“İşıqlı Gələcək” Gənclər İctimai Birliyi gənclərin ekoloji sahədə biliklərinin artırılmasına öz töhfəsini verib
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi tərəfindən həyata keçirilən “Region gənclərinin ekoloji biliklərinin artırılması məqsədilə maarifləndirmə tədbirlərinin təşkili” layihəsi başa çatıb. Mingəçevirdə yaşayan və təhsil alan gənclərin iştirakı ilə keçirilən layihə müddətində 5 təlim, 1 ekoloji aksiya təşkil olunub. Təlimlər zamanı Mingəçevirdə fəaliyyət göstərən müxtəlif müəssisələrin nümayəndələri layihənin qonağı olub, gənclərə öz tövsiyyələrini verib.
Layihə ərzində keçirilən təlimlər zamanı ekologiya anlayışının mahiyyəti izah olunub, təbii amillər və ekoloji faktorların canlı orqanizm, o cümlədən insan həyatı üçün əhəmiyyətindən danışılıb. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində görülən işlərin, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasətinin ölkənin dayanıqlı inkişaf strategiyasının əsas tərkib hissəsi olduğu iştirakçıların diqqətinə çatdırılıb. Layihə çərçivəsində Mingəçevir Dövlət Universitetinin tələbələri tərəfindən “Tullantılara həyat verək” adlı sərgi təşkil edilib. Sərgidə məişət tullantılarından istifadə edilərək hazırlanan əl işləri nümayiş olunub. Layihənin sonunda keçirilməsi nəzərdə tutulan ekoloji aksiya Mingəçevirdə çimərlik ərazisində baş tutub. Aksiyada Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Məryəm Məcidova və Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov iştirak edib, öz təcrübələrini layihə iştirakçıları ilə bölüşüb, gənclərə ətraf mühitin mühafizəsi sahəsində hər zaman aktiv şəkildə iştirak etmələrini məsləhət görüb.
Sonda layihədə aktiv şəkildə iştirak edən gənclər sertifikatlarla təltif olunub.
Şərhlər bağlıdır.