Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti: martın 17-dən mayın 31-dək 710 “videodərs” keçirilib

Mayın 31-də Mingəçevir Dövlət Universitetində (MDU) 2019/2020-ci tədris ilinin yaz semestri üçün sonuncu dərsləri keçirilib.

Universitetin rektoru Şahin Bayramov karantin rejimi dövründə tədris prosesi barədə İctimaiyyətlə əlaqələr şöbəsinə müsahibəsində bildirib ki, qlobal pandemiya ilə hamılıqla mübarizə aparıldığı ötən müddətdə qarşıya qoyulan əsas vəzifə tədris prosesində davamlılığın təmin edilməsindən ibarət idi: “Fikrimizcə, MDU ailəsinin bütün üzvlərinin məqsədyönlü fəaliyyəti və Təhsil Nazirliyi tərəfindən göstərilən davamlı dəstək nəticəsində universitetimiz bu vəzifənin öhdəsindən gələ bildi. Bütün mümkün onlayn kommunikasiya alətlərindən istifadə, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, MDU-nun infrastruktur imkanlarının və kadr potensialının səfərbər olunması sayəsində universitetimizdə tədrisin məsafədən təşkili mümkün oldu”.

Martın 17-dən MDU-da dərslərin “ZOOM” platforması üzərindən onlaun formatda və “YouTube” kanalı üzərindən təqdim olunan “Videodərslər” vasitəsilə oflayn rejimdə təşkilinə start verildiyini bildirən rektor qeyd edib ki, aprelin 6-dan isə Təhsil Nazirliyinin birbaşa dəstəyi ilə universitetdə dərslərin “Microsoft Teams” platforması üzərindən də keçirilməsinə başlanılıb. Çox qısa bir zamanda həm akademik heyət, həm də tələbələr məsafədən təhsilin fəal iştirakçısına çevrilə biliblər.

Onun sözlərinə görə, cari ilin 17 mart – 31 may tarixləri çərçivəsində MDU-da “ZOOM” platforması üzərindən, ümumilikdə, 1504 onlayn dərs keçirilib. Bundan başqa, 6 aprel – 31 may tarixlərində “Microsoft Teams” platforması üzərindən, ümumilikdə, 2255 məsafədən dərs təşkil olunub. Beləliklə, qeyd olunan iki platforma üzərindən birlikdə 200-dən çox fənn üzrə 3759 virtual dərs keçirilib.

Əlavə olaraq, martın 17-dən mayın 31-dək MDU müəllimləri tərəfindən hazırlanan 710 “videodərs” tələbələrin istifadəsinə təqdim edilib. “YouTube” kanalından əldə olunan məlumata əsasən, həmin “videodərs”lər bu vaxta qədər, ümumilikdə, 82 min dəfədən çox izlənilib.

“İlkin təhlillər göstərir ki, hər üç metod üzrə götürdükdə MDU-da müəllimlərin 90 faizdən, tələbələrin isə 80 faizdən çoxu, 2019/2020-ci tədris ilinin yaz semestrində tədris olunan fənlərin isə 100 faizi məsafədən təhsilə cəlb olunub. Qiyabi şöbə üzrə cari semester üçün nəzərdə tutulan bütün fənlər də onlayn formatda təşkil edilib. Sevindirici haldır ki, akademik heyətimizin böyük fədakarlığı hesabına bakalavriat və magistratura səviyyələrində təqdim olunan məsafədən dərslər tələbələrimiz və onların valideynləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Bu barədə tələbələrimizdən, onların valideynlərindən və ictimaiyyət nümayəndələrindən məmnunluq ifadə edən çoxsaylı müraciətlər aldıq”, – deyə Şahin Bayramov bildirib.

Şərhlər bağlıdır.