Bizimlə həyatınız həmişə işıqlı olacaq!

İş qadını, yoxsa evdar xanım?

550

-Ana niyə mənimlə danışıb-gülmürsən?
-Yorğunam oğlum, işdən gəlirəm…

Uşaq gözünü yerə zilləyib sakitcə dayandı…
Avtobusda eşitdiyim bu dialoq məni çox təsirləndirmişdi. Neçə gün ana-balanın söhbəti yadımdan çıxmadı. Görəsən cəmiyyətimizə necə qadın lazımdır: karyera sahibi, yoxsa evdar xanım? Bəs kişilər necə, hansı xanımlara daha çox üstünlük verirlər?
Karyera sahibi olan qadınlar arasında aparılmış sorğuya görə, işləyən qadınların 90 %-i işlədiklərinə görə uşaqlarına vaxt ayıra bilmədiklərindən, 85 %-i isə ailə və ictimai həyatının məhdudlaşdırıldığından şikayətlənir.
Çalışan qadınların yaşadığı problemlərə diqqət çəkmək məqsədilə aparılmış araşdırma ortaya təəccüblü nəticələr çıxarıb. 1260 işləyən qadının qatıldığı sorğuda rəyi soruşulanların 53 %-i \”İş həyatımın gərginliyi ucbatından uşağıma kifayət qədər zaman ayıra bilmirəm\” fikrini söyləyib. İş həyatının sıxlığına görə uşağına heç vaxt ayıra bilməyənlərin nisbəti 6 % olarkən, uşağına ayırdığı vaxt ucbatından iş həyatını qısdığını düşünənlərin nisbəti 30 % olub. Gərgin iş həyatının uşağı ilə maraqlanmasına maneə törətmədiyini ifadə edənlərin nisbəti isə 9 % təşkil edib.

“Evdən çıxım, ətrafım olsun-deyirdim”

Mingəçevir sakini Aytəkin Musayeva dövlət qurumlarından birində çalışır. 2 övladı var. Müsahibimiz bildirir ki, əvvəlcə işləməyi çox arzulayıb. “Evdən çıxım, ətrafım olsun-deyirdim. Amma heç nə düşündüyüm kimi rahat alınmadı. Səhər 9-da iş başlayır, uşaqları hazırlayıb baxçaya aparıram, ordan işə, axşam 5-də çıxıb, uşaqları götürüb tez evə qaçıram. Həm yemək hazırla, həm evi təmizlə. Yoldaşım gələnə kimi hər şey qaydasında olmalıdır. Şikayətlənəndə də ki, çatdıra bilmirəm, deyir ki, nə məcburdu, otur evdə, uşaqlarına bax. Övladlarımla məşğul olmağa həqiqətən vaxtım çatmır.”
Mingəçevirdə apardığım sorğudan belə məlum oldu ki, qadınlarımızın əksəriyyəti evdə oturub uşaqların tərbiyəsi ilə məşğul olmağı üstün tutur.

“İstəmədim ki, uşaq evə gələndə qapını açarla açsın”

Diğər qonağım Afət Nəbiyeva isə bildirir ki, əvvəllər çox yaxşı işdə çalışıb. “Oğlum dünyaya gəldikdən sonra özümü bütünlüklə uşağa həsr etdim. İş yerindən ayrıldım. Öz anam da müəllim olub. Uşaq vaxtı dərsdən qayıdırdım, boş otaqlar, soyuq yemək və s. Anaları evdə olan yoldaşlarıma həsəd aparırdım. Elə bunları göz önünə gətirib istəmədim ki, uşaq evə gələndə qapını açarla açsın. Heç də peşman deyiləm. Mənimçün 1-ci ailəm, uşaqlarımdır. Səhər tezdən evdən çıxıb axşam qayıdan qadın nə qədər desə də həm evinə, həm övladlarına, həm də yoldaşına yetərincə vaxt ayıra bilməz.”

“Evdə olmaq və uşağın yanında qalmaq hələ ona diqqət gostərmək demək deyil”
Müəllim işləyən Mehparə Hüseynova isə tam əksini düşünür. “Işləyirəm.Qızımın 2 yaşı tamam olandan sonra işə çıxmışam.Düzdür, çox vaxt işdə olduğum üçün övladıma az zaman qalır, amma o vaxtdan səmərəli faydalanırıq. Şənbə- bazar isə bütünlüklə qızımındır. Düşünürəm ki, evdə olmaq ve uşağın yanında qalmaq hələ ona diqqət gostərmək demək deyil. Mən övladımın istəklərini qarşılamağa iqtidarım olsun deyə işə çıxmışam”.
Bəs görəsən övladlar necə düşünür?

