Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Jurnalist Zahir Əmənov azadlığa buraxıldı

Bölgə qəzetinin baş redaktoru Masallı İcra hakimiyyəti nümayəndəsinin rüşvət alma iddiası üzrə aprelin 13-də həbs olunmuşdu

Masallıda saxlanılan jurnalist Zahir Əmənov azadlığa buraxılıb. APA xəbər verir ki, onun barəsində polis nəzarətinə verilmə tədbiri seçilib.

Aprelin 13-də Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazisi üzrə nümayəndəsi İsrafil Əliyev rayon Polis Şöbəsinə müraciət edərək bildirmişdi ki, həmin gün “cənub.az” internet saytının rəhbəri Zahir Əmənov övladının səs yazısını sosial şəbəkələrdə yayacağı ilə hədələyərək, ondan 1500 manat pul alıb. Bundan sonra Zahir Əmənov polis tərəfindən redaksiyanın ofisində  saxlanmış və rayon polis şöbəsinə aparılmışdı.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb

BDU-nun professoru  Qulu Məhərrəmli bir neçə saat əvvəl facebook səhifəsində yazmışdı ki, regionda azad mətbuatın tək-tük təmsilçilərindən olan “Cənub xəbərləri” qəzetinin baş redaktoru və eyniadlı yutub kanalının rəhbəri, tanınmış jurnalist və publisist Zahir Əmənovun “rüşvət tələb etmə” adı ilə saxlanmasını qurama iş hesab edir: “Zahir bəyi yaxşı tanıdığımız üçün həmkarlarımızla bu şübhəli həbs məsələsinin obyektiv araşdırılmasını DİN-dən, nazir V.Eyvazovdan xahiş etmişik. Sağ olsunlar, müraciətimizə dərhal reaksiya veriblər. Müsbət nəticəyə də ümid edirik!”
Zahir Əmənov təsisçisi olduğu “Cenub.az” saytında Masallı rayon icra başçısı Şahin Məmmədov haqqında bir neçə dəfə tənqidi materiallar dərc edib. Sonuncu belə bir yazı bir neçə gün əvvəl dərc olunmuşdu.

Şərhlər bağlıdır.