Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Mən ailədə də,cəmiyyətdə də kişilərin əsas söz sahibi olmasının tərəfdarıyam, amma əlbəttə, qadınların da sözü eşidilməlidir”

Birinci təqdimat:

Müsahibimiz Bərdədə,  ziyalı ailəsində  doğulub. Atası müəllim, anası evdar qadın olub. Orta məktəbi “Qızıl medal”la bitirib və Bakı Dövlət Universitetinin  jurnalistika fakültəsinə daxil olub. Universitetdə televiziya ixtisası üzrə təhsil alsa da, tələbnamə üzrə Bərdəyə qayıtmalı olub. Yerli qəzetdə jurnalist kimi fəaliyyətə başlayıb. Bir il sonra  redaksiyanın aparıcı işinə irəli çəkilib və 2007-ci ilə qədər-İcra Hakimiyyətində vəzifəyə təyin olunanacan qəzetdə məsul katib vəzifəsində  çalışıb.

-90-cı illər ölkədə burulğanlar dövrü idi. Kommunist Partiası səhnədən gedir, sosializm quruluşu dağılmaq ərəfəsində idi, xalq hərəkatı genişlənirdi. Eyni zamanda Bərdənin bir addımlığında yerləşən Qarabağda müharibənin acı nəticələri göz qabağında idi.   Bəs sizin əmək fəaliyyətinə yenicə başladığınız qəzetdə mühit necə idi?

-Mənim tələbəlikdən sonrakı həyatım çox çətin bir dövrə düşdü. Planlı iqtisadiyyat dağılmışdı, bazar iqtisadiyyatı isə hələ formalaşmamışdı. Bu, qəzetdən də yan keçməmişdi. Kollektiv 500 nüsxə tirajı zorla saxlamışdı. Redaksiyanın maddi bazası yox dərəcəsində idi. Ən başlıcası,  sözün kəsəri yox idi. Hər kəs öz dolanışığının dərdini çəkirdi.

Yalnız 1993-cü ildə,  ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra proses yaxşılığa doğru dəyişməyə başladı. Mətbuata qayğı, diqqət artdı. Nəticədə başqa sahələrdə olduğu kimi, “Bərdə” qəzeti də inkişaf yoluna qədəm qoydu. Jurnalistikanın özündə bir dirçəliş hiss olundu. Sözün çəkisi artdı, sözə qiymət verildi.

-Qəzetdə nəyi dəyişə bildiniz?

-Bu günlərdə Milli Mətbuatın 140 illik yubileyi  tamam olacaq. Biz hamımız “Əkinçi”dən bəhrələnmişik, onun məqalələrinin təsiri altında yazmağa çalışmışıq. Həsən bəy Zərdabinin  dediyi kimi, mən istəmirəm ki, qəzet bir dərviş nağılı söyləyən olsun, əksinə, istəyirəm ki, xalqın gözünü açan olsun. Qəzet həm zahiri görkəminə, həm də içərisindəki yazılara görə seçilməlidir. Mən  publisistikaya üstünlük vermək istədim.   Yəni biz gördüyümüzü  yazmalıyıq, xalq isə özü seçməlidir: nə yaxşıdır,  nə nöqsandır.

Nə gizlədim, qadınlar çox da kəsərli yazmağa ürək eləmirlər. Elə mən də onlardan biri idim. Amma çalışırdım ki, əgər bir qadın  gözəl iş görürsə, zarisovkalarımla onu önə çıxardım, tanıdım. Yazılarımın  ağırlığı bu yöndə  idi. Daha çox qadınlardan, onları narahat edən məsələlərdən yazmağa çalışırdım. Təbii ki, bunların həll olunub-olmayacağı məndən asılı deyildi.  Mən jurnalist olaraq həmin problemi  həll edəsi olmasam da, deyirdim ki, belə bir problemli ailə var, ona kömək olunmalıdır.

 İkinci təqdimat

Fəqət Şadlinskaya 2003-cü ildə “Nüşabə yurdunun ziyalı xanımları” adlı kitabını ərsəyə gətirib. Kitab barədə AzərTAc-ın yaydığı informasiyada deyilir:  “Qədim Bərdə imperator Makedoniyalı İsgəndərə öz davranışı ilə hikmət anladıb onu işğalçılıqdan çəkindirən ədalətli hakim Nüşabənin yurdudur. Bu gün Nüşabənin varisləri – Bərdə qadınları doğma yurdun şöhrətini artırmaq üçün səylərini əsirgəmirlər. İstedadlı jurnalist Fəqət Şadlinskayanın bu günlərdə işıq üzü görmüş “Nüşabə yurdunun ziyalı xanımları” kitabı məhz onların ömür yoluna həsr olunmuşdur. 17 bölmədən ibarət olan kitabda Bərdədə yaşayıb-yaradan, onun adını ucaldan Sosialist Əməyi Qəhrəmanları Züleyxa İbrahimova, Zəhra Qazıyeva və 60-dan çox ziyalı qadın haqqında oçerk və zarisovkalar toplanmışdır. Maraqla oxunan bu kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur”.