Anar Məmmədov 7-ci sinifdə oxuyur. Anası müəllimdir. Deyir ki, valideyninin işləməsi onun üçün heç bir problem yaratmır: “Oxuduğum məktəbdə anam da dərs deyir. İş vaxtı istədiyim zaman onu görürəm və evə də əksər vaxt bir yerdə qayıdırıq. Bəlkə də ona görə anamın iş qadını olması məni narahat etmir”.

Nərmin Camalzadə 6-cı sinifdə oxuyur. Anası ali təhsilli olsa da çalışmır. Nərmin bundan çox məmnundur: “Heç vaxt istəmərəm ki, anam işləsin. Onu evdə görməyəndə darıxıram. Sanki uzaqlaşır bizdən”.

“Yeməyini verib, geyimini təmizləmək uşağa vaxt ayırmaq demək deyil\”.

Psixoloq İlhamə İsmayılovanın sözlərinə görə, bu gün qadınlar işləməyi hava, su kimi özlərinə vacib bilirlər. İşləməyən qadının ailədaxili hörməti olmaz prinsipindən irəli gələrək, işləməyə can atırlar. Marağı oldu, olmadı, işi bacardı, yaxud çətinlik çəkdi kimi nüanslar elə də vacib olmur, yetər ki, qadın ev qapısından çölə çıxsın: \”Başa düşülən haldır ki, qadının işləməyi ailə büdcəsinə təsir edir. Amma ehtiyac yoxdursa, yaxud həyat yoldaşı buna icazə vermirsə, buna görə mübahisə etməyə dəyərmi? Qadınların yarıdan çoxu bu suala dəyər deyər. Düzdür, işləmək yaxşıdır, amma ailə, uşaq problemlərini yarımçıq həll edib işə qaçmaq, gəldikdən sonra xəstə, halsız görünmək, uşaqlara zaman ayırmamaq, həyatın mənasını işə bağlamaq səhvdir. Bu gün, demək olar ki, bütün anaların ən böyük problemi daxilindəki günahkarlıq hissidir. Çünki o, övladına kifayət qədər vaxt ayıra bilmir. Amma iş üçün bunu büruzə də vermir. Yeməyini verib, geyimini təmizləmək uşağa vaxt ayırmaq demək deyil\”.

Psixoloq bildirir ki, işləmək qadın üçün məcburiyyət olduğu halda ailə, şəxsi həyat, sosial münasibətlər ikinci plana düşür. Çünki qadınlar məcbur edilmədiyincə daha xoşbəxt və özlərini daha işə yararlı hesab edirlər: \”İşləmək heç bir problem yaratmaz, o halda ki, qadın işindən zövq alar və işini məcburiyyət kimi qəbul etməz. Məsələnin kökündə isə təbii ki, qarşı tərəf, həyat yoldaşı durur. İstənilən halda kişi qadına başa salmalıdır ki, hər nə olur-olsun, o bu işi işləməyə məcbur deyil və istədiyində işi saxlaya, istədiyində davam edə bilər. Amma Azərbaycan ailələrində vəziyyət necədir? İşləyəcəyəmsə, sənə ərə gələcəyəm, illərdir oxumuşam, mütləq işləməliyəm, işləməsəm, sonradan yoldaşım işləməyə də icazə verməz və s. İstər-istəməz ailə, uşaq, həyat ikinci plana keçir. Tək məqsəd, hər nə olur-olsun, mütləq iş hesab edilir. Nəticədə isə həmin yorğunluq, depressiya, ailəyə vaxt ayıra bilməmək, uşağına məcburi sevgi göstərmək, həyata ölən maraq, özünə baxmayan qadın və bütün bunlardan boğaza yığılan kişi\”.

