Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Köçkün icmalarının alt qrupları uşaqları əyləndirdi

BMT QAK-ın məcburi köçkünlərlə bağlı layihəsi çərçivəsində Mingəçevir şəhər “Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə tədbir keçirilib

 

1 iyun 2023-cü il tarixdə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) maliyyələşdirdiyi və “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyinin (“Ümid” SİD İB) icra etdiyi “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsi çərçivəsində formalaşdırılmış bir neçə hədəf İcma İnkişaf Şuralarının alt qrupları Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Mingəçevir şəhər “Uşaq və Ailələrə Dəstək Mərkəzi”ndə sağlamlıq imkanları məhdud, qayğıya ehtiyac və valideyn himayəsindən məhrum olan uşaqlar üçün əyləncəli tədbir təşkil edib. Tədbirdə Mingəçevir şəhəri “Kür” Mehmanxanası, Yevlax rayonu Mal Binəsi və 32-ci məhəllə İcma İnkişaf Şuralarının və “Mədəniyyət və incəsənət” alt qruplarının üzvləri olan saz, sintezator, tar, qarmon, nağara ifaçıları şən musiqi nömrələri ilə çıxış edərək uşaqları əyləndirmişlər. Tədbirdə, həmçinin “Kür” Mehmanxanası icmasından olan uşaqlar da iştirak edərək vətənpərvərlik mövzusunda şeirlər səsləndirmiş, milli rəqs nümunələri təqdim etmişlər. Alt qrupların dəvət etdikləri klounun gəlişi isə uşaqların ikiqat sevincinə səbəb olmuşdur.

Cari ilin fevral ayından icra edilən “Mingəçevir, Goranboy, Yevlax şəhər və rayonlarında Məcburi Köçkün İcmalarının səfərbərliyi və bacarıqlarının artırılması” layihəsinin başlıca məqsədi mövcud məcburi köçkün icmalarının dayanıqlığını artırmaq və onları İştiraklı İcma İnkişafı və Usta yanında Şagird Hazırlığı metodları vasitəsilə qarşıdakı qayıdış prosesinin çətinliklərinin öhdəsindən gəlməyə hazırlamaq üçün potensialını gücləndirməkdir.

Şərhlər bağlıdır.