Fəqət xanım həm də  bir neçə kitaba redaktorluq etmişdir. Onun qəhrəmanlarıyla bağlı hekayələrindəki fikirlər çoxlarının diqqətindən qaçmayıb. Yəqin ki, yazılarının diqqətçəkiciliyi Fəqət xanımın yeni vəzifəyə gəlməyinə təkan verib.

-Siz jurnalist olaraq məsələləri qaldırırdınız. İndi isə problemi həll edəcək vəzifədəsiniz. Artıq bu məsələlərlə birbaşa məşğulsunuz.

-Mən aparata gələndə birinci bilirsiniz nədən başladım? Prosedur qaydaya görə, bütün müavinlərin vətəndaşları qəbul günləri var. İlk iş günündəcə elan etdim ki, mənim üçün hər gün qəbul günüdür. Kimsə mənim adımı soruşub gəlibsə,  bir dəfə də olsun onu  qapıda gözlətməmişəm. Axı, vətəndaş nə qədər  fikirləşib, götür-qoy edib sonra İcra Hakimiyyətinə üz tutur, bəzən tərəddüd edir,   görəsən onu  qəbul edəcəklərmi, dediklərinə, dərdinə qulaq asacaqlarmı, kömək göstərəcəklərmi?  Bəzən vətəndaşı dinləmək onun probleminin həllinə kömək göstərmək qədər  yardım edir. Vətəndaşı  diqqətlə dinləmək problemin yarısını həll etmək deməkdir.  Laqeyd, ciddi məmurla qarşılaşacağını güman edib gələn vətəndaş görəndə ki, qarşısındakı kifayət qədər səmimidir, ona həssaslıqla qulaq asır, onda ona ürəyini rahatlıqla aça bilir. Yanıma qadınlar gəlir, ağlayır, boşalır,  sonra dərdinə kömək istəyir. Əslində İcra Hakimiyyətində qadınların çalışması buraya üz tutan qadınlarımıza o problemin daha dərindən  həll edilməsi üçün çox vacibdir.

-Sizcə, Bərdə qadınlarının bu gün ən böyük problemi nədir? Onlar hansı  məsələləri qaldırırlar?

-Bizə müraciət edənər arasında Bərdədə məskunlaşmış məcburi köçkün qadınlar daha çox üstünlük təşkil edir. Başçının müavini olaraq köçkün komissiyasına mən rəhbərlik edirəm.Əslində Bərdədə köçkün problemi çox ciddidir. Bərdədə  qeydiyyatda 35 min köçkün var. Amma faktiki 50-60 mindən artıqdır. Bizdə dolanışıq baxımından daha münbit şərait olduğuna görə bura gələnlər daha çox oldu. Məcburi köçkün qadınların ən böyük istəyi  evlə bağlıdır.  Ölkə başçısı, cənab İlham Əliyevin diqqəti sayəsində  onların mənzil-məişət  şəraiti, işlə təminatı ilbəil  yaxşılaşdırılır. Digər problemlərinin həlli üçün də mərhələ-mərhələ addımlar atılır.

-Amma hamı istəyir ki, çox gözləməsin, şəraitini tezliklə yaxşılaşdırsın.

-İqtisadiyyatımızın güclənməsi bu mərhələləri bir qədər sürətləndirib. Əvvəllər bir yeni qəsəbənin salınması üçün 10 il vaxt lazım olurdusa, indi vəziyyət dəyişib. Demək olar ki,  yeni mənzillərin inşası və köçkünlərin ora  köçürülməsi prosesi illərlə deyil, aylarla ölçülür.  Bu yaxında 866 ailə üçün Həsənqaya kəndində qəsəbə salındı. Orada bütün infrastruktur qurulub. Poçtu, məktəbi, uşaq bağçası və s. var. Hazırda həmin ərazidə 1200 ailəlik qəsəbə də salınır. Əslində yeni şəhər qurulur. Yəni köçkünlərlə bağlı məsələ dövlətimizin daim diqqətində olan məsələdir.

Üçüncü təqdimat:

Şadlinskilər  Azərbaycan  tarixində dəyərli izlər qoymuş, mədəni-maarif, təhsil sahəsində böyük xidmətlər göstərmiş əsilzadə nəsillərdəndir:  “Azərbaycana görkəmli ziyalılar, qəhrəmanlar verən bu nəslin mükəmməl bir şəcərəsi var. Aslan Sultan Şadlinski, Nəsrulla bəy Şadlinski, Abasqulu bəy Şadlinski, Bilas Şadlinski, Vaqif Şadlinski və digərləri gələcək nəsillərə örnək ola biləcək həyat yaşayıblar”.

