Mingəçevir Dövlət Universiteti (MDU) Avstriyanın paytaxtı Vyana şəhərində “Beynəlxalq Alman Dili Müəllimləri Birliyi”nin təşkilatçılığı ilə keçirilən dünya alman dili müəllimlərinin XVII qurultayında təmsil olunub. Qurultay Vyana Dövlət Universitetinin əsas binasında təşkil olunub. Dünyanın 115-dən çox ölkəsindən 2500-dən çox alman dili müəlliminin qatıldığı qurultayda MDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov da iştirak edib.
Qurultayın gündəliyində qloballaşan dünyada mobilliliyin təmin edilməsi, Avropa təhsil məkanına inteqrasiyanın sürətləndirilməsi, alman dilinin ali və orta məktəbdə tədrisinin təkmilləşdirilməsi, müvafiq təcrübi və nəzəri tədqiqatların gücləndirilməsi və sair məsələlər yer alıb.
Beş gün davam edən qurultay öz işini 7 bölmədə davam etdirib. Bölmə iclasında MDU-nun dosenti N.Manafov “Dərslərin intellektual oyun formasında təşkili” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə vurğulanıb ki, alman dilinin tədrisində qeyri-standart dərs formaları tələbələr tərəfindən maraqla qarşılanır, onları alman dilini daha yaxşı öyrənməyə sövq edir.
Bununla yanaşı, qurultayda Azərbaycanı təmsil edən müəllim heyəti Vyana şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun abidəsini ziyarət edib.
Qeyd edək ki, növbəti XVIII qurultayın 2025-ci ildə Almaniya Federativ Respublikasının Lübek şəhərində keçirilməsi qərara alınıb.
Şərhlər bağlıdır.