“Jurnalistlərin çörək ağacı” barədə regiondakı KİV nümayəndələri nə bilirlər?
İyunun 29-da Mingəçevirdəki “Kür” oteldə Avropa Şurasının və Avropa İttifaqının birgə layihəsi çərçivəsində “İfadə azadlığı və şəxsi həyata hörmət” mövzusunda tədbiri baş tutub. Layihə rəhbəri Pərvanə Bayramova və Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli ölkədə KİV-in mövcud durumuna qısa nəzər salaraq, media üçün layihənin əhəmiyyətindən danışıblar.
Media eksperti Ələsgər Məmmədli “İfadə azadlığı və şəxsi həyata hörmət sahəsində Avropa Şurası və Avropa İnsan Hüquqları Konvensiyası standartları” mövzusunda məruzə edib. O, bildirib ki, Avropa İnsan Hüquqları Konvensiyasının 10-cu maddəsinə görə, hər kəs öz fikrini ifadə etmək azadlığı hüququna malikdir: “Bu, əslində jurnalistlərin çörək ağacıdır. Mətbuat demokratiyanın gözətçi köpəyi rolunu oynayır”.
Ə.Məmmədli ifadə azadlığının həyata keçirilməsində məhdudiyyətlərdən bəhs edib, işgüzar, peşə nüfuzu, təqsirsizlik prezumpsiyası, şəxsi həyata və ailə həyatına hörmət hüququ ilə bağlı məsələlərə diqqəti yönəldib: “Özəl həyat qorunur. Lakin ictimai fiqur olduqca, bu, daralır. Eyni zamannda intim həyat qanunla qorunur”.
Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekan müavini Sevinc Əliyeva “Azərbaycan jurnalistikasında ifadə azadlığı və şəxsi həyata hörmət”, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli “Media və şəxsi həyata hörmət”, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev “Azərbaycanda regional qəzetlər və onlayn media” mövzularında fikirlərini çatdırıblar.
ELTV–nin baş direktorunun informasiya məsələləri üzrə müavini Qabil Babayevin dediynə görə, onlar yerli şöbələrdən informasiya almaqda çətinlik çəkirlər: “Bərdədəki Baytarlıq İdarəsindən bizə deyirlər ki, baş idarədən icazə alın”. Bildirilib ki, Konstutusiyanın 50-ci maddəsinə görə, hər kəsin istədiyi məlumatəı qanuni yolla axtarmaq, əldə etmək, ötürmək, hazırlamaq və yaymaq azadlığı vardır: “Bu, KİV haqqında Qanunun 8-ci maddəsi ilə də tənzimlənir. KİV-in sorğusuna cavab verməmək inzibati məsuliyyət yaradır”.
Digər KİV nümayəndələri də Azərbaycan mediasının, o cümlədən region qəzetlərinin problemlərini qabardıb, ekspertlərlə birgə vəziyyətdən çıxış yollarını arayıblar. Səhərdən axşamadək davam edən təlimdə maraqlı təkliflər səsləndirilib.
Şərhlər bağlıdır.