Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kolleci 501 məzununa yaşıl işıq yandırdı

Kamal Əhmədov: “Ümid edirik ki, siz Azərbaycanın hər yerində, xüsusilə də Qarabağ bölgəsində uğurlu bir mütəxəssis kimi çalışacaqsınız”

454

Mayın 31-də Mingəçevir Dövlət Dram Teatrında Mingəçevir Turizm Kollecinin məzun gecəsi keçirilib. Tədbirdə tələbə və məzunlarla birgə ictimaiyyət, media nümayəndələri və qonaqlar iştirak edib.

Azərbaycanın  Dövlət Himnindən sonra Vətən uğrunda canından keçən şəhidlərimizin ruhu anılıb.

Aparıcılar məzunları zala dəvət ediblər. Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov rəhbərlik etdiyi təhsil ocağının yarandığı gündən (2006-cı il) indiyədək keçməkeşli yolundan danışıb. O, deyib ki, bu illər ərzində kollecin 14 ixtisas üzrə 9000-dən çox məzunu olub. 2022-ci ildə isə məzunların sayı 501-dir.  O, kadr hazırlığının önəmli məsələ olduğuna diqqət çəkib: “Mingəçevir Turizm Kolleci turizm sahəsində çalışacaq kadr hazırlığı ilə məşğuldur. İxtisaslarımızın sayını səkkizə salmışıq, onlardan altısı sırf turizm sahəsi üzrədir. Missiyamız rəqabət qabiliyyətli təhsil müəssisəsi olmaqla ölkə səviyyəsində bir nömrəli turizm müəssisəsinə çevrilməkdir. Biz orta və kiçik səviyyəli mütəxəssis hazırlayıb, cəmiyyətə bəxş edirik”.

Kamal Əhmədov həmçinin kollecdə struktur və infrastruktur, tədrisdə olan dəyişiklər haqda da məlumat verib: “Əsas olan kollecimizdə tədrisin şəffaflığının təmin olunması idi. Buna da 2018-ci ildən Dövlət Turizm Ağentliyinin nəzarətilə nail olmuşuq. Daha şəffaf , keyfiyyətli və daha gözəl təhsil müəssisəsi olmaq üçün isə əzmlə çalışırıq”.

Direktor Vətən müharibəsi zamanı kolleçin tələbələrindən şəhid olmuş doqquz nəfərin adını auditoriyalara verdiklərini deyib:  “Fuad, Musa, Tural, Əkbər, Şahin, Rüfət, Mirzə, Əli, Rəşad tələbələrimizə həmişə nümunə olacaqlar. Onlar canlarından keçdilər ki, bu gün siz məzun olasınız”.

Kamal Əhmədov azad olunmuş torpaqlarımızda turizmin inkişaf etdirildiyini nəzərə çatdırıb: “Bu gün artıq biz turizmin inkişafı üçün üzümüzü Qarabağa çeviririk.Ümid edirik ki, siz Azərbaycanın hər yerində, xüsusilə də Qarabağ bölgəsində uğurlu bir mütəxəssis kimi çalışacaqsınız”.

Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, MTK-nin şöbə müdiri Samirə Abbasova  və şəhid anaları məzunlara uğurlar diləyiblər. Kollecin müəllimi Kifayət Əliyeva 20 il bu tədris ocağında işlədiyini deyib və B.Vahabzadənin “Vətən marşı” şeirini söyləyib.

Tədrisdə fərqlənən və kollecin inkişafında əməyi olan müəllim və tələbələrə MTK-nın fəxri fərmanları təqdim olunub.

Qrupların məzunlarının şeir, mahnı və rəqsləri tədbirə toplaşanlarda yüksək əhval-ruhiyyə yaradıb. Saz və qarmonda ifalar isə xüsusi alqışlarla qarşılanıb.

P.S. Biz də bu təntənəni sevə-sevə izlədik. Məzunların coşqusu, həyəcan və sevincləri bizi də  məzun olduğumuz illərə apardı. İndi 501 məzun da qayğıdan, problemdən, maliyyə çətinliyindən xəbərsiz günlərini arxada buraxıb, uzun-uzadı sürəcək həyat yoluna qədəm qoyurlar. Bundan sonra onlar müstəqil addım atmalı, müəllim və valideynlərinin etimadını doğrultmalıdırlar. Aralarında təhsilini davam etdirməyi düşünən, karyerası üçün çabalar göstərən və iş axtarışına çıxanlar da az deyil. Yolları açıq olsun.

 

Şərhlər bağlıdır.