Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə şəhidlərin xatirəsi silsilə tədbirlərlə yad olundu

600 ağac əkildi, şəhid məzarları ziyarət olundu, ehsan süfrəsi açıldı

515

Sentyabr 27-də Mingəçevirdə Anım Günü ağacəkmə kampaniyası ilə başlayıb. Mingəçevir şəhər  İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən aksiyaya idarə və müəssisələrin kollektivləri  həvəslə qoşulublar.  Gün ərzində şəhərin  müxtəlif  ərazilərində  600-dək ağac əkilib.

Heydər Əliyev prospektində,  “Kür” komputer zavodunun arxasındakı ərazidə Zəfər günü şərəfinə salınan yeni parkda isə 100 ağacdan birini Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov əkib. O, deyib ki, şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq, salınan bu istirahət guşəsi Zəfərimizin şərəfinədir: “Hələ burda çox işlərimiz var. Yaşıllıq zolağı, gül-çiçək və ağaclar, fəvvarə və bulaqlar  parka gözəllik verəcək. Ərazidə suvarma xətləri çəkilib, yollar abadlaşdırılıb. Zəfər bayramına kimi burda nümunəvi istirahət guşəsi yaradılacaq”.

***

Səhər saatlarından mingəçevirlilərin Şəhidlər Xiyabanına axını başlayıb. Şəhidlərin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ölkəmizin bütövlüyü uğrunda rəşadətli ordumuzun qəhrəmanlığından, qələbə xəbərlərindən, Zəfər günündən sonra Qarabağda aparılan tikinti-abadlıq işlərindən danışıb. O, deyib ki, dövlətimiz qazi və şəhid ailələrinə daim diqqət ayırır, onların sosial problemlərini həll edir.

Anım mərasimində Şəhid Ailələrinin Müdafiə Cəmiyyətinin sədri İranə Həsənova, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi Mingəçevir filialının sədri Əliağa Bəndəliyev, Əmək və Müharibə Veteranları Şurası şəhər təşkilatının sədr müavini Rizvan Mikayıllı, şəhid Təbriz Cümüzadənin atası İldırım Cümüzadə, Vətən müharibəsi qazisi Rüstəm Ömərov çıxış edib.

Tədbir Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri və Mingəçevir Dövlət Dram Teatrı aktyorlarının birgə təqdimatında səhnələşdirilmiş kompozisiya ilə yekunlaşıb.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının və  ictimaiyyətin nümayəndələri Xiyabanda uyuyan övladlarımızın məzarlarını ziyarət edib və onların əzizlərinə başsağlığı veriblər.

27 sentyabr-Anım Günü şəhidlərin xatirəsinə ehsan süfrəsi ilə başa çatıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.