İş qadınlarının xəstəliklərindən danışan terapevt bildirir ki, belə qadınların ən çox əziyyət çəkdiyi hal depressiya, qanqaraçılıq, bu gün yaxşı işləmədim duyğusu, özünü hər şeyi olmasına baxmayaraq natamam, bədbəxt hiss etməsidir
İş qadını olub, iş ilə birlikdə ailə idarə edən bir model olmaq çətin olsa da, bunun öhdəsindən də gəlmək mümkündür. Həkim Rasim Hüseynov bildirir ki, qadın üçün işləmək yaxşıdır, çünki o, ailə qayğılarından az da olsa fikrini yayındıra bilir. Bununla yanaşı özünə də baxmaq lazımdır ki, bütün işlərin öhdəsindən gəlmək üçün enerji olsun: \”İş qadınlarını yoran ən mühüm məsələ teleseriallardır. Axşam saat 11-dən tez başlamayan teleserialların qurtarma vaxtı ən tez gecə saat 2 olur. Normal yuxu yatmamaq elə ən mühüm problemdir. İkinci problem qidalanma ilə bağlıdır. Az qidalanmaq, əlinə nə gəldi yemək də insan enerjisinin bərpasına imkan yaratmır. Vitamin qəbul etmək çıxış yoludur. Kofeinli içkilər yerinə bitki çayları içmək də gün ərzində enerjili olmağa kömək edəcək. İsti havada isti soyuğa düşməmək lazımdır. Bu da insan əhvalına təsir edir\”.
İş qadınlarının xəstəliklərindən danışan terapevt bildirir ki, belə qadınların ən çox əziyyət çəkdiyi hal depressiya, qanqaraçılıq, bu gün yaxşı işləmədim duyğusu, özünü hər şeyi olmasına baxmayaraq natamam, bədbəxt hiss etməsidir. Bundan qurtulmaq üçün isə yeni insanlarla ünsiyyətə başlamaq, başqalarının həyatına həsəd aparmaq və bu kimi hərəkətlərə yol verilir.
\”Ən vacibi isə özünüzü xoşbəxt etmək üçün heç nədən çəkinməyin. Lazımdırsa yatın, gəzintiyə gedin, uşaqlarla oynayın, ehtiyac yoxdursa, bir müddət işə ara verin. Çünki özünü xoşbəxt hiss etməyən qadın ailəsini xoşbəxt edə bilməz.

“İşləyən qadının rolu, sözu, statusu ailədə daha yüksəkdir, nəinki işləməyənin”

Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova Milli.Az-a bildirib ki, hər bir qadının öz fikri, ehtiyacları, istəkləri var: “Kimsə özünü ancaq evdar qadın kimi görür, istəyir ki, ev işləri ilə məşğul olsun. Bəziləri fikirləşir ki, öz vaxtını daha çox uşağa sərf etsin, kimsə düşünür ki, işləsin, oxusun, karyera qursun. Həyatının qrafikini elə qurur ki, hər bir şeyi çatdırır, ev işində, uşağı ilə ünsiyyətdə ola bilir. Əsas problem ondan ibarətdir ki, bəzən qadınlar arzularının həyata keçməsi üçün təhsil alır və ailə qurduqdan sonra qadına qadağa qoyulur ki, işləməsin. Çox vaxt bu ailədə münaqişəyə gətirib çıxarır. Ona görə ki, burada psixoloji amil böyük rol oynayır. Birinci, arzunun, məqsədin puç olmasıdır ki, bəzən qadınlar bununla razılaşa bilmirlər. Nəticədə aqressiya yaranır və bu aqressiya ona əsas qadağa qoyan insana qarşı yönəlir”.
M.Əzizova deyir ki, digər tərəfdən qadın əgər bütün günü ancaq ev işləri ilə məşğul olursa, bu depressiya vəziyyətinə də çıxarda bilər: “Məsələn, kişilərin qorxduğu dedi-qoduların səbəbi bu da ola bilər. İşləməyən qadının sabaha görə ümidi yoxdur. Əgər qadın ailədə zorakılıqla qarşılaşırsa, işləyən qadın buna qarşı mübarizə edəcəksə, işləməyən qadın susacaq və düşünəcək ki, mən işləmirəm, sabah yoldaşım evdən qova bilər, pul verməyəcək, boşanacaq, mən nə edəcəm? İşləyən qadın isə daha çox oxuyur, yeniliklərlə maraqlanır, öz üzərində çalışır. Bu isə ailədə müxtəlif mövzularda müzakirə, ünsiyyət deməkdir. Bir də yəqin ki, evdar qadın çox vaxt özünə qulluq etməkdə tənbəllik edir, bütün gün ev işləri, uşaq və s. ilə məşğul olduğundan çox vaxt qadınlar özünü yaddan çıxarırlar. Amma çalışan qadın geyiminə, kosmetika və s. diqqət yetirir ki, bu da ailədə qadın və kişi münasibətinin möhkəmləndirilməsinə gətirib çıxarır. Beləliklə, işləməklə bağlı hər bir qadının öz seçimi olmalıdır. İşləyən qadının rolu, sözu, statusu ailədə daha yüksəkdir, nəinki işləməyən”.

Aytən Kosayeva

Şərhlər bağlıdır.