Kür üstündəki şəhərin yay qayğıları
Market işçisi virus daşıyıcısı olarsa…
Əksəriyyət infeksiyaya yoluxmaqdan ehtiyat etdiyi üçün gigiyenik qaydaları ciddi yerinə yetirməyə çalışır. Amma kim zamin ola bilər ki, ərzaq satan adamlar bizim həyatımızı təhlükəyə atmırlar? Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının marketinq və ictimaiyyətlə ələqələr şöbəsinin əməkdaşı İlahə İsmayılovanın qənaətinə görə, bu gün ən ciddi problem marketlərdə maska və digər qoruyucu vasitələrdən düzgün istifadə olunmamasıdır: “Dünən marketdə rastlaşdığım mənzərə mənə heç xoş gəlmədi. Marketə daxil olan kimi kassanın önündə alıcılara malları paketləməyə kömək edən bir işçi maskasını aşağı edib, burnunu, ağzını sildi, yenidən maskasını taxdı. Ancaq sonra nə əlcəyini dəyişdi, nə də yaxınlıqda olan dezinfeksiyaedici maddədən istifadə etdi. Əgər o işçi hər hansı bir virus daşıyıcısıdırsa, o zaman xidmət göstərdiyi vətəndaşa ötürmüş oldu. Konfet satılan bölmədə bir işçinin konfetləri bir-bir açıb baxması, sonradan səliqə ilə bağlayıb, səbətə yığması da diqqətimi çəkdiyi üçün onu izlədim. Az sonra həmin işçi əyilib, ayağını qaşıdı və yenidən əvvəlki işinə davam etdi. Artıq dayana bilməyib yaxınlaşdım ki, siz bu konfetləri niyə açıb-bağlayırsız? İşçi xanım cavabında dedi ki, konfetlərin içindən xarab olanları seçirəm. Soruşdum ki, bəs niyə əlini ayağına vurandan sonra əlcəyini dəyişmədin? “Guya əlcək təmizdi ki… Səhərdən əlim dəyməyən yer qalmayıb”. Cavabı belə oldu”.
Mağaza və apteklərə reydlər keçirilir
Mingəçevir Şəhər İcra Hakimiyyətindən aldığımız məlumata görə, 35 mobil qrup əhali arasında maarifləndirmə üçün səfərbərliyə alınıb. Onlar tibbi maskadan istifadə, ara məsafənin gözlənilməsi, gündəlik şəxsi gigiyena qaydalarına əməl olunması ilə bağlı məhəllə və obyektlərdə söhbətlər aparırlar. Şəhər sakinlərinə qaydalara ciddi əməl etmək, zərurət olmadan evdən çölə çıxmamaq tövsiyə edilir. Qruplar tərəfindən vətəndaşlara və iaşə obyektlərinə maarifləndirici bukletlər də paylanıb.
Küçə və parklarda əvvəlki günlərlə müqayisədə adamlar qat-qat azalsa da, mağaza və apteklərdə müəyyən sıxlıq hiss olunur. Xüsusən alıcıların qoruyucu vasitələr olmadan bu obyektlərə daxil olmasına yol verilir. Regional QHT-lərin Resurs və Təlim Mərkəzinin üzvləri, polis əməkdaşları fəaliyyətinə icazə verilmiş xidmət obyektlərində, eyni zamanda marşurut dayanacaqlarında işçi heyəti, əhali və sürücülərlə görüşürlər. Hazırda iri market və apteklərə davamlı reydlər keçirilir, karantin qaydalarını pozan şəxslər aşkarlanaraq, inzibati məsuliyyətə cəlb edilir.
Dezinfeksiya işlərinə diqqət azalıb
Əvvəlki karantin dövründən fərqli olaraq, bu dəfə parklara girişə qadağa qoyulmayıb. Nəzərə alaq ki, məcburi köçkünlərlə birgə 120 min nəfər əhalisi olan şəhərdə bir neçə kiçik park var, əhalinin ən çox toplaşdığı yer isə Sahil parkıdır. May-iyun aylarında və iyulun ilk günlərində bu parkda iynə atsaydın, yerə düşməzdi. Ərazidə vaxtilə uşaq attraksionunun, sonradan kiçik sahibkarlar tərəfindən saysız-hesabsız səyyar əyləncə vasitələrinin quraşdırılması həddindən çox sıxlığa gətirib çıxarıb. Son dönəmdə Mingəçevirdə COVİD-19-a yoluxma faizinin atrmasını bu parkdakı sıxlıqla əlaqələndirənlər də var. Üstəlik sahil boyunca qamışlıqların biçilməməsi, oturacaqların və əhalinin təmasda olduğu digər vasitələrin dezinfeksiyaedici maddələrlə yuyulmaması təəssüf doğurur. Rəsmi qurumlar şəhərdə gündəlik dezinfeksiya işləri aparıldığını bildirsələr də, yerli sakinlər hazırda belə tədbirlərin şahidi olmadıqlarını deyirlər. Xüsusən son günlər park və xiyabanlarda həşaratların artması, eyni zamanda tarakan və ağcaqanadların çoxalması dezinfeksiya işlərinə diqqətin xeyli azaldığını üzə çıxarır. Mart və aprel aylarında şəhərin hansı küçə və məhəllərinin dezinfeksiya edildiyi barədə şəhər İcra Hakimiyyətinin internet səhifəsində vaxtaşırı məlumat verilirdi. İyulun 7-də isə qurumun veb səhifəsində bu vacib tədbirlə bağlı heç bir ünvanı göstərilməyən bir cümləlik xəbərlə rastlaşdıq: “Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi tədbirlər planına uyğun olaraq Mingəçevir şəhərində gündəlik dezinfeksiya işləri aparılır.”
Mingəçevirin əsas problemi işsizlikdir
Pandmiya tüğyan etməsinə baxmayaraq, Mingəçevirin park və xiyabanlarında yenidənqurma işləri davam etdirilir. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov iyulun 7-də jurnalistlərlə görüşərkən bu barədə məlumat verib. O, bildirib ki, “Qurucular” parkının görkəmi şəhərin və insanların zövqünə uyğun deyil: “Tarix Muzeyinin qarşısındakı boş meydanda Avropa ölkələrində müşahidə olunan şəlalə kompleksi inşa olunacaq, eyni zamanda Nizami parkı yenidən qurulacaq. Tərəvəzçilik, Energetiklər və Sağ Sahil yaşayış massivlərində və sol sahildəki 2 məhəllədə insanların rahat istirahəti üçün güşələr yaradılacaq”.
Başçının dediyinə görə, kiçik məsələləri şəhər öz daxili imkanları hesabına həll edə bilir, amma qloblal problemlərin həlli üçün mərkəzi qurumlara müraciət olunub: “İyunun 25-də Prezident Mingəçevirdə səfərdə olarkən onun diqqətinə çatdırdım ki, şəhərimizn əsas problemi işsizlikdir. Yeri gəlmişkən, prezident bunun həllinə dair artıq İqtisadiyyat Nazirliyinə tapşırıqlar verib. Bakı və Sumqayıtdakı layihələr Mingəçevirə yönəldiləcək. Mən cənab prezidentdən şəhərin istilik sisteminin bərpasına kömək etməyi də xahiş etdim”.
Şərhlər bağlıdır.