JuHi Gender Qrupun toplantısını keçirib
Oktyabrın 24-də Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) nəzdində fəaliyyət göstərən Gender Qrupun növbəti toplantısı keçirilib. Toplantıda Gender Qrupun ötən dövrdəki fəaliyyəti müzakirə olunub. Həmçinin, GQ-nin fəaliyyətinin genişləndirilməsi, yeni dövrün tələblərinə uyğunlaşdırılması yönündə təkliflər təqdim edilib. Müzakirələrin yekunu olaraq, GQ-nin Əsasnaməsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən, GQ onlayn medianı da özünün monitorinq sahəsinə daxil edib, həmçinin, onlayn media sahəsində çalışanların da GQ sıralarına qəbul edilmələrinə yol açıb.
Məlumat üçün bildirək ki, JuHİ nəzdində fəaliyyət göstərən Gender Qrupu Azərbaycan mediasında tətbiq edilən gender siyasətini araşdırır, bu sahədə tədqiqatlar aparır, həmçinin, maarifləndirmə işləri həyata keçirir. Qrup ölkə mediasında gender balansını, həmçinin qadın jurnalistlərin əmək şəraitini monitorinq edir. Ötən dövrdə qrup Azərbaycanın çap və elektron mediasında çalışan qadın jurnalistlərin statistikasını hazırlayıb, qadın jurnalistlərə qarşı olan münasibətə dair hesabat hazırlayıb (hesabatla burada tanış ola bilərsiz). Bundan sonra GQ onlayn medianı da özünün monitorinq sahəsinə daxil edərək, bu sahədə də araşdırmalar aparacaq.
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycanda media çalışanlarının sosial-iqtisadi hüquqlarının müdafiəsi üzrə ixtisaslaşmış yeganə Həmkarlar İttifaqı Təşkilatıdır. Azərbaycan Jurnalistlərinin peşəkar hüquqlarının qorunması, ölkədə söz və ifadə azadlığının inkişafına dəstək verilməsi JuHİ-nin əsas missiyasıdır.
JuHİ mətbuat xidməti
Şərhlər bağlıdır.