Liftin qapısı üçüncü mərtəbədə açılmır
Mingəçevir sakini Əhmədova Sevil Xəlil qızı 20 Yanvar küçəsindəki 12 saylı evdə, 9 mərtəbəli binanın üçüncü mərtəbəsində yaşayır. O, uzun illər TRM zavodunda texnoloq vəzifəsində çalışıb və “qazancı” ikinci qrup əlillik olub. Xəstəliyi ayağıyla bağlıdır: “Üçüncü mərtəbəyə qalxan zaman təngənəfəs oluram. Qapımın ağzında liftin açılması üçün lift idarəsinə dəfələrcə müraciət etmişəm. Lakin bir faydası yoxdur. Şəxsən bu məsələylə bağlı özüm İcra Hakimiyyətinə, liftlə bağlı işlərə baxan Rəsul Paşayevin yanına gedib vəziyyəti ona danışmışam. O da cavabında bizlik deyil, Mingeçevir şəhər liftlərin quraşdırılması, təmiri və xidməti idarəsinin rəisi Elman Qasımova müraciət edin-deyib. Mən də Elman müəllimin yanına dəfələrlə getmişəm. Xəstəliyimlə bağlı 3-cü mərtəbədə liftin açılmasını ondan xahiş etmişəm. Elman müəllim də heç bir problemin olmadığını söyləyib. Amma deyib ki, FHN-də işləyən Azər müəllimdən icazə almağınız lazımdır. Hətta mənə Azər müəllimin telefon nömrəsini də verib”-Sevil xanım belə deyir. Sonra da bildirir ki, Azər müəllimə zəng edib məsələni ona danışandan sonra Elman müəllimə liftin açılması üçün tapşırıq verilib: “Gözlədim ki, gəlib lifti açarlar. Ancaq bu belə olmadı. Məsələnin nə yerdə qaldığını öyrənmək üçün yenidən Elman müəllimin yanına getməli oldum. Soruşanda cavabında nə desə yaxşıdır? “Maliyyə vəsaiti Zaqatalada baş vermiş zəlzələyə xərclənib. Pul olanda, yeni liftlər gətiriləndə sizin mərtəbədə də liftin qapısını gəlib açacaqlar”.
Görəsən Sevil xanım indidən sonra nə qədər gözləməlidir? Bəlkə üçüncü mərtəbədəki mənzilini satıb beşinci mərtəbəyə çıxsın? Çünki beşinci mərtəbədə liftin qapısı açıqdır.
Könül,
“Mingəçevir işıqları”-nin nəzdindəki Jurnalistika Məktəbinin dinləyicisi
Şərhlər bağlıdır.