“Konduktorluq edən, maşın yuyan azyaşlıların azalması küçə uşaqlarının azalması demək deyil”
Ailəsini və özgələri saxlayan uşaqlar
Avtobuslarda yaxasından: “Atam ölüb, anam xəstədi. Dərman almağa kömək edin” ifadələri asılmış balacalarla tez-tez qarşılaşırıq. Bunlar ağızlarını açıb heç nə istəmir, danışmır, sadəcə, adamlara o kağızı göstərirlər. Hətta belə təəssürat yaranır ki, laldırlar. Ancaq bu, sadəcə, təəssüratdır. Əslində onları buna məcbur edənlər və hər gün topladıqları vəsaiti əllərindən alanlar var.
Yol kənarında maşın təkəri qaraldan, üz-gözündən əzab və yorğunluq yağan körpə uşaqları da görürük. Onların sırasında dilənçilər də var, bazarda alver edənlər də. 14 yaşlı Əhməd deyir ki, 5 ildir bazardadır: “Günə 10-12 manat qazanıram. Hamısını da aparıb qəpiyinədək anama verirəm. Hər gün o başdan gəlirəm, bazar bağlananda gedirəm. Ayda bircə gün də olsa doyunca yatmaq istəyirəm”.
Elsəvərlə Nihad isə şəhərin mərkəzində təkər qaraltmaqla məşğuldurlar: “Anam evdar qadındır, atam da iki ildir ki, işsizdir. Əvvəllər tikintidə çalışırdı. Bircə mən işləyirəm, yoxsa ailəmiz ac qalar”-Nihad belə deyir.
Əslində təhsil ala bilməməsi uşaqların yaxşı gələcəyə ümidlərini puç edir. Belə uşaqların davranışında dağıdıcı, zərərverici meyllər yüksək olur. Ona görə də narkomaniya, alkoqolizm kimi vasitələrə belələri tez yönəlirlər.
“Uşaq əməyinin istismarı diqqətdən kənarda qalıb”
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, küçə uşaqlarının sayı getdikcə artır: “Küçə uşaqlarının sayının artması ilə bağlı həyəcan təbili çalmağın vaxtıdır. Konduktorluq edən, maşın yuyan azyaşlıların sayının azalması küçə uşaqlarının azalması demək deyil. Bizdə küçələrdə onlarla uşağın olması və onların harada gecələməsi barədə xeyli məlumat var”.
Ölkəmizdə uşaqların cinsi istismara cəlb olunması ilə bağlı cinayət işləri mövcud olsa da, uşaq əməyinin istismarı diqqətdən kənarda qalıb. İndi uşaq əməyinin istismarçıları sırasına valideynlər də qoşulub və onlar övladlarının uşaq yaşlarından əməklə məşğul olmasını normal hal sayırlar. Küçə-bazara ayaq açan uşaqların bəziləri sonradan insan alveri qurbanlarına çevrilirlər.
DİN-in İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin rəsmiləri hesab edirlər ki, uşaq əməyinin istismarında həm valideynin, həm məktəbin, həm də uşağı işlədən sahibkarların günahı var.
Azərbaycan 1996-cı ildə fahişəliyin üçüncü şəxslər tərəfindən istismarı ilə bağlı BMT Konvensiyasına qoşulub. Ölkədə insan alverinə qarşı mübarizə ilə bağlı Milli Fəaliyyət Planı təsdiq edilib. Milli Fəaliyyət Planında insan alverinin qurbanı olmuş uşaqlara yardımın təkmilləşdirilməsi zəruri sayılır.
Qanun 15 yaşınadək uşağın işə cəlb olunmasına qadağa qoyur
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 24-cü maddəsinə əsasən, uşaqların yaşına, səhhətinə, ümumtəhsil və peşə hazırlığı səviyyəsinə uyğun olaraq əmək hüququ vardır. Eyni zamanda Əmək Məcəlləsinin 42-ci maddəsində qeyd olunub ki, 15 yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. 15 yaşından 18 yaşınadək şəxslərlə əmək müqaviləsi bağlanarkən onların qanuni nümayəndələrindən, yəni valideynlərindən və ya övladlığa götürənlərdən, qəyyumlarından birinin, yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır.
Uşağın gördüyü iş onun tam formalaşmamış orqanizminin fizioloji xüsusiyyətlərinə uyğun olmalıdır. Qanunvericilik uşaqların sağlamlığının əmək fəaliyyəti ilə məşğul olmağa imkan verib-verməməsini də müəyyənləşdirir. Yaşı 18-dən az olan şəxslər işə yalnız tibbi müayinədən keçirildikdən sonra qəbul edilir və onlar 18 yaşına çatanadək hər il işəgötürənin vəsaiti hesabına hökmən tibbi müayinədən keçirilməlidir (ƏM, 252-ci maddə). 16 yaşınadək olan işçilər üçün iş vaxtı 24 saatdan, 16 yaşdan 18 yaşadək olan işçilər üçün isə 36 saatdan artıq olmamalıdır (ƏM, 91-ci maddə). Lakin onların əmək haqları müvafiq vəzifələr, peşələr üzrə işləyən 18 yaşı tamam olmuş işçilər üçün müəyyən edilən tam məbləğdə ödənilməlidir.
