Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İnsanlar evlərinin idarə olunmasına kənardan baxmaq istəmirlər”

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi bir aydır ki, yeni layihəsini gerçəkləşdirir. Layihə çərçivəsində son seminarlar iyunun 4-də şəhərin N.Nərimanov prospektindəki 31,  44  və 49  saylı ünvanlarda baş tutub.  Tədbirlərdə 70-yə yaxın  yerli sakin, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin məsləhətçisi Vüsalə Süleymanova iştirak edib.

“Bu gün çoxmənzilli binaların idarə olunmasında, o cümlədən əmlak vergisinin  toplanmasında kifayət qədər problemlər qalmaqdadır. Baxmayaraq ki, 2009-cu ildə qəbul edilən yeni Mənzil Məcəlləsinin tələbinə görə, mənzil fondu mənzil mülkiyyətçilərinin özləri  və ya müştərək cəmiyyətləri,  ya da bu işi kənar idarəçilər  tərəfindən idarə oluna bilər.  Bu sahədə əhalinin maarifləndirilməsi  həmin mənzillərin saxlanmasında dövlətin yükünün  azalmasına, eyni zamanda bələdiyyələrin əmlak vergisi toplamasında problemlərinin aradan qalxmasına  şərait yaradacaq”.

Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyinin prezidenti Fərman Nəbiyev belə deyir. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat  may ayının əvvəllərindən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çoxmənzilli binalarda özünü idarəetmə icma metodlarının təbliği” mövzusunda yeni layihəsinin icrasına başlayıb: “Biz  benefisiarlarımızın xahişini nəzərə alaraq, tədbirlərimizi  həftə sonu,  şənbə və bazar günləri həyətlərdəki mağarlarda təşkil edirik. Çünki bu layihədə maraqlı və aktiv şəxslərin əksəriyyəti müxtəlif sahələrdə çalışır və onlar istirahət günlərində tədbirlərə  qatılmaq arzusundadırlar. Layihə çərçivəsində mayın 13-dən başlayan seminarlar  iyunun 5-dək davam edib”.

F.Nəbiyev onu da bildirib ki, seminarlara cəlb olunanlar layihə müddətində və ondan sonra öz yaşadıqları ərazilərdə icmanı səfərbər etməyə nail olacaq, çoxmənzilli yaşayış evlərinin idarə edilməsi prosesinə başlanmasını, əmlak vergisi toplanmasını sürətləndirəcəklər: “Onların hər biri bir neçə  ailə ilə öz məlumatlarını  bölüşəcək. daha sonra öz binasının idarəçiliyini öhdəsinə götürmək istəyənlərə məsləhət veriləcək, yardım olunacaq. Gələcəkdə bu insanlar şəhərin idarəçiliyinə də maraq göstərəcəklər. Bu da bələdiyyədə və digər qurumlarda aktiv insanların iştirakının artmasına gətirib çıxaracaqdır. Problemlərin müzakirə edilməsi  hökumətin bu məsələyə diqqətinin artmasına da  təsir edəcəkdir”.

F.Nəbiyev onu da vurğulayıb ki, növbəti mərhələdə binaların idarəedilməyə verilməsi ilə bağlı yığıncaqların təşkili, qazanılmış təcrübənin yerli TV vasitəsiə yayılması və sonda hökumət və qeyri-hökumət, o cümlədən media təmsilçilərinin iştirakilə ümumşəhər toplantısı təşkil etmək nəzərdə tutulub: “Layihənin icrası digər rayonlardakı bələdiyyələr və məhəllə komitələri üçün təcrübə qazanmaq imkanı yaradacaq.  Bu işdə bizə   Mingəçevir Bələdiyyəsi kömək edir. Bələdiyyənin komissiya sədri Zahid Qasımlı isə təcrübəli ekspert kimi layihədə çalışır”.

Layihənin eksperti,  Mingəçevir Bələdiyyəsinin üzvü və “Yerli sosial məsələləri” daimi komissiyasının sədri Zahid Qasımlı mənzil hüquqları və onun əsasları, çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi əmlakı, sahə mülkiyyətçilərinin çoxmənzilli binanın idarəetmə üsulunu seçməsi, mənzil-tikinti kooperativləri üzvlərinin hüquqları, çoxmənzilli binanın yalnız bir idarəedici təşkilat tərəfindən idarə olunması, onun saxlanma xərcləri, mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin üstünlükləri haqqında seminar iştirakçılarına ətraflı məlumat verib. O, dövlətin bu məsələdə maraqlı olduğunu deyib: “Dövlət öz yükünü yüngülləşdirmək üçün binaları əsaslı təmir etdirib, əhalinin idarəsinə verəcək. Yəni əhali binaların idarəsini öz üzərinə götürməlidir. Başqa ölkələrdə, son vaxtlar isə Bakının Binəqədi rayonunda bu idarə üsulu  tətbiq olunur. Çoxmənzilli binaların mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətləri tərəfindən idarə olunması 2009-cu ildə qəbul olunmuş  Mənzil Məcəlləsinin tələbindən irəli gəlir”.

