Məndən sonra
Yandır qeydlərimi qalmasın məndən sonra,
Xəzan yarpaqları tək solmasın məndən sonra.
Hər kağız parçasından boylanan bir sevgimin,
Nigaran baxışları dolmasın məndən sonra.
Qönçələrə bənzəyən işıqlı fikirlərim,
Qaranlıqlar əsiri olmasın məndən sonra.
Düşüb nadan əllərə əzilib bükülməsin,
“Anlaşılmır” adını almasın məndən sonra.
Başsız qalıb sərgərdan dolaşan duyğularım,
Ruhumun qəm tarını çalmasın məndən sonra.
Qeydlərdə darıxan qərib düşüncələrim,
Meylini özgələrə salmasın məndən sonra.
Yusifəm, qeydlərim qalıb qoca Yaqubtək,
Pərişan saçlarını yolmasın məndən sonra.
Şərhlər bağlıdır.