AzərbaycanElm və təhsilMDUMingəçevirOrta və ali təhsil

MDU-da V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Təqdimatı keçirilib

Mingəçevir Dövlət Universitetində V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun Təqdimat mərasimi keçirilib.

Tədbiri giriş sözü ilə rektor Akif Hacıyev açıb. Bildirib ki, “Bakı Prosesi” Azərbaycan Respublikasının təşəbbüsü ilə 2008-ci ildə mədəniyyətlər və sivilizasiyalar arasında səmərəli və effektiv dialoqun qurulması məqsədilə irəli sürülmüşdür. Azərbaycanın belə bir qlobal hərəkatın təşəbbüskarı kimi çıxış etməsinin əsasında ərazisində tarixən fərqli dini mənsubiyyəti olan icmaların, milli-etnik qrupların və zəngin mədəni müxtəlifliyin olması dayanır.

2008-ci ilin 2-3 dekabr tarixində təşkil olunan Avropa Şurasına üzv dövlətlərin mədəniyyət nazirlərinin konfransına Azərbaycanın təşəbbüsü ilə ilk dəfə olaraq 10 islam ölkəsi dəvət edildi. İslam dövlətlərinin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı yeni bir formata transformasiya olundu. Avropa və ona qonşu regionlardan 48 ölkənin, 8 beynəlxalq təşkilatın və bir sıra beynəlxalq qeyri-hökumət təşkilatlarının yüksək səviyyəli nümayəndələrinin iştirak etdiyi bu konfransda “Mədəniyyətlərarası dialoqunun təşviqinə dair “Bakı Bəyannaməsi” qəbul edildi.

Akif Hacıyev qeyd edib ki, “Bakı Bəyannaməsi” ilə sivilizasiyalar arasında dialoqun inkişafını nəzərdə tutan “Bakı Prosesi”nin və bu prosesin inkişafına hədəflənmiş “Sənətçilər dialoq naminə” layihəsinin əsası qoyuldu. “Bakı Prosesi”nin davamlılığını təmin etmək məqsədilə 2009-cu il 13-15 oktyabr tarixində Bakıda keçirilmiş İslam ölkələrinin mədəniyyət nazirlərinin VI Konfransında Azərbaycanın təşəbbüsü ilə 10-dan çox Avropa dövləti də iştirak etdi.

Konfrans çərçivəsində iştirak edən Avropa Şurasına üzv dövlətlər ilə İslam Konfransı Təşkilatına üzv dövlətlər arasında mədəniyyətlərarası dialoqa dair birgə kommunike qəbul edildi.

Rektor A.Hacıyev bildirib ki, 2010-cu ildən Bakı Prosesi qlobal hərəkata çevrilməyə başladı. 2010-cu ilin 23 sentyabr tarixində BMT-nin Baş Assambleyasının 65-ci sessiyasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçiriləcəyi elan edildi.

Akif Hacıyev vurğuladı ki, beləliklə 2011-ci ilin 7-9 aprel tarixində Bakıda YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi və İSESKO-nun tərəfdaşlığı ilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təşkil olundu.

Qitələrarası mədəni əməkdaşlığı inkişaf etdirmək məqsədilə I Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “5 A – Mədəniyyətlərarası Əməkdaşlıq Platforması” təsis edilmişdir.

AvropaAsiyaAmerikaAfrikaAvstraliya qitələrinin adlarının Azərbaycan dilində “A” hərfi ilə başladığınıı nəzərə alınaraq simvolik olaraq yeni platformanın adı “5A” kimi müəyyən edilmişdir.

Rektor A.Hacıyev bildirib ki, bundan sonra 2013-cü ilin 29 may – 01 iyun tarixində II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, 18-19 may 2015-ci il tarixdə III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu və nəhayət 4-6 may 2017-ci il tarixdə IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilibdir.

Akif Hacıyev qeyd edib ki, məlum olduğu kimi bu il mayın 2-3-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sərəncamı ilə Bakıda V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə dair Tədbirlər Planı təsdiq edilib. Sərəncamda Tədbirlər Planında nəzərdə tutulan işlərin yerinə yetirilməsi üçün müvafiq qurumlara tapşırıqlar verilib.

Sonra Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova “Bakı prosesi”ndən V Mədəniyyətlərarası Dialoq Forumuna doğru; Humanitar fənlər kafedrasının baş müəllimi İlham Məmmədov “Azərbaycanda multimədəni mühitin xarakteri və onun mədəniyyətlərarası dialoqun inkişafına proqressiv təsiri”; Humanitar fənlər kafedrasının baş müəllimi Mətanət Yusifova “Mədəniyyətlərarası dialoq: siyasi dəyər və sülhün təminatçı”; Humanitar fənlər kafedrasının müəllimi “Qadınlar mədəniyyətlərarası dialoq forumunun fəal iştirakçısı kimi”; Humanitar fənlər kafedrasının müəllimi Vüsalə Mövlayeva “Türk dünyası mədəniyyətlərin və sivilizasiyaların kəsişməsində” mövzularında məruzə ediblər.

Sonda rektor Akif Hacıyev çıxış edərək məruzəçilərə ətraflı çıxışlarına görə təşəkkür edib. Qeyd edib ki, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu gələcəyə ismarıcdır. Bu forum müxtəlif ölkələrdən olan nüfuzlu alimlərin, siyasi və ictimai xadimlərin bir yerə toplaşaraq mövcud çətinlikləri, problemləri və onların həlli yollarını müzakirə etməsinə imkan yaradır. Bu məsələləri qaldırmaq vacibdir. İnsanlar bunu eşitməli və başa düşməlidir ki, mədəniyyətlərarası dialoq, mədəni irs, bəşəri dəyərlər çox vacib kateqoriyalardır. Ona görə bu forum gələcəyə ismarıc və sülh prosesinə mane olan bütün amillərə cavabdır.

Daha çox

Oxşar yazılar

Close