Mətbuatımızla bağlı çatışmazlıqları bir-neçə məsələ şəklində birlikdə müzakirə edək. Mətbuatımız kimə oxşayır?
Məsələ 1. Oxucunun ardınca getmək, yoxsa oxucunu formalaşdırmaq? Mövcud olan qəzetlər və xəbər saytları fikrimcə oxucunun ardınca qaçmağa çalışır, sanki- “məni oxu, mən maraqlı yazıram”,-deyə. Əslində bu ən asanıdır, çünki oxucu toplamaq üçün vaxt və əmək sərf etmək lazım gəlmir, oxucunun zövqünü “oxşamaq” üçün “cazibədar” şəkillər, şou xəbərlər də ki, öz yerində. Amma bu cür ucuz üsullar saytlara daimi oxucu qazandıra bilmir. Çünki insanlar hər şeydən yazan saytlara sadəcə “təzə xəbər” eşitmək məqsədi ilə baxırlar. Sayt rəhbərlərinə isə, oxucuların sadəcə baxmağı, kifayət edir. Oxudun, ya oxumadın, öyrəndin, ya öyrənmədin onlar üçün fərq etmir. Əminəm ki, ən az mənim kimi, daimi oxumaq istədiymiz xəbər və analitik qəzetin, həm də saytın olmasını istəyən, xüsusilə də peşə sahibləri olan insanlar vardır. Amma çox təəssüf ki, bunu nəzərə alan xəbər saytına və ya qəzetə hələ ki, rast gəlməmişəm. Hamı “həftəbecər” düzəltməkdə maraqlıdır. Məncə, oxucunun ardınca qaçmaqdansa, bəlli zövqə və maraqlara sahib olan daimi oxucu toplamaq, oxucu formalaşdırmaq daha düzgün olardı. Bu, əslində missiyadır.
Məsələ 2. Jurnalistika nə üçündür?
Jurnalistlərimizin fikrincə, jurnalistika həqiqəti olduğu kimi çatdırmaq üçündür. Görəsən saytlar bu işin öhdəsindən gələ bilirmi? Müşahidələrimdən onu deyə bilərəm ki, əksər saytlar xəbəri, müsahibəni elə başlıqla, elə şəkildə çatdırır ki, onu çox adam oxusun. Amma mövzunu və ya xəbəri oxuyursan, görürsən ki, başlıqlar mövzunu nəinki ifadə etmir, əksinə təhrif edir. Bu isə saytın nüfuz qazanmasına mane olan səbəblərdəndir. Jurnalistika daha geniş bir sahəni əhatə edir, həm məlumat verir, həm reportaj hazırlayır, həm xəbər çatdırır. Jurnalist oxucunun zövqünü yaxşıya doğru formalaşdırmalıdır, cəmiyyətin dürüst, bacarıqlı insanlarını tanıtmalı, onların cəmiyyət üçün önəmini göstərməyi bacarmalıdır, cəmiyyət isə bu insanlarla hesablaşmağın, onları dinləməyin vacibliyinə inanmalıdır. Təbii ki, bu bir prosesdir və buna zaman gərəkir. Odur ki, bu gün də bu prosesə başlamaq gec deyil. Bu yerdə, görkəmli alim, vətəndaş ziyalımız Xudu Məmmədovun bir fikri yadıma düşür. O demişdir:” Mətbuat yaxşının yayılması üçündür. Pis isə özbaşına daha yaxşı yayılır”.
Məsələ 3. İnteqrasiya ehtiyacı…
Orta məktəblərdə, yəni ümumi təhsil pilləsində, əvvəllər də mövcud olan fənnlərarası əlaqə indi inteqrasiya adlanır. Yəni müəyyən mövzunun müxtəlif fənnlərdə ortaq cəhətlərinin fərqli üsullarla öyrənilməsi və ifadə olunması kimi. Məsələn, Azərbaycan dilinin qrammatikasında nitq hissəsi olan say, riyaziyyat fənnindəki uyğun mövzu ilə də əlaqələndirlə bilər. Əgər müəllim genişqəlbli və dünyagörüşlüdürsə, eyni zamanda bunun əhəmiyyətini anlayırsa, o zaman riyaziyyat müəllimi ilə məsləhətləşər və mövzunu necə əlaqələndirə biləcəyini bir balaca müzakirə edib, sonra mövzunu daha maraqlı şəkildə təqdim edə bilər. Eləcə də digər fənnlərdən. Təbii ki, bunu edən müəllimlər də vardır, amma əksər müəllimlər bunu etmir və öz bildiyi şəkildə, elə-belə üstündən ötür. Mətbuatda da belədir, əgər sayt hər hansı bir mövzuda olan xəbəri və ya məlumatı saytda yerləşdirməmişdən öncə, onu mütəxəssislə məsləhətləşərsə, təqdimat daha uğurlu olar. Bu cür fəaliyyət isə sayta həm inam, həm də hörmət qazandırar. Təəssüf ki, saytların çoxu eyni xəbəri dəyişik başlıqlarla, bəzən daha primitiv, daha səviyyəsiz şəkildə təqdim edirlər. Buna isə təqdimat yox, “oxucunun diqqətini oğurlamaq” desək daha doğru olar. Eyni zamanda, hər hansı bir saytın və ya qəzetin uğurlu bir işini başqa bir saytın və ya qəzetin öz səhifəsində təqdim etməsinə rast gəlmək olmur. Yəni jurnalistlər bir-birinə dəyər verməyi, qiymətləndirməyi sanki ya bacarmırlar, yaxud da istəmirlər…
