Mingəçevir Dövlət Universitetində (MDU) Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən 2022-ci il üzrə müəllimlərin işə qəbulu (MİQ) imtahanlarının nəticələri müzakirə edilib. Müzakirədə Nazirliyin müvafiq əməkdaşları, universitetin akademik və inzibati heyət üzvləri iştirak edib.
Tədbirdə çıxış edən MDU-nun Tədris şöbəsinin müdiri Üzeyir Zeynalov və Təhsil fakültəsinin dekanı Nizami Zeynalov universitetdə son illərdə pedaqoji ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlardan bəhs edib və strateji hədəflərə uyğun olaraq qarşıda duran vəzifələri diqqətə çatdırıblar.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov region ümumtəhsil məktəblərindəki vakansiyalar barədə məlumat verib və daha hazırlıqlı müəllimlərin işə qəbul edilməsində MİQ imtahanlarının əhəmiyyətindən danışıb. MDU-nun regionda fəaliyyət göstərən ümumtəhsil müəssisələri ilə müxtəlif formatlı əməkdaşlığını yüksək dəyərləndirən E.Kərimov bu ali təhsil müəssisəsinin buraxılış kurs tələbələrinin pedaqoji təcrübələrdə nümayiş etdirdikləri fəallıqdan məmnunluğunu ifadə edib.
Sonra Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin məsul əməkdaşları Tükəzban Quliyeva və Ülvi İsmayılov mövzu barədə təqdimatla çıxış edib, fənlər üzrə statistik məlumatları və MDU-nun mövcud vəziyyətini diqqətə çatdırıblar. Son illərdə MİQ imtahanlarının nəticələrində müsbət dinamika müşahidə edildiyi bildirilib və MDU məzunlarının mövqeyinin daha da yaxşılaşdırılması üçün bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin effektivliyinin davamlı surətdə artırılması məqsədəuyğun hesab edilib.
Sonda professor-müəllim heyətinin çoxsaylı sualları cavablandırılıb, pedaqoji kadr hazırlığında keyfiyyət təminatı məsələləri müzakirə olunub və müvafiq təkliflər dinlənilib.
Qeyd edək ki, Mingəçevirə səfər çərçivəsində Nazirliyin məsul əməkdaşları MDU-nun rektoru Şahin Bayramovla da görüşüblər.
Şərhlər bağlıdır.