Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Bələdiyyəsi yarımilliyin yekunu barədə hesabat verib

302

“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq olaraq, Mingəçevir Bələdiyyəsi 2018-ci ilin birinci yarısında gördüyü işlər barədə hesabatını iyulun 20-də ictimaiyyətə açıqlayıb. Bələdiyyə üzvlərinin, şəhər İcra hakimiyyətinin, məhəllə komitələrinin, qeyri-hökumət təşkilatlarının, KİV nümayəndələrinin iştirak etdiyi yığıncaqda hesabat məruzəsi ilə bələdiyyənin sədri Coşqun Abdullayev çıxış edib (Məruzənin tam mətni dərc edilir).

Məruzə ətrafında müzakirələrdə şəhər İcra Hakimiyyətinin nümayəndəsi Rizvan Mikayıllı, Bələdiyyə üzvü Zahid Qasımlı, məhəllə komitələrinin fəalları Elman Əhmədov, Şıxəli Qasımov, İsfəndiyar Musayev, Tofiq Qarayev, Tahir Məmmədov, Azərbaycan Yazıçılar Birliyi şəhər filialının sədri İsmayıl İmanzadə, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Yeni Avaz” səhifəsinin əməkdaşı Esmira Hidayətova, “Azərbaycan işıqları” qəzetinin bölgə müxbiri Yusif Ələkbərov və başqaları danışaraq, bələdiyyənin 6 aylıq fəaliyyətini qiymətləndirib, rəy və təkliflərini bildiriblər.

Sonda yığıncaq iştirakçıları yekdil qərarla Mingəçevir Bələdiyyəsinin 2018-ci ilin birinci yarısındakı fəaliyyətini qənaətbəxş hesab ediblər.

***

Mingəçevir Bələdiyyəsinin 2018-ci ilin I yarımilliyindəki fəaliyyəti barədə hesabatı

 Bələdiyyələrin statusu haqqında» Azərbaycan Respublikasının Qanununun tələbinə müvafiq olaraq, Mingəçevir bələdiyyəsinin 2018-ci ilin birinci yarısında gördüyü işlər barədə hesabatı ictimaiyyətə təqdim edilir.

2018-ci ilin I yarımilliyində bələdiyyənin 7 iclası olub. İclasların gündəliyinə 47 məsələ daxil edilib və müvafiq qərarlar qəbul olunub. Gündəliyə daxil edilmiş məsələlərdən 15-i icarəyə və mülkiyyətə torpaq sahələrinin verilməsi ilə, 9-u şəhərdə aparılan tikinti-abadlıq işlərinə, məhəllələrdə görülən işlərə və bir sıra tədbirlərin keçirilməsinə maliyyə vəsaitlərinin ayrılması ilə, 6-si maddi yardımlarla, 17-si təşkilati və digər məsələlərlə bağlı olub. Bundan başqa, iclaslarda sakinləri narahat edən bir sıra cari məsələlər müzakirə edilib, komissiyaların rəy və təklifləri, arayışları dinlənilib.

2018-ci ilin I yarımilliyində bələdiyyəyə vətəndaşlardan 502 ədəd ərizə və məktub daxil olub. 113 nəfər maddi yardımla, 93 nəfər sahibkarlıq fəaliyyəti üçün torpaq sahəsi ayrılması ilə, 64 nəfər fərdi mənzil tikinitisi üçün torpaq sahəsi almaqla, 16 nəfər tikinti və təmir işləri ilə bağlı müraciət edib. 216 müraciət arayış və məlumatlarla əlaqədar olub. Müraciət edən şəxslərdən 23-ü şəhid ailəsi, 15-i Qarabağ maharibəsi əlili, 13-ü köçkün, 4-ü əlil, 7-si ehtiyatda olan zabit, 7-si müharibə veteranlarıdir.

Maddi yardımla bağlı müraciətlərin əksəriyyəti müsbət həll olunub. Belə ki, 14 nəfərə pul və material yardımı, digərlərinə isə ərzaq yardımı verilib. Sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərdən 68 nəfərə mövsümi ictimai-iaşə xidməti ilə məşğul olmağa icazə verilib, müsabiqə yolu ilə 2 nəfərin icarəsinə, 2 nəfərin isə mülkiyyətinə torpaq sahəsi ayrılıb.