Vikipediyada yazılıb ki,  Şadlinskilər sülaləsi XVII əsrdə yaşayan Binnətalı Sultan adlı bir şəxslə başlayıb və indiki Şadlinskilər onun 4 oğlunun – Aslan Sultan, Kəlbalı Sultan, Niftalı Sultan, Bala Sultan Şadlinskinin nəslindəndirlər. Gəncədə yaşayan şadlılar XIV əsrin axırlarında İrəvana köçüblər:  “Yaşadıqları İrəvan quberniyasının Vedibasar mahalında Şadlinskilər həmişə tərəqqipərvər və mütərəqqi fikirləri ilə fərqlənib, xalqımızın haqq mübarizəsində ön sıralarda olublar. Bu nəslin kökü orta əsrlər Azərbaycan dövləti olan Şəddadilər dövlətinin qurucularından biri – şadlılar tayfası ilə bağlıdır.  Şadlıların adı İrəvanla bağlı mühüm tarixi hadisələrdə çəkilir. Məsələn, bu qədim tayfanın ağsaqqallarından olan Aslan Sultan Şadlinski 1806-cı ildə Vedibasarın rəisi olub. Rusiya-İran müharibəsinin getdiyi bir vaxtda Paskeviç Aslan Sultanla görüşür. Rusiyanın Qafqaz qoşunlarının komandanı general İvan Paskeviçin çar I Nikolaya göndərdiyi məktubda da onun adı çəkilir. Bu fakt həmin dövrdə Aslan Sultan Şadlinskinin bölgədə böyük nüfuz sahibi olmasını təsdiqləyir.Aslan Sultanın oğlu Hüseyn xan Şadlinski sonralar Rusiya ordusunda qulluq edib, rus-yapon müharibəsində Port-Arturun müdafiəsində iştirak edərək Müqəddəs Georgi ordeninə layiq görülüb”.

 Fəqət xanım 1990-cı ildə Şadlinski ailəsinə gəlin köçüb. Həyat yoldaşı  Vüqar Şadlinski  Bərdədə  Mədəniyyət İşçiləri   Həmkarlar Komitəsinin sədridir. Oğlu Tural Texniki Universitetin  məzunudur. Magistraturanı bitirib. Ekologiya və Təbii Sərvətlər Nazrliyində işləyir.  Qızı Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsini bitirib, Mərkəzi Klinikada rezidentdir, ailəlidir. Ən böyük arzusu qadınların yüksək təhsil alması və gözəl ailəyə sahib olması, firəvan yaşamasıdır.

-Qadınlarımız  ən çox nə istəyirlər?

-Qaz, su, işıq, dolanışıq. Bilirsiniz, hansı evdə ki, qaz yoxdur, orda söz-söhbət var.  Qaz probleminin həlli bir çox başqa problemlərin həllinə şərait yaradır.  Rayonun  68 faizi,  112 kəndimizdən  80-ni  artıq qazlaşdırılıb.  Bu problemlər həllini  tapdıqca, bizə müraciət edən qadınların sayı azalır.  İşıqla bağlı problem isə artıq bir neçə ildir ki, həllin tapıb.

Su məsələsinə gəlincə, bəlkə də Azərbaycanda ən çox artezian Bərdədə vurulub. Yollarımız da get-gedə abadlaşır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Bərdədə   kənd yollarının tikintisi üçün  2 dəfə Sərəncam imzalayıb.   Bütün bunlar  birbaşa qadınların, ümumilikdə ailələrin rahatlığına xidmət edir.

-Eyni zamanda işsizlik də qadınları, o cümlədən gəncləri narahat edən məsələlərdəndir.  

– Keçən il rayonumuzda  “Avromed”,  ardınca regional “Asan xidmət”  fəaliyyətə başladı. Nəticədə həmin qurumlarda və digər strukturlarda xeyli gənc kadrlar yeni iş yerləri ilə təmin edildilər.

-Sizin rəhbərlik etdiyiniz sahə təhsil, səhiyyə, mədəniyyət  strukturlarının fəaliyyətinə nəzarətlə də bağlıdır. Həmin sahələri necə diqqətdə saxlayırsınlz?  Sirr deyil ki,  20 il işləyən məktəb direktorları dəyişikliyə o qədər də maraqlı deyil. Başqa problem təhsilin məktəbdən evə köçməsidir. O cümlədən sizin rayonda da valideynlər qazanclarının müəyyən hissəsini repetitorlara verirlər ki, uşaqlarının təhsili ilə məşğul olsunlar.  Əslində 15-20 il direktor kürsüsündə oturan şəxslərin yeniliklərə hazır olduğu hiss edilmir. Bəlkə onları dəyişməyin məqamıdır?

