Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mingəçevir Odisseyası”

75 yaşlı Nur şəhərimə ərməğan

Az qaldı. Cəmisi bir neçə saatdan sonra əziz şəhərimiz, doğma Mingəçevirimiz 75 yaşına qovuşa-caq. Xeyirli, uğurlu olsun.
Təbii, bu əlamətdar tarixi günlə bağlı çeşidli tədbirlər keçirilir, qədirbilən mingəçevirlilər doğma və müqəddəs yurd yerlərinin sevincinə şərik olurlar. Möhtəşəm ZƏFƏR BAYRAMI, BAYRAQ GÜNÜ və 75 yaşlı nur timsallı Mingəçevirin ad günü. Bu qürurverici, möhtəşəm, vətəndaş məm-nunluğu və məsuliyyəti yaradan bayramlar çələngi adamı o qədər xoşbəxt edir ki, hisslərini ifadə etməyə söz tapmaqda da aciz olursan.
Mingəçevir Odisseyasının üz qabığı

Mətləbdən uzaq düşməyim, qarşımda bir neçə gün əvvəl işıq üzü görən, Mingəçevirin 75 yaşına mübarəkdarlıq edən bir nəşr var. “MİNGƏÇEVİR ODİSSEYASI” kitabı. 410 səifədən ibarət olan və “Elm və Təhsil” nəşriy-yatında nəfis şəkildə çap olunan kitab Mayıl İsmayılovun ideyası, tərtibatı, təşkilatçılığı və maliyyə dəstəyi ilə həyata vəsiqə alıb.

Əməkdar müəllim, filologiya üzrə fəlsəfə doktoru, Mingəçevir Dövlət Universitetinin dosenti, tarixi torpaqlarımız – Qərbi Azərbaycanın dəyərli ziyallı oğlu Mayil İsmayılov ömrünün ağsaqqallıq zirvəsində, müdriklik çağında da bir ömür boyu çiyinlərində daşıdığı pedaqoq və alim taleyinə yenə sadiq qalıb. Mingəçevir təhsilinin inkişafına əvəssiz töhvə verən, ötən əsrin qarmaqarışıq 90-cı illərinin dözülməz çətinlikləri fonunda lisey kimi təhsil ocağı yaradaraq, uzun illər ona ləyaqətlə rəhbərlik edən Mayıl müəllim “MİNGƏÇEVİR ODİSSEYASI” ideyasını reallığa çevirməklə öz məhsuldar bağban ömründə daha bir səhifə açıb.
Haqqında söz açdığım nəşr hansı məziyyətləri ilə əlamətdardır?
Birinci, yaşından, təhsilindən, sosial mənsubiyyətindən aslı olmayaraq bu kitab Mingəçevirlə maraqlanan hər bir vətəndaş üçün qiymətli mənbə rolunu oynaya bilər, çünki yazılarda energetiklər şəhərinin keçmiş və müasir tarixi ilə bağlı maraqlı faktlar yer alıb.
İkinci, bu toplumda taleyini Mingəçevirlə bağlayan, bölgənin inkişafında xidmətləri olan əksər insanların fəaliyyətinə işıq salınır, onların əməyi qiymətləndirilir.
Üçüncü və kitabın əsas xarakterik xüsusiyyətlərindən biri odur ki, nəşrin səhifələrində çoxsaylı yaradıcı insanların, elm, təhsil, mədəniyyət, səhiyyə sahəsində çalışmış adamların fikirləri, düşüncələri doğma Mingəçevirlə bağlı hiss və duyğuları yer alır və əlbətdə ki, bütün bunlar oxucularda xoş ovqat yaradır. Məsələn, energetiklər şəhərinin tarixi, onun şəhər statusuna almasına gətirib çıxardan səbəblər, Su Elektrik Stansiyasının, Azərbaycan İstilik Elektrik Stansiyasının tikintisi ilə bağlı yazılar, Mingəçevir Su Anbarının altında tarixə qovuşan Samux rayonu barədə məlumatlar, müstəqillik illərində şəhərimizin sosial-iqtisadi inkişaf göstəriciləri, ayrı-ayrı zamanlarda Mingəçevirə rəhbərlik etmiş insanların xarakterik cizgiləri və digər bilgilər əminəm ki, həvəslə oxunacaq.
Yazıların çeşidlənərək “Mingəçevir yazarların gözü ilə”, “Teatr həyatından səhifələr”, “Yaddaşlarda yaşayanlar”, “Bayram Mustafanın arxivindən”, “Kitabın hazırlanmasında töhfəsi olan müəlliflər haqqında məlumatlar” başlığı altında təqdim olunması da diqqət çəkəndir. Kitabın üz qabığı isə original olmaqla bir çox məlumatları özündə əks etdirir. Əlbəttə, bu qeydləri genişləndirmək də olar. Ancaq oxucuları yormadan həmşəhərlilərimi yubiley münasibəti ilə təbrik edir, onlara xoşbəxtlik, firavan həyat arzuluyuram. İnanıram ki, biz qalib ölkənin vətəndaşı kimi hələ çox qələbələrə imza atacayıq.
Samir Zəngəzurlu,
yazıçı – publisist

Şərhlər bağlıdır.