Məktəbli və abituriyentlər ixtisas seçərkən nəyə diqqət yetirməlidirlər?
Mingəçevir Gənclər Evindən olan gənclərin “Düzgün İxtisas Seçimi“ adlı təşəbbüsü uğurla davam etdirilir. Təşəbbüsün əsas məqsədi Mingəçevirin 8-11-ci siniflərində oxuyan məktəbli və abituriyentlərin ixtisas seçərkən vacib şərtləri nəzərə almalarına diqqət çəkmək və onlara doğru istiqamət verməkdir.
Avqustun 9-da “Düzgün İxtisas Seçimi” təşəbbüs komandasının təşkilatçılığı ilə “Gələcək uğurların təməli düzgün ixtsas seçimidir” adlı onlayn müzakirə təşkil edilib. Müzakirənin qonağı Dövlət Məşğulluq Agentliyinin şöbə müdüri və tanınmış təlimçi Toğrul Ələkbər olub. Müzakirənin moderatorları – BDU-nun məzunu Nərmin Haşimova, MDU-nun tələbəsi Billur Nəcəfova və Mingəçevir Gənclər Evinin könüllüsü Tural Camalzadə, mentoru isə Həmid Hüseynli idi.
Onlayn görüş zamanı Mingəçevir, eləcə də respublikamızın müxtəlif şəhər və rayonlarında yaşayan məktəbli və abituriyentlərin ixtisas seçərkən nəyə diqqət etməli olduqları, müstəqil seçimin önəmi və bu zaman qarşılaşdıqları çətinliklər müzakirə edilib. Eyni zamanda iştirakçıları maraqlandıran suallar ekspertlər tərəfindən cavablandırılıb.
Təşəbbüs UNİCEF-in “Azərbaycan Hökuməti və BMT-nin birgə gənclər üçün xidmətlər təşəbbüsü” proqramı çərçivəsində Konstitusiya Araşdırmalar Fondu və Education HUB tərəfindən icra olunan “Yarat, inkişaf et, töhfə ver” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin maliyyə dəstəkçisi Avropa İttifaqı, dövlət tərəfdaşları isə Gənclər və İdman Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondudur.
Şərhlər bağlıdır.