Milli qanunvericiliklə yanaşı, beynəlxalq qanunvericilkdə də uşaqların əmək hüququ ilə bağlı müddəalar mövcuddur. Belə ki, BMT-nin 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasının 32-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın iqtisadi istismardan və sağlamlığı üçün təhlükə törədə bilən və ya təhsil almasına mane ola bilən, yaxud sağlamlığına və fiziki, əqli, ruhi, mənəvi və sosial inkişafına ziyan vura bilən hər hansı işi yerinə yetirməkdən müdafiə edilmək hüququnu tanıyırlar. Habelə iştirakçı dövlətlər bu maddənin həyata keçirilməsini təmin etmək üçün qanunvericilik tədbirləri, inzibati və sosial tədbirlər, habelə təhsil sahəsində tədbirlər görürlər.
“Mən niyə başqaları kimi oxumuram”
Uşaq Hüquqlarının Müdafiə Liqasının sədri Yusif Bəkirov deyir ki, 2015-ci ildən De-institusionalizasiya proqramı həyata keçirməklə internatlar ləğv olunmalı idi: “Hər kəs internata düşən uşağı götürüb saxlaya bilər. Əvvəllər dövlət pulu o valideynə verirdi ki, o internatlıq uşağa baxırdı. Yəni, uşaq ailə mühitində böyüyürdü. Xaricdə bu sistem mövcuddur. Təəssüflər olsun ki, Azərbaycanda bunun əksi olaraq, Təhsil Nazirliyi internatların sayını azaldaraq bildirir ki, bizdə internatlıq uşaqların sayı azalıb və bu istiqamətdə iş görülür. Ancaq həmin internata getməyən uşaqlar küçələrə düşərək cinayətkarlıq və başqa işlərlə məşğul olur. Burda mahiyyət ondan ibarətdir ki, dövlət valideynlərə pul ayırmır ki, valideynlər internata məxsus uşaqlara baxsın”.
Psixoloq Yaqub Əsgərovun qənaətinə görə, azyaşlı şagird məktəbdə olmalıdır: “Onun əməyinin istismar edilməsi doğru deyil. Bu, onun psixologiyasına, taleyinə mənfi təsir göstərir. Psixoloji travmalar yaranır. O uşağın özünə təsir edir ki, mən niyə başqaları kimi oxumuram, məktəbdə olmuram”.
Dövlət qurumları nəzarəti gücləndirməlidir
Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Elgün Səfərovun dediyinə görə, uşaq əməyinin istismarı və küçə uşaqlarıyla bağlı məsələni komitə diqqət mərkəzində saxlayır: “Məşğulluq idarəsi, Daxili İşlər Nazirliyi və bizim komitə uşaq əməyinin istismarı ilə bağlı birgə mütəmadi reydlər keçirir. Hər il təxminən 200-220 uşaq qeydiyyatdan keçir və uşaq əməyi müəyyən edilir. Xüsusən də onların valideynləri ilə bağlı inzibati məsuliyyətə cəlb edilmə, valideyn hüquqlarının məhdudlaşdırılması və ya ləğv edilməsi kimi tədbirlər görülür”- komitə rəsmisi belə deyib.
Statistikaya görə, ötən il övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələri yerinə yetirməyən, onları hüquqazidd əməllərə cəlb edən 200-ə yaxın valideyn məsuliyyətə cəlb olunub, İnzibati Xətalar Məcəlləsinin 51.1 maddəsinə əsasən inzibati cərimə kimi valideynlərə 100 manat məbləğində cərimə kəsilib. Dövlət Əmək Müfəttişliyinin məlumatına görə, 2015-ci ildə uşaq əməyinin istismarına görə 4 nəfər işəgötürən 4000 manat (hər biri 1000 manat məbləğində olmaqla) cərimə edilib.
Yeri gəlmişkən, 2013-cü ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında “Uşaq əməyinin istismarının qarşısının alınması sahəsində Birgə Tədbirlər Planı təsdiq edilib. Tədbirlər Planı uşaq əməyinin istismarı, onun aşkar edilməsi yolları və bu hallarla üzləşən uşaqların hüquqlarının müdafiə edilməsi ilə bağlı müvafiq dövlət orqanları əməkdaşlarının məlumatlandırılması, maarifəndirmə tədbirlərinin həyata keçirilməsini əhatə edir.
Aidiyyatı qurumların səlahiyyətli nümayəndələri mətbuata açıqlamalarında bildirirlər ki, görülən işlərin nəticəsi olaraq ötən illərlə müqayisədə ölkəmizdə uşaq əməyinin istismarı hallarında, bu məsələ ilə bağlı rəsmi müraciətlərdə azalma tendensiyası müşahidə olunur. Amma uşaqlarla məşğul olan qeyri-hökumət təşkilatlarının hesabatlarında vəziyyətin heç də yaxşı olmadığı diqqətə çatdırırlır. Belə qənaət yaranır ki, bir çox hallarda məmurlar faktları qeydiyyata almır və cəmiyyətdən gizlədir. Bu isə uşaq əməyini istismar edənlərə əlverişli mühirt yaradır. Ekspertlər regionlarda valideyn və uşaq hüquqlarının maarifləndirilməsi istiqamətində nəzarətin effektiv həyata keçirilməsi üçün dövlət qurumları nümayəndələrinin həmin bölgələrdə nəzarətinin gücləndirilməsini vacib hesab edirlər.
Məqalə ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” proqramı çərçivəsində «İnsan Alveri Qurbanlarına Dəstək» Konsorsiumunun həyata keçirdiyi “Regionda insan alveri probleminin qarşısının alınması və stereotiplərin aradan qaldırılması üçün maarifləndirmə” layihəsi çərçivəsində dərc olunur. Məqalədə ifadə edilmiş fikirlər müəlliflərə məxsusdur və ABŞ Dövlət Departamenti və BMqT-nin mövqeyini əks etdirmir .
Şərhlər bağlıdır.