Mingəçevirdə çimərlik yerlərinə pul ödəmədən girmək mümkünmü?
Şəhər İcra Hakimiyyətinin xəttilə təşkil olunan yoxlama briqadası nələri üzə çıxartdı?
Adətən çimərlik ərazilərində isti günəşin şüalarından qorunmaq üçün sonradan quraşdırılmış kölgəliklərdən istifadə olunur. Amma gəzdiyimiz 10 çimərlikdən 2-də yaşıllıq zolaqlarının salındığının şahidi olduq. Bəhruz adlı sahibkar bildirdi ki, o, burada ilboyu qalır: “Bunları min bir əziyyət bahasına yetişdirmişəm. İnandırım sizi, bircə gün nəzarət etməsəm, kəsib apararlar…”. Şəhid ailəsi Eldar İsmayılovun icarəsində olan çimərliyin ərazisi də yaşıllığı ilə göz oxşayır. Nəfəsin təngiyəndə burada samovar çayı içməklə ürəyin rahatlıq tapa bilər. Amma bu dəfə çimərliyə gəlməkdə məqsədimiz dadlı çay içmək və dincəlmək deyil, həmin məkanların insanların tələbatını nə dərəcədə ödəməsini öyrənmək idi.
Son günlər sosial şəbəkələrdə məlumat yayılır ki, çimərlik yerlərinə giriş pulludur və bu da dincəlmək istəyən vətəndaşlarda narazılıq yaradır. Vəziyyəti araşdırmaq üçün Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İH və polis işçiləri və ictimaiyyət nümayəndələrindən ibarət komissiya yaradıb. Aparatın Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin İstehsal və xidmət sahələri sektorunun müdiri İlqar Pirməmmədovun başçılıq etdiyi komissiya iyulun 4-də və 5-də şəhər çimərliyinin əhatə etdiyi yerlərdə olub, kənardan müşahidələr aparıb, həm sahibkarlarla, həm də mövcud ərazilərdə istirahət edən şəxslərlə görüşüb.
Aydın olub ki, əksər çimərliklərə giriş zamanı pul tələb edilməsə də, xidmətlərdən istifadə ödənişlidir. Məsələn, 4-5 və daha çox adamın əyləşə biləcəyi kölgəlik üçün 10 manat tələb olunur. Bəzi çimərlkilərdə uzanmaq üçün təklif olunan çarpayıların qiyməti də bu məbləğə aiddir, amma hər çarpayı üçün əlavə 2-3 manat tələb edənlər də var.
Çimərliklərin təxminən yarısının girişində mühafizə xidməti təşkil olunub. İlk baxışda belə təsəvvür yaranır ki, qapıda ödəniş etməyənlər içəri buraxılmırlar. “Neytron” çimərliyinin nümayəndəsi dedi ki, bu qayda yalnız nəqliyyat vasitəsi ilə içəri daxil olanlara aiddir: “Onlar parklanma və digər xidmətlərimizdən istifadə edirlər. Amma kimsə piyada gəlib içəri keçirsə, ödəniş etmir. Hətta kölgəliklərdən istifadə etsələr də belələrindən pul almırıq”.
Digər çimərliklərdə isə bildirdilər ki, hər kəsin (istər maşınla, istər piyada) pul ödəmədən içəri keçmək, qum üzərində uzanmaq və suda çimmək haqqı var. Amma kölgəlik və çarpayılardan istifadə 3-10 manat arasında dəyişir. Əksər çimərliklərdə samovar çayı, bəzilərində müxtəlif qəlyanaltılar da təklif olunur. Təbii ki, əlavə ödəniş müqabilində.
Dünyanın hər yerində yaşayış binaları və obyektlər su hövzələrindən xeyli kənarda inşa olunur. Bu, həm təhlükəsizlik (suyun qalxıb, enməsi), həm də insanların sahil boyunca rahat hərəkət etməsi baxımından vacibdir. Təəssüf ki, Mingəçevir çimərliklərində bu norma da pozulub və son günlərin yağışlarından sonra bəzi sahibkarların avadanlıqları suyun içərisində qalıb.
Sahibkarlar mühafizə xidmətini qurmalarının səbəbini həm də onunla əsaslandırdılar ki, giriş açıq olduğu təqdirdə əraziyə nəzarət etmək mümkün olmur. Sərxoş vəziyyətdə, yaxud geçə vaxtı çimərliyə daxil olmaq istəyənlərin qarşısını başqa yolla kəsmək mümkün deyil.
Ən ciddi problem birinci buxta (“Qızıl çimərlik” də deyilir) istisna olmaqla, qalanlarında xilasetmə xidmətinin olmamasıdır. Fövqəladə Hallar Nazirliyi yalnız girişdəki çimərliyin təhlükəsizliyinə zəmanət verir və eyni zamanda sahibkarlara təklif edib ki, ən azı hər biri bir işçisini nazirliyin təşkil etdiyi kursa göndərsin. Mövsümün gec başlaması, eyni zamanda əlavə işçinin əmək haqqı və sığorta xərclərini ödəmək istəməməsi üzündən sahibkarlar yerində saymağa qərar veriblər. Demək olar ki, çimərliklərin heç birində sahibkarlarla işçilər arasında əmək müqaviləsi bağlanmayıb. Bütün ödənişlər nəğd qaydada aparılır. Üstəlik icarə müqavilələri üzə çıxarılmadığından ərazinin kimə və hansı müddətə verildiyi (bəlkə də müddət bitib) də məlum deyil.
Əvvəlki illərdən fərqli olaraq, bu dəfə yay gec başlayıb və bu da çimərlik mövsümündə sahibkarların qazancına mənfi təsir edİb. Eyni zamanda iyunun 30-da güclü yağış və küləyin müşayiətilə baş verən təbiət hadisəsi çimərlkilərə də ciddi ziyan vurub. Mühafizə balonları, reklam lövhələri və kölgəliklərin xeyli hissəsi sıradan çıxıb. Obyektlərini sığorta etdirməyən sahibkarlar isə fəsadları indi öz vəsaitləri hesabına aradan qaldırmağa məcburdurlar.
Şərhlər bağlıdır.