Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir, Goranboy, Yevlaxda yaradılacaq 6 icmada 30 məcburi köçkün ailəsinin gəliri 20%-25% artacaq

“Ümid” SİD BMT QAK-ın dəstəyi ilə məcburi köçkünlər üçün yeni layihənin icrasına başlayıb

55

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinə start verib. 2023-cü il fevralın 1-dən başlanan layihə 11 ay ərzində  icra olunacaq. Layihənin hədəf icmalarının seçilməsi məqsədilə Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında məcburi köçkünlərin məskunlaşdığı 12 icmada fevral ayından başlayaraq sürətli qiymətləndirmənin  aparılması və 6 icmanın seçilməsi ilə başlaması nəzərdə tutulub.

Layihənin məqsədi məcburi köçkünlərin könüllü, təhlükəsiz və ləyaqətli qayıdışına töhfə vermək, münaqişədən təsirlənmiş əhalinin normal həyatının bərpa olunması, dövlət-vətəndaş münasibətlərinin effektiv, etibarlı və davamlı olması, qayıdışdan sonra insanların üzləşə biləcəyi bir çox problemlərin azaldılmasına dəstək olmaq, “İqtisadi İmkanların Genişləndirilməsi” (İİG) metodu vasitəsilə “Usta Yanında Şagird Hazırlığı” (UYŞH) komponenti ilə gənclərin, qadınların və həssas qrupların sahibkarlıq və peşə bacarıqlarının genişləndirilməsi və gənc işaxtaranların yeni xidmət sahələri yaratmasına dəstək verməkdən ibarətdir. Layihə 3 əsas komponentdən ibarətdir:

  1. İcma mərkəzlərinin yaradılması: İcma İnkişaf Şuralarının formalaşdırılması, Təşkilati Qiymətləndirmə və Təhlil, Bacarıqların Artırılması;
  2. UYŞH: xidmət sahələri üzrə icma ehtiyaclarının və imkanlarının təhlili, peşə və sahibkarlıq bacarıqlarının inkişafı, Möhkəm Başlanğıclı Xidmət sahələrinin yaradılmasına dəstək;
  • Dayanıqlıq və Strateji Planlama – Dayanıqlıq və Uzunmüddətli Fəaliyyət Planı, İcmaların Uzunmüddətli İqtisadi İnkişaf Planlarının hazırlanması üzrə təlimlərin təşkili.

Layihə 2023-cü ilin sonuna kimi aşağıdakı əsas nəticələrə nail olmağı hədəfləyir:

  • 6 Məcburi köçkün icması səfərbər ediləcək;
  • 6 İcma İnkişaf Şurası formalaşdırılacaq;
  • 6 icma mərkəzi yaradılacaq;
  • 60 İİŞ üzvü məsləhətləşmələr, təlimlər və dəyirmi masalar vasitəsilə icma səfərbərliyi, icma təmsilçiliyi, prioritetləşdirmə, layihənin hazırlanması və idarə edilməsi, təhlükəsizlik, maliyyə idarəçiliyi və s. sahələr üzrə bacarıqlarını artıracaq;
  • 6 icmada məcburi köçkün gənclərdən ibarət könüllülər qrupları formalaşacaq və bu qruplar onlayn platformalar vasitəsilə əməkdaşlıq edəcək;
  • 6 icmada 30 məcburi köçkün ailəsinin gəliri 20%-25% artacaq;
  • 10 yeni gəlir gətirən sahə yaradılacaq (gözəllik salonları, mobil telefon və kompüter təmiri, proqramlaşdırma xidmətləri, dərzi və s);

Layihə fəaliyyətlərindən təxminən 3,500 nəfər məcburi köçkünün faydalanacağı nəzərdə tutulur. Layihədən bəhrələnəcək məcburi köçkünlər, xüsusən Möhkəm Başlanğıclı İqtisadi Layihələr (MBİL) vasitəsilə sahibkarlıq fəaliyyəti haqqında bilik və təcrübə qazanmaqla karyeralarını inkişaf etdirəcək və öz bizneslərini quracaq,  gənclərin  və qadınların  özlərinə inamı artıracaq.

 

“Ümid” SİD İnformasiya Yayım Xidməti

Şərhlər bağlıdır.