Mingəçevir 2023-cü ildə “Gənclər Paytaxtı” seçildi
Heydər Əliyev mərkəzində nizamlanan tədbirdə şəhərə “Gənclər Paytaxtı”nın rəmzi açarı təqdim olundu
2 Fevral Gənclər Günü Mingəçevir gəncləri üçün ikiqat bayrama çevrildi. Bu gün Heydər Əliyev mərkəzində nizamlanan tədbirdə şəhərə “Gənclər Paytaxtı”nın rəmzi açarı təqdim olundu. Tədbirdə iştirak edən qonaqlar şəhər ictimaiyyətinin sevincinə şərik oldular.
Tədbirdə Azərbaycanın Respublikasının dövlət himnindən sonra torpaqlarımızın azad olmasında şəhid olanlar sükutla anıldı.
Milli Məclisin sədrinin birinci müavini, millət vəkili Əli Hüseynli Heydər Əliyev ilində Mingəçevirin Gənclər Paytaxtı seçilməsinin xüsusi hadisə olduğunu dedi. O, Azərbaycan gənclərinin tək Vətən müharibəsində deyil, həm də informasiya mübarizəsində qalib gəldiyini nəzərə çatdırdı: “İranda səfirliyimizə silahlı basqın edən terrorçunun da zərərsizləşdirilməsində Azərbaycan gəncləri önəmli rol oynadılar”.
Gənclər və İdman naziri Fərid Qayıbov gənclər siyasətinin tarixçəsi haqda məlumat verdi. O, qalib xalqın qalib gənclərinin bu siyasəti uğurla davam etdirməsindən qürurla danışdı. Nazir qeyd etdi ki, Mingəçevirin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə il ərzində həm bu şəhərdə, həm də digər regionlarda gənclərlə bağlı silsilə tədbirlər həyata keçiriləcək.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov mingəçevirli olduğu və əlamətdar hadisənin doğma şəhərilə bağlı olmasına sevindiyini söylədi. O, Mingəçevirin ölkənin ictimai-siyasi həyatındakı önəmindən və bundan sonra iri miqyaslı layihələrin bu şəhərdə icra olunacağından bəhs etdi: “Mingəçevir gəncləri hər zaman olduğu kimi, bu il ərzində də aktivlik göstərəcək və bütün ölkəmizə nümunə olacaqlar”.
Mingəçevir Dövlət Universitetinin tələbəsi Nurgül İbrahimova Mingəçevirin “Gənclər Paytaxtı” seçilməsinin gənclərin üzərinə məsuliyyət qoyduğunu nəzərə çatdırdı.
2022-ci ildəki uğurlu fəaliyyətə görə Binəqədi, Xəzər və Gəncə Gənclər Evləri xüsusi mükafata layiq görülüblər.
Daha sonra musiqi, rəqs, kulinariya, təhsil, mədəniyyət, ədəbiyyat, İKT, tibb, rəssamlıq və digər sahələrdə uğurlarına görə Prezident mükafatına layiq görülən gənclərə mükafatlar təqdim olundu. Gənclərin mükafatlarını Gənclər və İdman naziri Fərid Qayıbov, Gənclər Fondunun rəhbəri Fərid Cəfərov, Milli Məclisin sədr müavini Əli Hüseynli, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Mingəçevir İcra Hakimiyyəti başçısının müavini Məhluqə Cavadova təqdim etdilər.
Gənclər Paytaxtının rəmzi açarı Tovuzdan alınaraq Mingəçevirə verildi.
Sonda Mingəçevirin 2023-cü ilin Gənclər Paytaxtı seçilməsi münasibəti ilə şəhərin loqosu təqdim olundu.
Tədbir bədii hissə ilə davam etdi.
Şərhlər bağlıdır.