Mənzildə toyuq ferması?
Dədə, babaların yaxşı bir məsəli var: qonşu qonşunun külünə möhtacdır.Ta bineyi qədimdən qonşular mehriban bir süfrə başında oturar, bir birlərinin dərd-sərinə şərik olardılar. Bəzən də yola getməyəndə deyirlər ki, qonşun pisdir, köç, canını qurtar.
Mingəçevirdə, Vəli Hüseynov küçəsindəki 15 saylı binada yaşayanların isə köçməyə yerləri yoxdur. Onlar 2 ci mərtəbədə yaşayan Aişə adlı qonşularının, daha doğrusu, onun toyuqlarının əlindən təngə gəliblər. Sanki ev toyuq fermasıdır. Bu binada yaşayanlar axşam üstü binanın qarşısında qəribə mənzərə ilə qarşılaşırlar. Bu toyuqlar axşam düşən kimi sıralama ilə dəhlizin pilləkənləri ilə ikinci mərtəbəyə qalxaraq, mənzilə daxil olur, daha sonra mətbəxdən kecib, pəncərədən həyətə sarı uzadılmış taxta parcasının üstünə düzülürlər. Həmin toyuqlar səhər tezdən həm səs-küy salır, həm də növbə ilə pəncərədən uçaraq həyətə enirlər.
Aişə xanımın qapıbir qonşusu Dilşad xanım deyir ki, bu natəmizliyə daha dözə bilmir: “Hər gün piləkənləri yuyram ki, heç olmasa antisanitariya yaşanmasın. Bura şəhərdir, yoxsa kənd, bilmirik. Bu toyuqların iyindən, antisanitar vəziyyətdə olan dəhlizdən keçmək mümkün deyil. Dəfələrlə Aişə xanıma iradımızı bildirmişik.O, heç bizə əhəmiyyət də vermir”.
Başqa bir qonşunun dediyinə görə, Aişə mənzilndə toyuq ferması açıb: “Biz bundan təngə gəlmişik. Həm səs-küydən, həm də həyətdə yaranmış antisanitar vəziyyətdən evdə və həyətdə oturmaq olmur. Biz nə vaxtadək belə vəziyyətdə yaşamalıyıq? Aişə ilə əksəriyyət söhbət edib. Lakin bu xanım öz iradından əl çəkmir. Deyir ki, burda mənən, Bağdadda kor xəlifə. Heç kim mənə bir söz deyə bilməz. Aydiyyatı qurumlar da bu məsələyə qarışmaq istəmirlər. Ümidimiz qalıb Allaha”.
Aişə xanımdan soruşanda ki, toyuqları nə üçün evində saxlayırsan, cavabında nə desə yaxşıdır: “Neyləməliyəm, heç bir yerdə işləmirəm, evdə də heç kim işləmir, bir çətən külfətim var, yetimlərimi necə dolandırım? Parklarda oturub tum satıram, həm də toyuq-cücə saxlayıram. Buna görə heç kim mənə bir söz deyə bilməz. Qonşu narahat olacaq deyə mən evimi dolandırmamalıyam?”
Aişə xanımın qonşuları hər gün bu xoşagəlməz mənzərə ilə qarşılaşırlar və daha dözmək istəmirlər. Aidiyatı qurumlara, mənzil kommunal idarəsinə üz tutsalar da, fərli cavab ala bilmirlər. Onlara deyirlər ki, idarə belə işlərə baxmır.
Şərhlər bağlıdır.