MDU-nun “THİK” komandası qalib oldu
Xəbər verdiyimiz kimi, Mingəçevirdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dahi Gənclər” layihəsi həyata keçirilir. Şəhərin orta ixtisas və ali təhsil ocaqlarının tələbə gənclərini əhatə edən layihə təlim və intellektual yarışlar formasında icra olunur. Layihə rəhbəri Turqut Əlibəylinin məlumatına görə, məqsəd yeniyetmə və gənclərin asudə vaxtını səmərəli təşkil etmək, eyni zamanda bu oyunlar vasitəsi ilə Azərbaycanın tarixi, mədəniyyəti, coğrafiyası, adət-ənənələri haqqında gənclərin maarifləndirilməsinə dəstək olmaqdır. Üç ay davam edən layihə çərçivəsində 300 gənc 50 komandada yarışıb. Bu günlərdə isə final oyununda “Dahi gənclər” kubokunun sahibi müəyyənləşib. Bu, Mingəçevir Dövlət Universititinin “THİK” komandasıdır. İkinci və ücüncü yerlərə də həmin universitetin gəncləri sahib olublar. “AETS” ikinci, “Bumeranq” isə üçüncü nəticəni göstərə biliblər.
Qaliblərin mükafatlandırılması mərasimi “Ağsaray” otelində baş tutub. İcra Hakimiyyətinin məsul işçisi Tofiq Əsgərov, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli onları təbrik ediblər. Qaliblərə kubok və fəxri fərmanlar verilib.
Gələcəkdə şəhərin qalib komandalarından ibarət intellektual oyunlar klubu da yaradılacaq.
Şərhlər bağlıdır.