Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində “Startap, Layihə, Hakaton” günlərinə start verilib

29

2023-cü il martın 13-də Mingəçevir Dövlət Universiteti (MDU) və “HTech Invest” MMC-nin nəzdindəki “SİMBİOZ” İnkubasiya Mərkəzinin birgə layihəsi olan “Startap, Layihə, Hakaton” günlərinin açılış tədbiri keçirilib. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə həyata keçirilən layihə regionda startap ekosisteminin inkişafına dəstək, yüksək intellektli və kreativ düşüncəli tələbə gənclərin startap qurmaq bacarıqlarının artırılmasına töhfə məqsədi daşıyır.

Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və “HTECH İnVEST” MMC-nin icraçı direktoru Orxan Nadirov çıxış ediblər.

Tədbir iştirakçılarını salamlayan rektor Ş.Bayramov müasir innovasiya ekosisteminin inkişafında universitetlərin rolunun gücləndirilməsində tələbə startap fəaliyyətlərinin önəmini diqqətə çatdırıb. Gənclərin yenilikçi baxışları, ideyaları və istedadlarının aşkara çıxarılması üçün müvafiq şəraitin yaradılmasının diqqət mərkəzində saxlanıldığını qeyd edən Ş.Bayramov birgə layihənin tələbə startap hərəkatının inkişafı istiqamətində universitetdə görülən işlərə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib və bütün tərəfdaşlara təşəkkürünü bildirib.

MDU ilə əməkdaşlıq çərçivəsində reallaşdırılan birgə layihənin əsas məqsədi və gözləntilərindən bəhs edən “HTECH İnVEST” MMC-nin icraçı direktoru O.Nadirov regionlarda startap ekosisteminin inkişaf etdirilməsində universitet ilə tərəfdaşlığın əhəmiyyətindən danışıb. Layihəyə tələbə gənclərin böyük maraq göstərməsindən və universitet kollektivinin fəal qoşulmasından məmnunluğunu bildirən O.Nadirov göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib və iştirakçılara uğurlar arzulayıb.

Diqqətə çatdırılıb ki, dörd gün müddətində davam edəcək layihə çərçivəsində “HTECH İnVEST” MMC və MDU-nun təcrübəli əməkdaşları tərəfindən tələbə gənclərə “Startap nədir? İdeya necə formalaşır?”, “Özgüvən və təqdimat bacarıqları”, “Komandanın idarə edilməsi” və “Liderlik bacarıqları” mövzusunda təqdimatlar keçiriləcək. Proqramın “Gəlin bir yerdə layihə yaradaq” adlı bölməsində isə tələbələr mentor dəstəyi ilə kanvas biznes modelindən istifadə edərək komandalar şəklində müvafiq tapşırıqlar yerinə yetirəcək və layihə hazırlayacaqlar. Hazırlanmış layihələr martın 16-da keçiriləcək ideya müsabiqəsində münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər müəyyən ediləcək. Layihəyə Teknofest festivalında iştirak edən MDU-nun 30 komandası cəlb olunub.

 

Sonra tədbir ilk layihə gününün proqramına uyğun olaraq müvafiq mövzularda təqdimatlarla və qrup çalışmaları ilə davam edib.

Qeyd edək ki, regional innovasiya ekosisteminin drayverinə çevrilməyi strateji məqsədlərindən biri olaraq müəyyən edən MDU-da təhsil alanların innovasiya fəaliyyətlərinə cəb olunmasına xüsusi önəm verilir.

Şərhlər bağlıdır.