Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Keçmiş polis mayorunun əl işləri görənləri təəccübləndirir

191

Sovet dönəmində 30 il Rusiyada yaşayan, ölkəmiz müstəqillik əldə etdikdən sonra isə Azərbaycanın bir sıra rayonlarda hüquq mühafizə orqanlarında çalışan və xidməti vəzifəsini polis mayoru rütbəsi ilə başa vuran şair Bəhman Gülövşəlinin dekorativ tətbiqi sənət növü üzrə  60 –a yaxın sənət əsəri görənləri təəccübləndirir. Bu günlərdə Mingəçevir  Rəsm Qalareyasında onun fərdi sərgisi açılıb.

Yevlax rayonunun Gülövşə kəndində dünyaya göz açan sənətkarı təkcə Mingəçevirdə,Yevlaxda deyil, onun hüdüdlarından kənarda da istedadlı söz adamı kimi, indiyə qədər dövrü mətbuatda qələmə aldığı çeşidli mövzuları və işıq üzü görən iki kitabı ilə tanınır.

Bunlardan əlavə Bəhman müəllimin əl işləri daha çox maraq kəsb edir.Belə ki, onun taxta parçalarından ərsəyə gətirdiyi müxtəlif əşyalar görənləri heyrətləndirir desək yanılmarıq.Taxtadan hazırladığı nərdtaxta, qaval, tar, kamança, qılınc, qız qalası, buta, nəhrə, tut ağacı, saz, əsa, nar, şahın taxtı, Azərbaycan Respublikasının Dövlət rəmziləri, məscid və s. olan əl işləri demək olar ki, insanda bir maraq hissi oyadır.Sənətkar deyir ki, onun bu əl işlərinin hər biri ona övladı kimi əzizdir. Bəhman müəllimin əl işləri arasında ən çox dəyər verdiyi qavaldır. Qavalın üst hissəsində Azərbaycan muğamlarının adları həkk olunub.Bundan başqa qavalın içəri hissəsində Azərbaycan muğamının inkişafında əvəzsiz xidmətləri olan 43 sənətkarın rəsmləri həkk olunub. Bəhman müəllim deyir ki, ondan bu əl işlərini istəyənlər çox olub, amma heç kəsə verməyə ürək edə bilməyib: “Hər bir sənət əsərinin üzərində mənim alın tərim, zəhmətim və xatirələrim yaşayır”.

Bəhman müəllim onu da vurğuladı ki, sənətə olan marağı  getdikcə artır: “Artıq 63 yaşımı haqlamışam. İnsan yaşlaşdıqca hansısa bir maraqlı işlə məşğul olmaq istəyir. Mən unudulmaqda olan əşyaları hazırlayıram. Həmişə gözüm axtarışdadır.Hərdən yerdən  tapdığım kiçik taxta parçasını belə dəyərləndirirəm. Bilirəm ki, kiçik bu taxta parçasından nə isə bir əl işi düzəldəcəm. 30 il sistemdə çalışmışam. Heç ağlma da gəlməzdi ki, illər keçəcək, həm bədii, həm də təsviri sənətə sənətə maraq göstərəcəyəm”.

Bəhman müəllimin daha bir arzusu da var. O, doğulduğu kənd  haqqında kitab yazmaq fikirindədir.

Esmira HİDAYƏTOVA

Şərhlər bağlıdır.