Mingəçevir Bələdiyyəsi yeni layihəsinə 40 min manat ayırıb
Mingəçevir Bələdiyyəsi fevralın 23-dən yeni layihəsinə start verib. Məqsəd Novruz bayramınadək şəhərin Heydər Əliyev, İsmət Qayıbov və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən ərazidə nümunəvi məhəllə yaratmaqdır.
Bələdiyyə sədri Ramiz Əliyev “Mingəçevir işıqları” qəzetinin müxbiri ilə söhbətində deyib ki, burada indiyədək nə uşaqların, nə də böyüklərin əylənməsi və istirahəti üçün şərait olmayıb: “İndi mövcud ərazidə müasir standartlara cavab verən 4 söhbətgah və 20 skameyka, futbol və basketbol meydançaları, idman qurğuları, qaçış zolağı, uşaqlar üçün attraksionlar quraşdırılacaq. Avadanlıqların gətirilməsi və işlərin görülməsi üçün Mingəçevir, Göyçay və Sumqayıtda fəaliyyət göstərən sahibkarlarla müqavilə bağlamışıq”.
Söhbətgah və skameykaları mingəçevirli sahibkar Əli Kərimov hazırlayır. Onun dediyinə görə, indiyədək şəhərin müxtəlif yerlərində bu işlərri icra edib: “Əvvəllər ancaq şəhərin mərkəzi hissələri abadlaşdırılırdı. İndiki icra başçımız gələndən kənar məhəllələrin də abadlaşdırılmasına başlanıb. Ötən il Xətai küçəsində əhalinin istirahəti üçün nümunəvi şərait yaradıldı və bizim də bu məhəlləyə töhfəmiz oldu”.
Hazırda Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşları budanma ilə məşğuldur. Göyçayın ATF şirkəti ərazidə torpaq-bərkitmə və bardürlərin döşənməsi ilə bağlı işləri aparır. Uşaqlar və böyüklər üçün üçün idman qurğularını isə 2 şirkət gətirəcək.
Onu da öyrəndik ki, Mingəçevir Bələdiyyəsi ötən il dövlətdən aldığı 80 min manata yaxın dotasiya alıb. Həmin vəsaitin 32 mini Xətai keçəsində yerləşən məhəllənin abadlaşdırılmasına xərclənib. Yeni layihəsinin gerçəkləşməsinə isə bələdiyyə büdcəsindən 40 min manatadək vəsait ayrılacaq.
Şərhlər bağlıdır.