Z.Qasımlı  izah edib ki, binadakı sahə mülkiyyətçilərinin 50 faizdən yuxarı hissəsi toplaşıb, qərar qəbul edir: “İclas müəyyən edir ki, əmlak (binanın sahəsi, lift, pilləkənlər, ərazidəki özəl bağça, qaraj, mağaza və s.) nədən ibarətdir. Onlar mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətini (MMMC) yaratmaqla, idarəetmə səlahiyyətlərini ona verirlər. Həmin cəmiyyət hüquqi şəxs olur, nizamnaməsi Ədliyyə Nazirliyində qeydiyyatdan keçir. Onun fəaliyyətinə sahə mülkiyyətçiləri nəzarət edirlər”.

Ekspert onu da deyib ki, əhali 6 ay müddətində qanunla nəzərdə tutulan idarəetmə formalarından birini seçməzsə, onda bələdiyyənin  təklifiylə açıq müsabiqə elan olunur, müsabiqəyə qatılan qurumlar arasından idarəedici təşkilat seçilir”.

Zahid Qasımlı bələdiyyə büdcəsinin formalaşmasında əmlak vergisi, onun hesablanması və ödənməsi qaydaları, əmlak vergisi ödənməsinin çoxmənzilli binaların saxlanmasında əhəmiyyəti ilə bağlı məsələlərə də aydınlıq gətirib: “2001-ci ildən bu vergi toplanır, sadəcə onun yığılma mexanizmi tam işlənməmişdi. Nazirlər Kabineti  2015-ci il yanvarın 1-dən mənzillərdə əmlak vergisi toplanmasının yeni metodunu  tətbiq edib. Əmlak vergisi yaşayış və qeyri-yaşayış sahələrinin hər kv. metrinə görə bildiriş əsasında bələdiyyə büdcəsinə ödənilir. Amma ödənən vəsait  dolayı yolla məhəllələrə qayıdır. Bələdiyyə əmlak vergisini tam ödəyən binaların xeyir-şər magarlarını təmir etdirir, məhlələrdə quruculuq işlərinə pul ayırır”.

Tədbir iştirakçıları  çıxışılarında bir sıra məsələlərə diqqəti yönəldiblər. Belə ki,  yaşayış evləri tikiləndən binalarda yarımçıq işlər qalıb, uşaq meydançaları qurulmayıb, həyətlərdə asfaltlanma  tam aparılmayıb. Sakinlərin fikrincə, şəhərdə abadlıq-təmir işləri qeyri-bərabər aparılır, xüsusən . “Azərsu” tərəfindən proqram  ləng və kortəbii həyata keçirilir. Keçmiş  uşaq xəstəxanasının yerləşdiyi ərazi dağıdılıb, ayaqyoluna, itlərin boğuşma yerinə və narkoman yuvasına çevrilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin məsləhətçisi Vüsalə Süleymanova deyib ki, QHT-lərə Dövlət Dəstəyi Şurası  MVA-nın  layihəsinə ona görə maliyyə dəstəyi verib ki, bu sahədə insanların maarifləndirilməsinə ciddi ehtiyac duyulur: “2009-cu ildən yeni Mənzil Məcəlləsi qəbul edilsə də, qanunun tələbi üzrə mənzillərin idarə olunması sahəsində irəliləyiş nəzərə çarpmayıb. Burada ciddi müzakirələrin aparılması məni çox sevindirdi. Yəni insanlar bu məsələyə laqeyd deyillər, evlərinin idarə olunmasına kənardan baxmaq istəmirlər.  Düşünürəm ki, layihənin nəticələri tezliklə  hiss ediləcək. Gələcəkdə Mingəçevir  təcrübəsindən digər şəhər və rayonların da faydalanması mümkündür”.

MVA İB-nın mətbuat xidmətindən verilən məlumata görə, layihə 2016-cı il oktyabrın əvvəlində başa çatacaq.

Şərhlər bağlıdır.