Məsələ 4. Qəzet nə üçündür? Belə bir fikir var:” Radio- nə baş verdiyini söyləyir, televizor- necə baş verdiyini göstərir, qəzet –niyə baş verdiyini yazır”. Qəzetin xəbər vermək funksiyasından daha çox, baş verən hadisələri təhlil etmək, onların mahiyyətini insanlara çatdırmaq kimi önəmli və vacib xüsusiyyəti vardır. Hadisələr baş verən kimi, başqalarından daha tez çatdırmaq hələ heç nəyi həll etmir, çünki nə baş verdiyi insanlar üçün anlaşılmaz ola bilər. Gözlənilməz informasiyalar və ya informasiya bolluğu insanları bəzən çaşdırır, yorur, bəzən də qorxudur. Bu zaman insanlarda, hadisələr haqqında bilgili, təhlil etmək bacarığı olan insanların sözünü dinləmək ehtiyacı yaranır və qəzetin mövcudluğu, dəyəri burada görünür. Bizdə isə operativ xəbərin operativ təhlilçiləri yoxdur, ya da bu təhlilçiləri axtarıb, danışdırıb, onların fikirlərini qəzetində verən qəzetçilər yoxdur. İstər siyasi hadisələr olsun, istər iqtisadi, ya təhsillə bağlı, ya səhiyyə ilə, eyni zamanda həyatımızın müxtəlif sahələrinə aid olan, həm ölkəmizdə, həm də dünyanın başqa ölkələrində baş verən hadisələri operativ çatdırmaqla yanaşı, bu hadisələr, onların başvermə səbəbləri və yarada biləcəyi nəticələr haqqında da insanları bilgiləndirmək lazımdır. Bu gün hamının evində internet yoxdur, amma hamının qəzet almaq və oxumaq imkanı vardır. Odur ki, qəzet hər zaman ən əlverişli və önəmli informasiya vasitəsidir. Sadəcə, bu işi yaxşı bacaran insanlar, onların maliyyə bazası və tələbkar oxucuları olmalıdır.
Məsələ 5. Mənəvi sərhədlərimiz. Görünən budur ki, həm qəzetlərin, həm də saytların “əziyyət” çəkdiyi maliyyə problemi onları etik olmayan şəkilləri və məlumatları səhifələrində yeİrləşdirməyə “məcbur” edir. Amma bu məcburiyyət heç də bəhanə olmamalıdır. Çünki insan, işindən, peşəsindən asılı olmayaraq, çörəyini vicdanla, namusla və halallıqla qazanmalıdır. Görünməyən isə odur ki, hər bir dövlətin mətbuatı qeydsiz -şərtsiz dövlət maraqlarını, mənəvi və milli maraqları qorumağa xidmət etməlidir. Əgər saytlarda verilənlər ümumilikdə insan əxlaqını korlamağa aparırsa, o zaman həmin saytlara mütləq xəbərdarlıq olunmalıdır. İstər Mətbuat Şurası olsun, istərsə də cəmiyyət, yəni vətəndaşlar tərəfindən bu qanunsuzluqlara, ədəbsizliklərə mütləq etiraz olunmalıdır. Çünki hər bir fəaliyyət davamlı olaraq nəyi təbliğ edirsə, nəticə də təbliğatın eyni olacaq. Bu təbliğatı aparanların bəzən təsadüfi insanların olduğu bildirilir, jurnalistikaya qazanc üçün gələnlər, bekarçılıqdan gələnlər və həvəskarlar. Amma bu cür insanlar sadəcə jurnalistikada deyillər, onlar hər yerdə var: təhsildə, səhiyyədə, orduda, nazirliklərdə, hətta parlamentdə və digər yerlərdə də “fəaliyyətdədirlər”. Ən pisi də budur ki, belə insanlar eyni “statuslu” həmkarlarının fəaliyyətindən yararlanırlar. Bu axının içərisində mətbuatın itirilməsi ən ağrılısıdır. Çünki mətbuat cəmiyyət üçün çox önəmlidir, onun çatışmazlıqlarını, həm də uğurlarını göstərmək üçündür. Amma “reketlik”, yəni qazanc üçün qeyri-sağlam yollarla getmək mətbuatı da “poliqona “ çevirib. O zaman, ən vacib suallardan biri də bu olur ki,–mətbuatı bu vəziyyətdən necə çıxarmaq olar? Məncə bu, sadəcə mətbuatın problemi deyil, bu həm də vətəndaş olaraq hər birimizin problemidir. Mətbuatımızın necə olmağını istəyiriksə, o cür də onu yaratmalıyıq. Mətbuat nümayəndələri isə nəyi və necə yazacağına o zaman özləri qərar verəcəklər. Daha yaxşı, daha dürüst və vicdanlı mətbuat naminə, hər bir vətəndaşımızı diqqətli və mübariz olmağa dəvət edirəm. Mətbuat hər bir xaqlın elminin, mədəniyyətinin, siyasətinin, təhsilinin, səhiyyəsinin və ümumilikdə dünyagörüşünün güzgüsüdür. Əgər nə güzgü, nə də gördüklərimiz xoşumuza gəlmirsə, deməli həm güzgünü, həm də özümüzü düzəltməliyik. Çünki öz ölkəsinin mətbuat meydanında uduzanlar, dünya mətbuatına boylana-boylana baxarlar.
Mingəçevir şəhəri, 19 avqust 2019.
Şərhlər bağlıdır.