AktualMingəçevir

Məktəblərin açılmasına sevinək və həm də sağlam olaq!

Uşaqlar nə zaman düzgün qidalanır?

Məktəb yeməyi- gənc nəslin sağlamlığının bünövrəsidir”.

Təəssüf ki, düzgün qidalanmanın sağlam həyat tərzinin əsası olmasını uşaqlar ya bilmir, ya da çox zəif bilir. Məktəb illərində, xüsusilə 10 yaşdan başlayaraq, uşaq daha məsuliyyətli və müstəqil olmağı öyrənir. Eyni zamanda insanlarla ünsiyyətə can atırlar.

Uşaqlar qida rejiminə sərbəst əməl etməyi öyrənməli, müəllim və valideynlərinin nəzarəti olmadan da düzgün qidalanmağı bacarmalıdır! Lakin məktəblilərin qidalanmasına diqqət hələ də yetərli deyil.

Uşaqların məktəbdə düzgün qidalanmasına mane olan səbəblər:

1. Tənəffüslərin çox qısa olması, bəzi halda böyük tənəffüsün olmaması və ya vaxtının az olması. Odur ki, uşaqlar hər qısa tənəffüsdə ayaqüstü qidalanma ilə kifayətlənməli olurlar. 2. Məktəbdə isti və sulu xörəklərin hazırlanmaması və ya bu yeməyi qəbul etmək üçün zamanın az olması.
3.Məktəbdə soyuducunun olmaması.
4. Bəzi məktəblər qapalı olur, içəri girmək və bufet haqqında məlumat toplamaq olmur. Odur ki, valideynlərin çoxu bufetlə tanış olmur və əksəriyyət valideynlər məktəb bufetinə etibar etmir.
5.Məktəb bufetində və ya kənarda yağda qızardılan un məmulatlarının(peraşki) daha çox satılması.

Daha bir problem isə məktəb bufetlərinin hüquqi və fiziki şəxslərə icarəyə verilməsidir. Çox hallarda icarə haqqı yüksək olduğundan bufetdə pul qazandıra biləcək hər cür tez bişən qızartma yeyəcəklər, kolbasa-çörək, sosiska, fast-food, şəkərli içəcəklər satılır. Uşaq və yeniyetmələrin qidalanması zamanı istifadəsinə icazə verilməyən qidaların siyahısı açıqlanıb. Lakin buna əməl olunmur, əməl etməyənlər isə cəzalanmır, çünki 2021-ci ilə qədər sahibkarlıq subyektlərində yoxlama aparılması dayandırılıb.

Belə vəziyyətdə insan özünə ilk sualı verməlidir:- Mən nə etməliyəm?

Əgər evdə məktəbli uşaq varsa, bacardığım qədər onun düzgün qidalanmasına kömək etməliyəm. Deməli ilk növbədə evə sağlam və təbii qidalar almaq lazımdır, süfrədə həmişə mövsümə uyğun meyvələr olmalıdır. Əlbəttə ki, bunların olmağı çox gözəldir, amma bu meyvələri yemək və düzgün qidalanmaq üçün uşağı məcbur etmək yox, maraqlandırmaq lazımdır. Meyvəni uşağın yanında yemək və onun çox dadlı olduğunu demək, düzgün qidalanmanın faydaları haqqında maraqlı əhvalatlar danışmaq lazımdır. Bütün bu cəhdlər uşaqlarda meyvə yemək və düzgün qidalanma vərdişləri yaranana qədər davam etməlidir. Hətta uşaqlarla birlikdə bazardan və ya marketdən meyvə-tərəvəz və ərzaq məhsulları almaq olar.

Düzgün qidalanmanın tərkib hissəsi olan su qəbulu da çox vacibdir. Mütəxəssilər müəyyən etmişlər ki, uşaqlar gün ərzində bəlli miqdarda su içməlidir. Bizim uşaqlar necə, lazım olan qədər su içirmi? Əgər lazım olan miqdarda su qəbul edilmirsə, o zaman orqanizmdə susuzluq və onun törətdiyi fəsadlar, uşaqlarda ilk olaraq qəbzlik yaranır. Bu isə bağırsaq problemlərinin yaranmasına səbəb olur. Eyni zamanda məktəblərdə ayaqyoluların təmiz olmaması ucbatından, uşaqlar oraya getməmək üçün, məktəbdə olduqları müddətdə su içməkdən imtina edirlər, xüsusilə də qızlar. Bu isə bədəndə susuzluğun yaranmasına, qanda qatılaşmaya səbəb olur, bu halda uşaqlarda güclü başağrıları baş verir.

Ümumdünya Səhiyyə Təşkilatının( ÜST) tərifinə görə “Sağlamlıq – təkcə xəstəliyin və fiziki qüsurların olmaması deyil, həmçinin mənəvi və sosial rifahdır” 

16 sentyabrda, ölkəmizin hər yerində, məktəblər öz qapılarını övladlarımızın üzünə açacaqdır. Məktəblər təkcə təlim-tərbiyə ocağı deyil, həm də uşaqlarımızın gündəlik vaxtının 5-6 saatını keçirdiyi məkandır. Odur ki, məktəbdə olduqları zamanda da onlar qidalanmalarına diqqət etməli, düzgün qidalanmağa çalışmalıdırlar. Bunun vacibliyini isə ilk növbədə valideynlər övladlarına izah etməli və onların qidalanmasının qayğısına qalmalıdırlar.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close