İstehlakçı hüquqları necə qorunur?
“Lazımi keyfiyyətli qeyri-ərzaq malı öz formasına, ölçüsünə, fasonuna, rənginə görə istehlakçıya yaramırsa və ya digər səbəblərə görə təyinatı üzrə istifadə oluna bilməzsə, istehlakçının 14 gün ərzində həmin malı alındığı yerdə başqa mala dəyişmək hüququ var”.
Bu fikirləri İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin noyabrın 21-də Mingəçevirdə keçirdiyi konfransda xidmətin əməkdaşı Zahid Şərifov deyib. İstehlakçı hüquqlarının müdafiəsi, istehlak bazarının keyfiyyətsiz və insan sağlamlığı üçün təhlükəli mallardan qorunmasının səmərəliliyinin artırılması məqsədilə aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların və istahlakçıların iştirakı ilə baş tutan tədbirdə xidmətin rəis müavini Araz Əliyev bildirib ki, ilin 9 ayı ərzində mənşəyi məlum olmayan, yararlılıq müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 46,3 ton ərzaq və 0,3 ton qeyri-ərzaq malları qanuna müvafiq qaydada satışdan çıxarılaraq məhv edilib.
Natiq istehlakçıların hüquqlarının müdafiəsi sahəsində maarifləndirmənin mühüm əhəmiyyət daşıdığını qeyd edib: “Dövlət Xidməti tərəfindən müxtəlif konfranslar və seminarlar keçirilir, KİV-də maarifləndirici məlumatlar yayılır. Ötən dövr ərzində istehlakçı hüquqlarına dair 16 adda 75 min buklet, 6 adda 6 mindən artıq yaddaş kitabçası hazırlanaraq paylanıb”.
Konfrans iştirakçılarına məlumat verilib ki, istehlakçı hüquqlarının pozulması halları ilə rastlaşdıqda, nazirliyin 195-2 Telefon Məlumat Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlara, nazirliyin internet saytı və \”Facebook\” səhifəsi vasitəsilə Dövlət Xidmətinə məlumat verə bilərlər.
Aytən Kosayeva
Şərhlər bağlıdır.