Kopenhagendə Azərbaycanın haqq səsi eşidilib
“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 22 oktyabr 2016-cı il tarixində Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərində “Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün olmuş azərbaycanlıların pozulmuş hüquqlarının bərpası uğrunda Beynəlxalq konfrans” adlı layihəni həyata keçirdi. Layihənin əsas məqsədi 1988-ci ildə Ermənistan ərazisində yaşayan 250 mindən çox azərbaycanlının tarixi torpaqlarından etnik təmizləməyə məruz qalmaları, daha sonra elan olunmamış müharibə nəticəsində Dağlıq Qarabağ və onun ətrafında yerləşən qədim Azərbaycan torpaqlarının işğal edilməsi, bu işğal nəticəsində 700 minədək vətəndaşımızın öz torpaqlarını məcburi tərk etməsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə, xüsusən də, Skandinaviya ölkələrindən olan Danimarka Krallığının diqqətinə çatdırmaq, qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası üçün beynəlxalq konfrans keçirilməsi idi.
Tədbir Dövlət himnimizin səslənməsi ilə başlandı. İlk çıxışı layihənin rəhbəri “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinin sədr müavini Ayaz Məmmədov etdi. O, 1988-ci ildən Azərbaycan topmaqlarını mərhələli şəkildə Ermənistan Respublikasının işğal etmək siyasəti barədə geniş məlumat verdi. Təcavüz nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsinin kökü, Azərbaycanın məruz qaldığı və uzun illər davam edən işğal nəticəsində baş vermiş kütləvi faciə, müharibənin yaranma səbəbləri, törətdiyi fəsadlar və həlli istiqamətində aparılan uğursuz beynəlxalq fəaliyyət işıqlandırıldı. Münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində həll olunması üçün Ermənistana beynəlxalq səviyyədə müvafiq sanksiyaların tətbiq edilməsinin zərurəti vurğulandı. Bu təcavüzün əsl qurbanlarının bir milyona qədər olan azərbaycanlı qaçqın və məcburi köçkünlərin olduğu bildirildi.
Beynəlxalq təşkilatların, o cümlədən, BMT tərəfindən 30 aprel 1993-cü il tarixli 822, 29 iyul 1993-cü il tarixli 853, 14 oktyabr 1993-cü il tarixli 874 və 12 noyabr 1993-cü il tarixli 884 nömrəli qətnamələri təsdiq edərək Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının dayandırılması, Dağlıq Qarabağ və ətraf rayonlardan işğalçı hərbi qüvvələrin çıxarılmasının tələb olunmasına baxmayaraq hələ də Azərbaycan torpaqlarının işğal altında olması, qaçqın və məcburi köçkünlərimizin hüquqları kütləvi şəkildə pozulması barəsində ətraflı məlumat verildi. Habelə, Avropa Şurası Parlament Assambleyası Dağlıq Qarabağ münaqişəsinə dair 1047 saylı (1994) və 1251 saylı (1994) qətnamə qəbul edərək erməni təcavüzünün pisləməsi bir daha səsləndirildi. Bununla yanaşı İslam Konfransı Təşkilatı tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” haqqında 2003-cü ildə 13/30-P saylı qətnaməsinin də qəbul edildiyi qeyd edildi.
Beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq Ermənistan hələ də sülh razılığına yanaşmır. Münaqişə zonasında daimi olaraq atəşkəs rejimini pozur. Artıq qaçqın və məcburi köçkünlərimizin öz doğma yurdlarına qayıtması, kobudcasına pozulmuş hüquqların bərpası dünya ictimaiyyətinın diqqət mərkəzində olmalı və tezliklə Ermənistana beynəlxalq təzyiqlər göstərilməlidir.
Tədbirdə Danimarkadan dəvət olunmuş qonaqlar, ziyalılar, ictimai xadimlər və media nümayəndələri, Türkiyə Cumhuriyəti nümayəndələri, Azərbaycanın Danimarkadakı fəaliyyət göstərən “Vətən Cəmiyyəti” təşkilatı nümayəndələri iştrak ediblər. Layihə rəhbəri Ayaz Məmmədov bu mövzuda Danimarka Parlamentinin üzvü xanım Yıldız Akdoğan ilə, Aarhus Bələdiyyəsinin üzvü və Danimarka Parlamentinin əvvəlki çağırış millət vəkili Hüseyin Araç ilə və Danimarkada fəaliyyət göstərən “Danimarka Azərbaycan Vətən Cəmiyyəti”nin nümayəndələri ilə görüş keçirmiş, onlara bu mövzu barədə ətraflı məlumatlar vermişdir.
Şərhlər bağlıdır.