Bizimlə həyatınız həmişə işıqlı olacaq!

MDU-da Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib

35

2023-cü ilin sentyabrın 26-da Mingəçevir Dövlət Universitetinin (MDU) Humanitar fənlər kafedrasının təşkilatçılığı ilə Anım Gününə həsr olunmuş dəyirmi masa keçirilib. Tədbirdə şəhid ailəsi üzvləri, Vətən müharibəsi iştirakçısı olmuş veteran və qazilər, MDU-nun bir qrup əməkdaşı, tələbə və magistrantlar iştirak edib.

Dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun Humanitar fənlər kafedrasının müdiri, dosent Esmira Cəfərova tarixi Zəfərlə başa çatan Vətən müharibəsini hər bir azərbaycanlının qürurla xatırladığını bildirib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən və qətiyyətli rəhbərliyi sayəsində 30 illik işğala 44 gündə son qoyan rəşadətli Azərbaycan Ordusu şanlı tariximizin şərəfli səhifələrini yazdı. Qəhrəman Vətən övladlarının əziz xatirələrinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirən E.Cəfərova torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib. Zəfər tarixinin öyrənilməsi və döyüşlərdə böyük şücaət göstərmiş əsgər və zabitlərimizin qəhrəmanlıqlarının təbliğ edilməsinin vətənpərvər gənc nəslin yetişdirilməsində xüsusi önəm kəsb etdiyini diqqətə çatdıran kafedra müdiri tədbirin əhəmiyyətini vurğulayıb.

Sonra məruzələr dinlənilib. MDU-nun Humanitar fənlər kafedrasının əməkdaşları Mətanət Yusifova və Vüsalə Mövlayeva məruzələrlə çıxış edərək Böyük Zəfərə aparan 44 günlük Vətən müharibəsindən və qələbəni şərtləndirən amillərdən bəhs ediblər.

Vətən müharibəsi iştirakçıları Elçin Teymurlu, universitetin əməkdaşı Qaragöz Kərimov və I kurs tələbəsi, qazi Bayram Məmmədzadə çıxış edərək tarixi Zəfərin qazanılmasında Azərbaycan xalqının birliyinin, əsgər və zabitlərimizin qəhrəmanlığı və Vətən sevgisinin mühüm rol oynadığını bildiriblər.

Qeyd edək ki, dəyirmi masa  “MDU-nun 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər planı” çərçivəsində təşkil olunub.

Şərhlər bağlıdır.