Kim kitab oxuyur?
Yaşlılar kitabı sevirlər
73 yaşlı Gülcahan Həsənova kitabı böyük həvəslə oxuyanlardandır. Hazırda təqaüddə olan Gülcahan nənə tələbəlik illərindən bu günə kimi kitab oxumağa çox böyük marağı olduğunu deyir: “Ən çox dünya ədəbiyyatına üstünlük verirəm. Hərdən Mirzə İbrahimovun, Yaşar Nuri Güntəkinin əsərlərini də oxuyuram. Kitab oxumaq mənə böyük zövq verir. Əvvəllər kitablardan nə isə öyrənirdimsə, indi isə kitablarla vaxtımı keçirirəm”.
5 saylı MİS-in mühasibi 50 yaşlı Natella Həsənova isə işlə əlaqədar kitab oxumağa vaxtının olmadığını bildirir. Hərdən nəvəsi üçün kitab oxuduğunu deyən Natella xanım həyat yoldaşının kitaba olan marağından danışır: “O, günün çox hissəsini kitablara ayırır”.
Əvvəllər kitab oxuduğunu deyən 59 yaşlı sahibkar Qabil Həmzəyev hazırda müəyyən səbəblərə görə oxumadığını bildirir: “Əgər maraqlı kitab gözümə sataşarsa, oxuyaram. Amma çalışacam bu yaşda da olsa kitab oxuyam”.
Q.Həmzəyev gənclərə internetdən az istifadə etməyi tövsiyə edir. O cavanların internetə meyilli olduqları qədər kitablara da maraq göstərmələrini arzu edir.
Bəs gənclər?
Texniki liseyin yuxarı sinif şagirdi Səbinə liseyin kitabxanasında lazımi kitabların olmasına baxmayaraq, kitaba çox da marağının olmadığını bildirir. O, daha çox internetə həvəsi olduğunu deyir.
Mingəçevir Politexnik İnstitutunun 4-cü kurs tələbəsi Ayişə Yolçuyeva isə bədii əsərləri oxumağı çox sevir. Daha çox xarici ədəbiyyata üstünlük verdiyini deyir. Hazırda “HOST” qrupunun “A”romanını oxuyur: “O kitabı çox axtarmağıma baxmayaraq tapa bilməmişdim. Nəhayət, onu mənə Bakıdan hədiyyə olaraq göndərdilər. Müəllif romanda dövrün qlobal problemlərindən, gənclərin sağlam cəmiyyət qurmaq arzusundan bəhs edir. M.Müşfiqin şeirlərini oxumağı da xoşlayıram. Özüm də şeir yazıram və şeirlər kitabımı nəşr etdirməyi arzulayıram”.
10 saylı məktəbin şagirdi İbrahim Əliyev də boş vaxtlarında kitab, xüsusən nağıl kitabları oxuduğunu söyləyir. Hətta bəzən özünü nağıl qəhrəmanlarına bənzətdiyini dilə gətirən balaca İbrahim uşaqlar üçün lazımi kitabların, jurnalların çox olmasını arzu edir.
Kitabxanalarda vəziyyət necədir?
Mingəçevirin 16 kütləvi kitabxanasında 316 min kitab fondu mövcuddur. Həmin vəsaitin 31544 nüsxəsi latın qrafikası ilə çap olunub. Mərkəzi kitabxanada xidmət, kitabxanalararası abonent, metodika-biblioqrafiya şöbələri, kitabiləşmə və komplektləşdirmə sistemi fəaliyyət göstərir.
Metodika-bibloqrafiya şöbəsinin müdiri Şəlalə Əhmədli kifayət qədər oxucuların olduğunu deyir: “Yaşlı nəslin nümayəndələrinin əksəriyyəti tarixlə bağlı, tələbələr isə dərs vəsaitləri üçün kitabxanamıza müraciət edirlər. Burada yaxşı şəraitə malik oxu zalımız da var. Oxucularımıza lazımi kitabları tapmaqda hər zaman yardımçı oluruq”.
Şəlalə Əhmədlinin dediyinə görə, ən çox Ç.Abdullayevin əsərlərinə ehtiyac duyulur. Kitabxanalarda bədii və dini, dilçilik və psixologiya üzrə vəsaitlər üstünlük təşkil edir. İnformatikaya aid kitablara isə ehtiyac duyulur.
6 ildir kitabxanaçı işləyən Məhsəti Baxşəliyeva əvvəlki illərə nisbətən son illərdə oxucuların sayının çoxaldığını, hətta internet istifadəçilərinin də müxtəlif kitablara müraciət etdiyini deyir: “Ən fəal və yaşlı oxucumuzun 77 yaşı var. Nüsrət Kəsəmənli, Çingiz Abdullayev və Cəmşid Əmirovun kitabları daha çox oxunur”.
Geyim mağazalarının əvəzinə kitab mağazası?
“Kitab böyük söz xəzinəsidir. İnsanı ucaldan, sabaha aparan mənəvi gücdür, ruhdur” deyən Yazıçılar Birliyinin şəhər şöbəsinin sədri İsmayıl İmanzadə son illərdə kitaba qarşı münasibətin pisləşdiyini təəssüf hissiylə bildirir: “Əvvəllər insanlar kitabı böyük zövqlə oxuyardılar. İndi isə kitabdan xeyli uzaqdadırlar. Biz daha öncələr C.Məmmədquluzadə, Ə.Haqverdiyev, S.Vurğun, M.Müşfiq və digərlərinin əsərlərini çox böyük həvəslə oxuyar, mənəviyyatımızı zənginləşdirərdik”.
İ.İmanzadə hətta dünya ədəbiyyatından Drayzer, R.Taqor, L.Tolstoy, A.S.Puşkinin əsərlərini oxuduqlarına görə qürur hissi keçirdiklərini deyir. Yazıçı onu da qeyd edir ki, istedadı olan, lakin peşəkarlığı olmayan yazıçıların əsərləri oxucuları nəinki yorur, hətta zövqlərini korlayır.
İsmayıl müəllim hesab edir ki, ərzaq, telefon, geyim satış mərkəzlərinin yerində kitab mağazalarının açılması daha münasib olar: “O zaman oxucular da öz zövqlərinə görə kitab seçib, oxuya biləcəklər. Bununla da biz özümüzü kitab oxumağa meylləndirmiş olarıq”.
Gülnarə Mirzəqızı
Şərhlər bağlıdır.