Kişilərin idarə etdiyi cəmiyyətdə uğurlu xanımlar
“Bizim Azərbaycanda fəaliyyətimiz cümhur başkanının dəvəti ilə olub”
Azərbaycanın ucqar bölgələrində qadın iştirakçılığının və qərarvermə prosesinə çıxış imkanlarının gücləndirilməsi üçün nə etmək olar? Bu istiqamətdə dövlətin siyasəti, vətəndaş cəmiyyəti və medianın rolu necə təsəvvür olunur? Ictimai vəkilllik və şəbəkələşmə yolu ilə qadınların gücünü artırmaq mümkünmü?
Sentyabrın 2-də bu mövzular ətrafında, “Qadın gücünə güc” layihəsi çərçivəsində keçirilən strateji seminarda müzakirələr aparılıb. Aİ (Avropa İttifaqı) və KAS-ın (Konrad Adenauer Stiftung) Cənubi Qafqaz üzrə Regional direktoru Canan Abiqan qadınların və digər sosial qrupların, əsasən gənclərin ictimai və sosial fəallığını artırmaq üçün bu ölkəyə gəldiklərini nəzərə çatdırıb: “Bizim Azərbaycanda fəaliyyətimiz cümhur başkanının dəvəti ilə olub. Biz bi layihə çərçivəsində 400 qadınla işləməyi düşünürük”.
Türk əsilli almaniyalı xanımın dediyinə görə, qadınlarımızın özəl və sosial rolunu, qərarvermədə iştirakını artırmaq niyyətindədirlər: “Bunu siz özünüz edəcəksiniz, biz isə dəstək olacağıq”.
“Ölkəmizin gələcəyi qeyri-neft sektorunun inkişafındadır”
“Avropa İttifaqı Azərbaycanın vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edir. 2010-cu ildən ucqar kəndlərdə liderlik məktəbləri açılıb. İnsan alveri qurbanlarına hüquqi yardım göstərilib. Bir sıra layihələrimiz məcburi köçkünlərə, QİÇS-dən əziyyət çəkənlərə ünvanlanıb”.
Bu fikirləri səsləndirən Aİ-nin Bakı nümayəndəliyinin Proqram meneceri Məryəm Hacı İsmayılova onu da deyib ki, sentyabr ayından ailədaxili zorakılığın əleyhinə təlim və məlumatlandırma məqsədilə yeni layihənin icrasına başlanacaq.
Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov xanımlarda sahibkarlıq vərdişlərinin aşılanmasından, onların ictimai və iqtisadi fəalliğının artırılmasından danışıb: “Ölkəmizin gələcəyi qeyri-neft sektorunun inkişafındadır. Bu işə xırda sahibkarlıqla məşğul olan qadınlarımızın xüsusi töhfəsi ola bilər. Misal üçün deyim ki, Türkiyədə inkişaf kiçik sahibkarlığa böyük dəstək verilməsi ilə bağlıdır”.
“Uğurlu xanımın yanında uğurlu kişi dayanır”
Milli Məclisin üzvü Elmira Axundova hələ Sovetlər dövründə Heydər Əliyevin diqqət və qayğısı sayəsində qadınların irəli çəkildiyini və son illərdə bu tendensiyanın artdığını nəzərə çatdırıb: “Milli Məclisdə 20-dək qadın deputat təmsil olunur. Biz kişilərin idarə etdiyi cəmiyyətdə yaşayırıq. Uğurlu xanımın yanında uğurlu kişi dayanır”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova bəzən təşkilatların eyni bölgədə eyni məzmunlu tədbirləri gerçəkləşdirməsindən, bir sıra layihələrin davamlığının olmamasından narahatlığını bildirib, ÜSY-nın ailələrə dəstək proqramı ilə əvəz olunmasını təklif edib. “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zemfira Ağayeva, “Xalça Dünyası” Assosiasiyasının rəhbəri Fatima Ağayeva, zaqatalalı sahibkar Nadilə Orucova, Xaçmaz İnsan hüquqları Rresurs Mərkəzinin sədri Solmaz Rzayeva, “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İctimai Birliyinin sədri Lüdmila Xəlilova uğur hekayələrindən və qadın sahibkarların problemlərindən bəhs ediblər. “Qadın Gücünə Güc” layihəsininkoordinatoru Şəhla İsmayıl bildirib ki, reallıqda qadınlarımız yetərincə güclü deyil, çünki addımbaşı maneələrlə üzləşirlər: “Göz yummaqla problem həll olunmur. Real fəaliyyət planına ehtiyac var”.
