Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Suyu quruyan şəhid bulaqları

Suyu qurumuş bir bulaq küskün-küskün bir tərəfə çəkilib qəribsəyibdi elə bil. Həsrətmi çökmüş suyuna, nisgilmi yağıb başına? Görən suyundan sonuncu içən kimlər olmuş?
Qarabağ uğrunda gedən döyüşlərdə həlak olan oğul və qızlarımızın adını əbədiləşdirmək, xatirəsini əziz tutmaq üçün Azərbaycanın bütün bölgələrində, şəhərlərində abidələr qoyulub, parklar salınıb. Çünki hər şəhid vətənin mənəvi ucalığıdır. Lakin son zamanlar bəzi həmvətənlərimiz şəhidlərin adına ucalan abidələrə qarşı laqeyd davranır, dağılan şəhid bulaqlarına göz yumurlar. Şəhidlərimizin silinən şəkilləri, oxunmaz olan adları, tökülüb dağılan daşları, sıradan çıxan su boruları kimisə narahat etmir. Məgər Azərbaycanın şəhid oğullarını yaddan çıxartmışıqmı? Yaxud da insanların başı gündəlik məişət problemlərinə o qədər qarışıb ki, şəhid abidələrinin dağılıb məhv olmasına fikir vermir, yaxud da onlar üçün bu mənzərə artıq adiləşib? Həmin xatirə bulaqlarının yerləşdiyi əraziyə nəzarət edən mənzil istismar sahələrinin əməkdaşları da sakinlər kimi laqeydlik göstərir, onların bərpası naminə heç bir addım atmırlar. Hətta həmin məkanların əksəriyyəti balacaların əyləncə, oyun yerinə çevrilib. Təbriz 13-də Azər Əliyevin, R.Rza 18 və 25-də Elşən Rzayevin və Xəzər Əliyevin, Maqomayev 6-da Amil Məmmədovun və digər şəhidlərimizin adına ucaldılan xatirə bulaqları hazırda pis günə düşüb.
Şəhid bulaqlarının baxımsızlığı, tökülüb dağılması azmış kimi, üstəlik vəziyyəti normal olan bulaqların suyu da “Azərsu” şirkətinin əməkdaşları tərəfindən kəsilir. Vətən uğrunda qan tökən igid oğul və qızlarımızın adını əbədiləşdirən bulaqların suyu hansı səbəbdən kəsilir? Şəhid Elşən Rzayevin atası Kərəm kişi deyir ki, oğlunun adını daşıyan bulağın suyundan hər səhər bir fincan su içir ki, oğlunun ruhu şad olsun: ”Bilsin ki, onun adına əbədiləşən bu bulaqdan su içənlər oğlumun ruhuna dua oxuyurlar. Heç olmasa bir fincan su içib rəhmət oxuyurlar.Suyun pulunu dövlətin mənə verdiyi təqaüdlə verməyə hazıram. Lakin o bulağa sayğac qoymaq üçün mənim 250 manat ödəməyə imkanım yoxdur”.
Canlarını torpağa qurban verən şəhidlərimizin adına salınan bulaqlar üçün su sayğacı qoyulmalıdırmı? Təəssüf ki, çayla, su anbarı ilə əhatə olunan bir şəhərin şəhid abidələrinə məxsus su kəmərləri bu gün suya möhtac qalıb.

Şərhlər bağlıdır.