24 nəfərə fərdi mənzil tikintisi üçün torpaq sahəsi ayrılıb. Digər müraciətlərə qanunvericiliyin tələblərinə uyğun əsaslandırılmış cavablar göndərilib. Sorğu, məlumat, arayış xarakterli müraciətlər araşdırılaraq, vətəndaşlara yazılı cavablar verilib.

2018-ci ilin I yarımilliyində bələdiyyəyə rəsmi orqanlardan 382 ədəd sənəd və məktub daxil olub ki, bunlardan 27-si şəhər İcra Hakimiyyətindən,  21-i Mərkəzi İcra Hakimiyyətlərindən, 1-i Milli Məclisdən, 355-i isə idarə və təşkilatlardan göndərilib. Sənəd və məktublara müvafiq qanunvericiliyin tələblərinə uyğun baxılaraq, cavablar yazılıb. Tövsiyyə, təlimati xarakterli və qanun və qərarlardan çıxarışlar olan sənədlər fəaliyyət üçün komissiya və şöbələrə verilib.

Əlavə olaraq qeyd edək ki, bələdiyyəyə 6 ay ərzində ağacların budanması və kəsilməsi ilə bağlı vətəndaşlardan 76, idarə və təşkilatlardan 106 müraciət daxil olub. Müracətlərin icrası ilə bağlı bələdiyyə müvafiq qərar verərək, 8 saylı Ərazi, Ekologiya və Təbii Sərvətlər Şöbəsinə göndərmişdir.

Hesabat dövründə bələdiyyə sədri tərəfindən 764 nəfər fərdi şəkildə qəbul edilib. Qəbulda səsləndirilən müraciətlərin əksəriyyəti komissiyalar tərəfindən araşdırılaraq, həllini tapıb.

Həmçinin bələdiyyədə 802 nəfər hərbçinin məzuniyyətə gəlmə-getmə qeydiyyatı aparılıb.

2018-ci ilin I yarımilliyində bələdiyyə büdcəsinin gəlirləri 283333,71 manat olub. Gəlirlər aşağıdakı mənbələrdən formalaşıb:

-fiziki şəxslərdən torpaq vergisi 6939,24 manat;

-fiziki şəxslərdən əmlak vergisi 2143,57 manat;

-yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi 10650 manat;

-bələdiyyə mülkiyyətində olan torpaqlarda, binalarda və digər obyektlərdə küçə (divar) reklamının yerləşdirilməsi üçün ödəniş 260 manat;

-bələdiyyə tərəfindən xüsusi ayrılmış torpaq sahələrində mövsümi ictimai-iaşə və digər xidmətlərə görə ödəniş 3111,20 manat;

-bələdiyyə ərazisində mehmanxana və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş 1469,55 manat;

-bələdiyyə ərazisində nəqliyyat vasitələrinin dayanacaqları üçün ödəniş 1514 manat;

-icarəyə verilmiş torpaq sahələrindən ödənilən icarə haqqı 59810,15 manat;

– bələdiyyə əmlakının satışından daxil olan gəlirlər 17940 manat;

-bələdiyyənin digər fəaliyyətindən daxil olan gəlir 9496 manat olub.

Bunlardan əlavə, dövlət büdcəsindən Mingəçevir bələdiyyəsinə bu il 170000 manat dotasiya ayrılıb.

Hesabat dövründə bələdiyyənin xərcləri ümumilikdə 197053,76 manat olub. Xərclərin istiqaməti aşağıdakı kimidir:

-əmək haqqı və onunla bağlı sair ödəmələrə 65288,17 manat;

-Dövlət Sosial Müdafiə Fonduna ödənişə 18010 manat;

– işsizlik sığortasına 725 manat;

-abadlaşdırma xidmətləri haqqına 1344,21 manat;

-sosial-mədəni və məişət təyinatlı obyektlərin təmirinə 39883,15 manat;

-yolların cari təmirinə 40000 manat;

-vətəndaşlara maddi yardımların verilməsinə 4493,81 manat;

-nəqliyyat xidmətlərinə 873 manat;

-mətbuata abunə xərclərinə 2533,40 manat;

-dəftərxana ləvazimatları və cari təsərrüfat məqsədləri üçün mal və materialların alınmasına 1393,90 manat;

-kommunal və digər (elektrik enerjisi, su-kanalizasiya, qaz, rabitə) xidmətlərə 2000,86 manat;

-bələdiyyənin inzibati binasının cari təmir xərclərinə 276,01 manat;

-ezamiyyə xərclərinə 265 manat;

-bankın xidmət haqqına 1041,72 manat;

-sair cari xərclərə (bələdiyyələrin Milli Assosiasiyasına üzvlük haqqı, arxiv idarəsinə ödəniş, həmkarlar ittifaqına üzvlük haqları, audit yoxlanması xərcləri, torpağın mülkiyyət sənədlərinin alınması, işçilərin gəlir vergisi, silahlı qüvvələrə yardım fonduna ödəmə və s.) 18925,53 manat vəsait xərclənib.