Mediada qadın haqları qorunmur
BDU-nun Radio və Televiziya Jurnalistiakası Fakültəsinin mütəxəssisi Turac Qəhrəmanova deyib ki, bu gün əksər xəbərlər qadın üzərindən, onlara qarşı zorakılıqlardan bəhs edir: “Amma qadınların, xüsusən bölgələrdə yaşayanların haqları mediada qorunmur, problemləri işıqlandırılmır. Balaca bir uğuru olan qadının uğur hekayəsini yazmalıyıq ki, bu digər qadınlar üçün ümid ola bilsin. Biz nanotexnologiya sahəsində Yaponiya ilə rəqabətə girə bilmərik, amma narşərabla dünya bazarında maraqlı nə isə edə bilərik”.
Media mütəxəssisi Zeynal Məmmədlinin müşahidələrinə görə, Azərbaycanın media məkanı qalmaqallı xəbərlər, islahat qurbanları, zəngin adamlar və sekslə doldurulur: “Önəmli olan sosial statusdur. Sən dilənçisənsə, dünya sənin gözündə dəyişir”. Z.Məmmədli jurnalistlər üçün, xüsusən dövlət büdcəsindən maliyyələşən İTV və AZTV üçün marqalı mövzular təklif edib: “Dəyişən qadınlar. Qadınların özlərinin gələcək seçimi. Təkrar ailə quran qadınlar. Birincilər (məsələn, ilk gəmi kapitanı). Savaşlarda qadın (ailə savaşı, iş savaşı və s). Şəhərli qadın kənddə, kəndli qadın şəhərdə. Kütlə adamının vətəndaşa çevrilməsi”.
“Seçimi qadının özünə vermək lazımdır. O, işləmək istəyir, yoxsa evdar qadln olmaq?”
İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Azər Mehtiyevin fikrincə, heç bir cəmiyyətdə bütün problemlər birdən-birə həll olunmur: “Problemi seçmək, hədəfi müəyyənləşdirmək çox vacibdir”.
Jurnalistika və sosial şəbəkələnmə üzrə mütəxəssis İhamiyyə Rza parlament seçkilərində iştirak üçün 125-lər klubunu yaratdıqlarından danışıb.
İctimai vəkillik üzrə mütəxəssis Günel Səfərova “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun 2010-cu ildə qəbul edilməsinə baxmayaraq, işləmədiyinə diqqəti çəkib: “Qanuna görə zorakılığa məruz qalan insanlar üçün regionlarda sığınacaqlar yaradılmayıb. 4 il keçib, amma heç bir iş görülməyib”. G.Səfərova vurğulayıb ki, qadına seçim haqqı verilməlidir: “Mən xoşbəxtəm ki, uşaq olanda anam evdar qadın olduğu üçün hər gün qaynar yemək yeyirdim. Amma bu seçimi qadının özünə vermək lazımdır. O, işləmək istəyir, yoxsa evdar qadln olmaq? Biz bir-birimizə dəstək olmalıyıq, şəbəkələşməliyik. Qadın iştirakçılığı proqramı bu yolla həll oluna bilər”.
Seminarın sonunda iştirakçılar üç qrupa bölünərək, qrup tapşırıqlarını yerinə yetirib, gələcək fəaliyyət planını hazırlayıblar. Seminarda dövlət, beynəlxalq yerli QHT, jurnalistlər, layihənin bölgə təlimlərinin koordinator və təlimçiləri, ucqar bölgələrdən olan sahibkar qadınlar iştirak edib. Layihə Avropa İttifaqı və KAZ (Konrad Adernauer Stiftung) tərəfindən maliyyələşdirilib, Azərbaycanda Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ilə əməkdaşlıq çərivəsində KAS tərəfindən həyata keçirilir.
P.S. Seminarın “Qafqaz” oteldə keçirilməsi xeyli qabaqcadan planlaşdırılmışdı. Lakin bir gün öncə, günorta saatlarında otelin meneceri “texniki səbəb” üzündən vədindən boyun qaçırdı, axşamadək danışıqlar isə nəticəsiz qaldı . Çətin vəziyyətə düşən layihənin işgüzar heyəti bir neçə saat ərzində 50-dək iştirakçı ilə əlaqə saxlayaraq, məkanın dəyişməsi barədə məlumat verdi. KAS-ın kiçik ofisi böyük bir toplantının yükünü öhdəsinə götürdü. Nə gizlədim, biz kişilər ən yaxşı halda tədbiri başqa vaxta keçirməyə qərar verərdik. Amma qadınlar səhərəcən yatmayaraq, günlərə sığmayan işlərin öhdəsindən gələ bildilər. Doğrudan da qadınlar böyük qüvvədirlər.
Şərhlər bağlıdır.