Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin “Region gənclərinin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsinin təqdimatı və ilk təlimi keçirilib. Təqdimatda Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi, rəis müavini, Mingəçevir Gənclər evinin direktoru və digər gənclər iştirak edib.
Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli layihənin olduqca aktual mövzuları əhatə etdiyini bildirib. O, gənclərin digər sahələrdə olduğu kimi ətraf mühitin mühafizəsi sahəsində də aktiv olmalarının xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Gənclər və İdman İdarəsinin rəis müavini Anar Şahbazov gənclərin aktivliklərinin yeni bilik və bacarıqlar əldə etməkdə çox vacib amil olduğunu bildirib, həmçinin layihə zamanı gənclərin komanda halında işləmək bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb.
Təqdimatda çıxış edən Mingəçevir Gənclər evinin direktoru Tural Kərimov ölkəmizin gələcəyi olan gənclər üçün insan sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi ilə bağlı maarifləndirmə işlərinin mütəmadi şəkildə aparılmasının əhəmiyyətindən danışıb. Layihə rəhbəri və iştirakçılarına uğurlar arzulayan müəssisənin direktoru Mingəçevir Gənclər Evində hər zaman gənclər və gənclər təşkilatları üçün əlverişli şərait olduğunu və onların fikir və ideyalarına dəstək göstərildiyini qeyd edib.
Layihə rəhbəri Rəşad Qurbanov layihənin məqsəd və vəzifələri haqqında iştirakçılara məlumat verib, ekoloji problemlərin həllinin dövlət siyasətinin əsas tərkib hissələrindən biri kimi daim diqqət mərkəzində olduğunu vurğulayıb. Daha sonra layihə çərçivəsində ilk təlim həyata keçirilib.
Layihənin keçirilməsində əsas məqsəd əhalinin sağlamlığının qorunması ilə bağlı məlumatların və sağlam ətraf mühit ideyasının gənclər arasında təbliği, təşəbbüskar gənclərin seçilməsi, ətraf mühitin qorunması ilə bağlı yeni təşəbbüslərin üzə çıxarılmasıdır. Region gəncləri arasında insanların sağlamlığının qorunması sahəsinə maraq yaradılması, ətraf mühitin qorunmasında gənclərin bilik və bacarıqlarının artırılması qarşıya qoyulan əsas vəzifələrdir.
Layihədə Mingəçevirdə yaşayan gənclərlə yanaşı, şəhərin ali təhsil müəssisələrində təhsil alan müxtəlif regionlardan olan gənclər iştirak edəcək. İştirakçılar təlimlər başa çatdıqdan sonra Mingəçevir su anbarı sahilində təmizlik aksiyasında iştirak etməklə əldə olunan nəzəri bilikləri praktik şəkildə təcrübədən keçirəcək. Gələcəkdə layihə ideyasının davam etdirilməsi və daha çox gəncin insanların sağlamlığının qorunması və ətraf mühitin mühafizəsi üçün təşəbbüslərinin artırılması məqsədilə layihə başa çatdıqdan sonra da məlumatlandırma işləri davam etdiriləcək.
Şərhlər bağlıdır.