Qeyd edək ki, əməyin ödəniş fondu ümumi xərclərin 45%-ni təşkil edir.

Hesabat dövründə işçilərin sayı 44 nəfər olub, bunlardan 11-i qadın, 3-ü gəncdir.

2018-ci ilin I yarımilliyində bələdiyyə ərazisindəki park, bağ, küçə və məhəllələrin abadlaşdırılmasına müəyyən məbləğdə vəsait sərf olunub. H.Əliyev prospektinin sonunda su arxının boruya alınmasına 600 manat,  «Kür» kompüter zavodunun yaxınlığındakı hasarın rənglənməsinə 410,60 manat, S.Vurğun meydanındakı arkanın rənglənməsinə 159,60 manat, N.Rəfibəyli küçəsi 11 saylı binanın qarşısında şəhid bulağının inşaasına materialların alınmasına 174,01 manat, inzibati binada təmir işlərinin aparılmasına 276,01 manat, məişət tullantılarının daşınmasına 500 manat, ümumilikdə 2120,22 manat vəsait xərclənib.

Hesabat dövründə də məhəllə komitələri ilə sıx əlaqələrimiz olub. Məhəllə komitələrinin yığıncaqlarında, tədbirlərində bələdiyyə üzvləri fəal iştirak edib. Məhəllə komitələrinin müraciətləri əsasında, dövlət büdcəsindən ayrılan dotasiya hesabına, bir neçə məhəllədəki xeyir-şər mağaqlarının təmirinə tikinti materialları alınmış, 50-yə yaxın məhəlləyə qoyulması üçün oturacaqlar hazırlanmışdır. Xeyir-şər mağarlarının təmiri üçün tikinti materiallarının alınmasına, «M.F.Axundov» məhəllə komitəsinə (M.F.Axundov küçəsi ev 9) 3335,50 manat, «Üzeyir Hacıbəyov» məhəllə komitəsinə (Ü.Hacıbəyov küçəsi ev 72) 2804,50 manat,  «Aran» məhəllə komitəsinə (20 Yanvar küçəsi ev 22)  399 manat, «Qafqaz» məhəllə komitəsinə (M.F.Axundov küçəsi ev 2) 2587,74 manat, «Nizami» məhəllə komitəsinə (Nizami küçəsi ev 12) 2785,98 manat, «N.Gəncəvi» məhəllə komitəsinə (Y.Mansurov küçəsi ev 7) 4120,44 manat vəsait ayrılıb. Məhəllə daxili massivlərə qoyulması üçün 150 ədəd oturacağın hazırlanmasına 17850 manat vəsait xərcələnib. Bundan başqa, vətəndaşların müraciətləri əsasında, Az.İES qəsəbəsində quraşdırılması üçün 2 ədəd avtobus dayanacağı hazırlanıb, bu məqsədlə bələdiyyə büdcəsindən 5999,99 manat vəsait sərf olunub.

«Günəşli» yaşayış massivinin 10-cu, 11-ci və 12-ci bağ küçələrinin ara yollarının qum-çınqıl qarışığı ilə düzəldilməsinə 40000 manat vəsait xərclənib.

Bu ilin 6 ayında da bələdiyyə imkansız və kimsəsiz ailələri, imtiyazlı şəxsləri unutmayıb. Vətəndaşların, məhəllə komitələrinin müraciətləri əsasında yardıma ehtiyacı olanların siyahısı tutularaq, onlara müxtəlif şəkildə (pul, tikinti materialı, ərzaq bağlaması, yas-dəfn mərasimlərinə maddi və mənəvi kömək vermək şəklində) yardımlar göstərilib.  Novruz bayramı münasibəti ilə 500 imkansız ailəyə ərzaq bağlamaları paylanıb. Bu məqsəd üçün bələdiyyə büdcəsindən 3500 manat vəsait xərclənib. 12 nəfər imkansız ailəyə ümumilikdə 460 manat pul yardımı göstərilmişdir.

