Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Seminar“Elm Günü”nə həsr olundu

320

2022-ci ilin 10 mart tarixində Mingəçevir Dövlət Universitetində (MDU) doktorant, dissertant və gənc tədqiqatçıların iştirakı ilə “Elm Günü”nə həsr olunmuş elmi seminar keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən seminarda giriş sözü ilə çıxış edən MDU-nun elmi işlər üzrə prorektor əvəzi, professor Veysəl Əyyubov tədbir iştirakçılarına rektorun salamlarını çatdırıb. Prezidentin müvafiq Sərəncamına əsasən hər il martın 27-nin Azərbaycanda “Elm günü” kimi qeyd edildiyini diqqətə çatdıran V.Əyyubov ölkəmizdə elmin inkişafının daim dövlətin yüksək diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Cəmiyyətin tərəqqisində elmin müstəsna rolundan bəhs edən professor MDU-da elmi fəaliyyətin səmərəliliyinin artırılması və təşviq edilməsi istiqamətində görülən işlərdən danışıb və seminar iştirakçılarına uğurlar arzulayıb.

Seminarın moderatoru, MDU-nun Elm və innovasiyalar şöbəsinin müdiri, dosent Vüqar Mustafayev proqrama daxil olan mövzular haqqında məlumat verdikdən sonra məruzələr dinlənilib.

MDU-nun Mühəndislik fakültəsinin gənc akademik heyət üzvləri və tədqiqatçılarından Liliya Süleymanova “Azad edilmiş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi dövlətin prioritetlərindəndir”, Məryəm Əsədova “Ağıllı enerji” təminatının intellektual idarəetmə modeli ve sistemləri”, Qaragöz Kərimov “Nəqliyyat logistikasının müasir problemləri”, Leyla Əhmədova “Taxıl bitkilərində Aran bölgəsi üçün ekoloji şəraitin qiymətləndirilməsi” və Leyla İsmayılzadə “Müasir məktəbdə informatikanın tədrisinin aktual problemləri və perspektivləri” mövzularında çıxış ediblər.

İqtisadiyyat və idarəetmə fakültəsinin gənc akademik heyət üzvləri və tədqiqatçılarından Babək Hüsüyev “Gələcəyimizə istiqamət verən startaplar”, Xəyalə Xəlilova “Aqrar sektorda kooperasiyalaşma istiqamətləri” və Aytən Nadirova “Maliyyə təhlükəsizliyi: rəqəmsal ödənişlərin genişləndirilməsi və mühafizəsi aspektləri” mövzularında elmi məruzələrini təqdim ediblər.

Təhsil fakültəsinin gənc akademik heyət üzvləri və tədqiqatçılarından isə Nərgiz Kərimova “Müasir ingilis dilində istifadə olunan frazeologizmlərin mənşəyi”, Fəxriyyə İsayeva “Taun – ədəbiyyata və həyata yadlaşma gətirən əsas amil kimi”, Nərgiz Niftəliyeva “Birgə fəaliyyət prosesində ünsiyyətin psixoloji xüsusiyyətləri” və Günel Sadıqlı “Cəbr və funksiyalar” məzmun xəttinin reallaşdırılması prosesində şagirdlərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi” mövzularında məruzələrini diqqətə çatdırıblar.

Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən çoxsaylı suallar cavablandırılıb.

Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da universitetin elmi potensialının yüksəldilməsi, əməkdaşların tədqiqat bacarıqlarının inkişaf etdirilməsi və innovativ tədqiqat metodlarının tətbiqinin genişləndirilməsi diqqət mərkəzində saxlanılır. Bu məqsədlə, akademik heyət üzvlərinin və gənc tədqiqatçıların universitetdə keçirilən müxtəlif formatlı elmi tədbirlərə aktiv cəlb olunmasına xüsusi önəm verilir.

Şərhlər bağlıdır.