Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Məndən soruşsan…

Sənə böyüdücü ilə də baxsam, ətsən, sümüksən, ya da molekullar, atomlar, hüceyrəsən. Qəlbinə də baxsam, beyninə də baxsam, yenə də ətsən, sümüksən, hüceyrəsən. Orda nə arzuların görünməz, nə xəyalların, nə düşüncələrin, nə də ümidlərin. Bəs nədir səni danışdıran, hərəkət etdirən, ağladıb-güldürən, düşündürən, gözlərin gördüyünə necə sevinər, necə kədərlənər? Vücudun bir kimyadır, beynin də, qəlbin də kimyəvi elementlər yığını, bəs hardadır düşüncələrin, sevgin, nifrətin, qəzəbin harda gizlənibdir, anlamadım, heç anlaya bilmədim? Əsrlərdir, qərinələrdir gəldin-getdin, nələr anladın, nələr anlatdın, müəmma. Ətdən, sümükdən ibarət bir vücudamı insan deyim, yoxsa bu vücudu hərəkətə gətirən bir görünməz xəyalamı, ruhamı insan deyim?
Sənmi vücudu bürümüsən, yoxsa vücudmu səni bürüyüb, sənmi vücuduna qəfəssən, yoxsa vücudunmu sənə qəfəsdir, bir bilən varmı? İnsanla doğulub, insanla böyüyüb, insanla qocalırsanmı?
Bir gün niyə hər şey bitir, nə danışır, nə yeyir, nə də hərəkət edirsən? Bumbuz bir vücuda, cismə dönürsən, sənmi vücudu öncə tərk edirsən, yoxsa ondan öncəmi ölürsən?
İnsan, Tanrı sənə nəfəs verdi, Ol!-dedi, yoxsa bir nəfəssənmi, sirli, sehrli bir nəfəs?


Hər şey bir sual, hər şey bir ehtimal…
Mehparə Rəhimqızı

Şərhlər bağlıdır.