F.Əzimov küçəsi ev 1, mənzil 22-də yaşayan şəhid anası Calalova Sürəyya Abbasəli qızına mənzilində sanitar qovşağının təmiri üçün tikinti materiallarının alınmasına 62 manat, 3-cü Naxçıvan döngəsi, 27A ünvanında yaşayan şəhid qardaşı Şirinov Vasif Əsədullah oğluna evinin dam örtüyünün təmirinə köməklik üçün 68 kq qalvanik örtüklü yastı prokat-Profnastil alınmasına 159,30 manat material yardımı edilmişdir.

Hesabat dövründə Mingəçevir bələdiyyəsi Qeyri-Hökümət təşkilatları və Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığı davam etdirib. Belə ki, Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir filialına şəhərdə yaşayan yazarların əsərlərindən ibarət almanaxın nəşrinə kömək üçün 112,50 manat, Müharibə, əmək və Silahlı Qüvvələr və hüquq-mühafizə orqanları Veteranlar Şurasının Mingəçevir təşkilatının müraciəti əsasında müharibə iştirakçılarına 9 May – Faşizm üzərində Qələbə münasibəti ilə ərzaq bağlamaları yardımı üçün 150,01 manat, Əfqanıstan Veteranları İttifaqı şəhər şöbəsinə tədbir keçirilməsi üçün 50 manat ayrılmışdır.

2018-ci ilin I yarımilliyində bələdiyyə 14 adda yerli və respublika mətbuatına abunə yazılıb. KİV-lərə abunə yazılışına bələdiyyə büdcəsindən 2533,40 manat vəsait sərf olunub.

Hesabat dövründə Bələdiyyə nəzdində «Dəfn mərasimi xidmətləri», «Peşəyönümlü Maraq Kursları»  və «Məişət xidməti» sahələri əhaliyə xidmət  göstərib.

«Dəfn mərasimi xidmətlər»  sahəsi tərəfindən 228 dəfn təşkil edilib. 42 imkansız ailə yaxınlarının dəfn xidmətindən azad olunub, 4 nəfər kimsəsizin dəfn mərasimi bələdiyyə hesabına həyata keçirilib.

«Peşəyönümlü Maraq Kursları»nda kompüter operatoru ixtisası üzrə 10 nəfər tam kursları bitirərək, diplom alıb.

Xidmət sahələrinin saxlanılmasına bələdiyyə büdcəsindən 7033,62 manat vəsait xərclənib. Belə ki, «Dəfn mərasimi xidmətləri» sahəsinin saxlanılmasına 6114,44 manat, “Peşəyönümlü Maraq Kursları”nın saxlanılmasına 450 manat, “Məişət xidməti” sahəsinin saxlanılmasına 469,18 manat ayrılıb. «Dəfn mərasimi xidmətləri» sahəsi 2165,56 manat, “Məişət xidməti”sahəsi 296,82 manat mənfəətlə işləyib.

2018-ci ilin I yarımilliyində bələdiyyə tərəfindən sahibkarlıq fəaliyyəti üçün 96 kv.m torpaq sahəsinin icarəyə, 2150 kv.m torpaq sahəsinin mülkiyyətə verilməsi ilə bağlı müsabiqənin keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. Fərdi mənzil tikintisi üçün müraicət edən vətəndaşlardan 24 nəfərin müraciətinə müsbət cavab verilib. Bu məqsədlə bələdiyyə tərəfindən 6 ay ərzində 9359 kv.metr və ya 0.9359 ha torpaq sahəsinin alqı-satqısı həyata keçirilib. Fərdi mənzil tikintisi üçün 5 nəfər şəhid ailəsinə cəmi 2185 kv.m, 3 nəfər Qarabağ Müharibəsi Əlilinə cəmi 1200 kv.m, 2 nəfər ehtiyyatda olan hərbiçiyə cəmi 1000 kv.m, 1 nəfər hərbi xidmət dövrü ilə əlaqədar 3-cü qrup əlilə 400 kv.m, ümumilikdə 4785 kv.m torpaq sahəsi ayrılmışdır. Qeyd edək ki, onlara torpaq sahələri ödənişsiz verilib.

Şərhlər bağlıdır.