-Mənim zənnimcə, direktoru tez-tez dəyişmək doğru deyil. Bir direktorun yetişməsinə uzun illər lazımdır. Bəzən deyirlər ki, filankəs 10 ildir işləyir. Elə 10 ilin 5 ilini həmin şəxs direktorluğu öyrənməyə sərf edib. İşin içinə girmək, tam sahibi olmaq üçün illər keçir.  O ki qaldı repetitorluğa,  zamanında bu da həllini tapacaq.

Bizim məlumatımıza görə, sizin rayonda 75 məktəb var, onların 30 faizinin direktoru qadındır. Məktəb direktorluğuna qadınların irəli çəkilməsinə necə baxırsınız?

-Doğrudur,  məktəblərdə çalışanların əksəriyyəti qadınlardır.  3500 müəllimimiz var. Onların çox az hissəsi kişidir. Bəzən məndən soruşurlar: “Əksəriyyətin qadın olduğu məktəblərə  rəhbərlikdə kişilərin üstünlük təşkil etməsi  sizi narahat etmirmi?” Cavabım birmənalıdır: Qətiyyən narahat etmir. Mən əslində ailədə də, cəmiyyətdə də, vəzifədə də kişilərin söz sahibi olmasının tərəfdarıyam, amma əlbəttə, qadınların da sözü eşidilməlidir.

-Sizcə, hakimiyyəti qadınlara versək, nə dəyişər? Məsələn, Skandinaviya ölkələrində olduğu kimi.

-Qadınların irəli çəkilməsi, vəzifəyə təyin olunması  dünyada son illərdə gündəmə gəlibsə, biz bunu yüz illər, min illər qabaq keçmişik. Tarixə nəzər salaq. Nüşabə  kim idi? Bərdə hökmdarı. Və ən ədalətli hökmdar idi. Bizim kökümüzdən qadınların hakimiyyətdə yüksək formada təmsil olunması ilə bağlı çoxsaylı nümunələr çəkə bilərik. Amma mən bu gün Azərbaycan qadınının üzərinə həddən artıq yük qoyulmasını arzu eləmirəm. Ailədə olduğu kimi, işdə də qadının kişidən bir pillə aşağıda olması onun qayğısını, əziyyətini azaldır.

Təbii ki, kişi birinci şəxs olsa belə, qadının sözü eşidilməlidir, onunla hesablaşılmalıdır. Qadın siyasətin humanistləşdirilməsinə xidmət edir. Yəni qərarvermə prosesində onun rəyi mütləq nəzərə alınsa yaxşı olar.

Rayonda qadınların fəallığı…

-Milli mentalitetimizə, dövlətə və dövlətçiliyə sədaqəti ilə hər zaman seçilən Bərdə qadınları bu gün də taleyüklü məsələlərdə öz fəallıqları ilə seçilirlər. Bütün seçkilərdə Bərdəlilər və Bərdə qadınları fəal iştirak edirlər. Prezident seçkilərində, ötən il bələdiyyəyə seçkilərdə qadınların fəal iştirakını xüsusilə qeyd emək istəyirəm. Əlbəttə,  bütün bunlar Dövlətə, ölkə rəhbərinə olan inamdan yaranır. Bugün Azərbaycan xalqı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşib. Çünki xalqımızın ümummilli lideri Heydər Əliyevin nurlu ideyalarını dönmədən uğurla yerinə yetirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin möhkəm iradəsi nəticəsində regionda lider dövlətə çevrilib, dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. İqtisadi, siyasi cəhətdən söz sahibinə çevrilir. Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla həyata keçirilməsi nəticəsində Bərdədə də geniş tikinti – quruculuq işləri həyata keçirilir. Son illər olkə rəhbərinin Bərdəyə səfərləri və bu zaman buradakı işlərdən razı qalması bütün bərdəlilərdə çox böyük əhval-ruhiyyə yaratmış, daha böyük işlər görməyə stimul vermişdir.Bütün bu işlərin önündə Bərdə qadınlarının fəallığı olduqca diqqətçəkicidir. Bu isə əlbəttə, bizi sevindirir.

-Bizimlə söhbətə görə təşəkkür edirik.

Biz məmur xanımla  söhbətimizin əsas məqamlarını çatdırmağa çalışdıq.  Məqsədimiz cəmiyyətdə qadınların iştirakı, qadın fəallığı barədə fikirləri ümumiləşdirmək, cəmiyyəti bu notlar üzərində kökləmək idi. Nə dərəcədə nail olduq, bunu oxucularımızın ixtiyarına buraxırıq.

Şərhlər bağlıdır.