Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“Komatsuya gəlsəniz, mütləq Ağdağa getməyiniz məsləhətdir”

Oktyabrın 18-də Yaponiyanın Komatsu şəhərinin nümayəndə heyəti Mingəçevirdə işgüzar səfərdə olub. İcra Hakimiyyəti başçısı Niyazi Bayramov qonaqlara şəhərin tarixi və bu günü barədə qısa məlumat verib. O, Mingəçevirin təhsil və sənayesi, xüsusən  inşası ilin sonunda başa çatdırılacaq “Asan  Həyat” komleksi və Sənaye Parkının birinci növbəsi, eyni zamanda Mingəçevirin turizm potensialı barədə danışıb, gələcəkdə qonaq ölkənin şəhər və insanları ilə geniş əlaqələrin yaradılacağına ümid etdiyini vurğulayıb.

Komatsu şəhərinin meri Şinji Vada Azərbaycanın müstəqillik gününə təsadüf edən görüşdə tədbirə toplaşanları və xalqımızı bayram münasibətilə təbrik edib. O, bildirib ki, Mingəçevir barədə məlumatı Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadədən alıb: “O, mənə sizin şəhəriniz haqda   danışdı. Dedi ki, bu şəhərdə də Komatsu kimi su idmanı ilə məşğul olurlar. Çox gözəl yerdir. Hər iki şəhərin əhalisi də təxminən eyni saydadır”.

Mer vurğulayıb ki, Qafqazın təbiəti çox gözəldir: “Burda olmaqdan məmnunam. Bizim yerlərdə də belə gözəlliklər var. Komatsuya gəlsəniz, mütləq Ağdağa getməyiniz məsləhətdir. Bizim şəhər həm də kanoe ilə bağlı məşq və yarışların keçirildiyi məkandır. 2020-ci ildə kanoe üzrə dünya çempionatı Yaponiyada olacaq. Ümid edirəm ki, Mingəçevirdə məşq keçən Azərbaycan komandası çempionatda yüksək nəticələr göstərəcək”.

Görüşdə MTK-nın direktoru Əyyub Əyyubov,  MDU-nun rektoru Akif Hacıyev, Komatsu Dövlət Universitetinin Hazırlıq Komitəsinin sədri, Kanazava Universitetinin müşaviri Hiroşi Yamamoto,  Komatsu Şəhər Şurasının sədri Toşikazu Umeda, Kanazava Universiteti,  Qlobal Məsələlər Təşkilatının Xüsusi təyinatlı professoru Aidə Məmmədova, Komatsu şəhərinin Beynəlxalq Təşviqat İdarəsinin baş direktoru Katsuşi Fuci hər iki şəhərin, xüsusən təhsil  müəssisələrinin əməkdaşlıq imkanları barədə fikirlərini bölüşüblər.

Bundan sonra qonaqlar Heydər Əliyev Mərkəzinə, şəhərin Tarix Muzeyinə və SES silsiləsinə baş çəkiblər.

Şərhlər bağlıdır.