tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan mühazirənin mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar cavablandırılıb. BDU-nun təcrübəli pedaqoq-alimi Q.Qasımova və əməkdaşlığın inkişafına dəstəyi olan hər kəsə təşəkkürünü bildirən mühazirə iştirakçıları layihənin icrasından məmnunluqlarını ifadə ediblər.
Sonda çıxış edən MDU-nun Pedaqoji fakültəsinin dekanı Nizami Zeynalov, Elm və inovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev və BDU-nun Tətbiqi Riyaziyyat və Kibernetika fakültəsinin elmi işlər üzrə dekan müavini Aytəkin Əfəndiyeva dost universitetlər arasında bu təşəbbüsü yüksək qiymətləndirərək layihənin yüksəkixtisaslı kadr hazırlığının keyfiyyətinin yüksəlməsi işinə töhfə verəcəyinə əminliklərini bildirib və bu tipli fəaliyyətlərin davamlı olmasını arzulayıblar.
İki ay müddətində 10 müxtəlif mövzuda ustad dərslərin təşkil ediləcəyi layihə çərçivəsində növbəti mühazirə oktyabrın 5-də BDU-nun Fizika fakültəsinin “Optika və molekulyar fizika” kafedrasının professoru, fizika-riyaziyyat elmləri doktoru Niftalı Qocayev tərəfindən “Dispersiyanın elektron nəzəriyyəsi” mövzusunda keçiriləcək.
Qeyd edək ki, modernləşmə yolunda sürətlə irəliləyən MDU-da ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və akademik potensialın gücləndirilməsi məqsədilə ölkəmizin flaqman və ən qocaman ali təhsil müəssisəsi olan BDU ilə əməkdaşlığa xüsusi önəm verilir. Bu işbirliyi çərçivəsində son iki il ərzində tələbə mübadiləsi, beynəlxalq layihələrdə birgə iştirak həyata keçirilib, MDU-nun tələbə və müəllim kollektivi üzvlərinin BDU-da təşkil olunan müxtəlif formatlı tədbirlərə qoşulmaq imkanları təmin edilib.
Sözügedən əməkdaşlığın intensivliyinin və nəticəyönümlüyünün artırılması məqsədilə hər iki universitet tərəfindən cari tədris ilində reallaşdırılması nəzərdə tutulan çoxşaxəli birgə fəaliyyət planı qəbul edilib. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına töhfə verməyi hədəfləyən bu fəaliyyət planı ustad dərsləri, konfranslar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirləri özündə ehtiva edir.
Şərhlər bağlıdır.