“İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində Bakıda konfrans keçirilib
JuHİ Mətbuat xidmətindən verilən məlumata görə, dekabrın 10-da Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı Bakı şəhərində “İnformasiya təhlükəsizliyi” mövzusunda konfrans keçirilib. Konfransa KİV və QHT təmsilçiləri, internet fəalları qatılıblar. Tədbir, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən “İnformasiya təhlükəsizliyi: nəzəri və hüquqi əsaslar” layihəsi çərçivəsində baş tutub.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, bu gün informasiya təhlükəsizliyi dünyanın trend mövzularındandır: “Ölkə jurnalistlərini, internet üzərindən xəbər yayan informasiya istehsalçılarını beynəlxalq səviyyəli təhlükəsizlik təcrübələri ilə tanış etmək, onların bu sahədə biliklərini artırmaq günün zəruri məsələlərindəndir. Bu, Azərbaycan jurnalistləri və ümumilikdə xəbər istehsalçıları üçün son dərəcə vacibdir. Konfransın gedişində həm jurnalistlərin fərdi təhlükəsizliklərini təmin etmək mexanizmləri, həm də xəbərin məzmun təhlükəsizliyi barədə müzakirələr aparılıb”.
Müşfiq Ələsgərli qeyd edib ki, konfransda həmçinin, yayılan informasiyaların məzmununa görə yaranan hüquqi məsuliyyət məsələsi də müzakirə edilib: “İnternet üzərindən informasiya yayan vətəndaşlarda və media qurumlarında yaydıqları informasiyalara görə daşıdıqları etik və hüquqi məsuliyyət barədə təsəvvür formalaşdırmaq günün vacib məsələləri sırasındadır. Konfransda sosial media istifadəçilərinin və ümumilikdə internet üzərindən informasiya yayan vətəndaşların diqqət yetirməli olduqları nüanslar diqqətə çatdırılıb”.
JuHİ üzvü Nəzirə Nurullayeva təhlükəsizlik mövzusunda beynəlxalq təlimlərdə əldə etdiyi bilgiləri konfrans iştirakçıları ilə bölüşüb. Əməkdar jurnalist Azər Həsrət, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Eçin Mirzəbəyli, Azərbaycan Jurnalistlər Şəbəkəsinin sədri Ayaz Mirzəyev və digərləri informasiyanın və informasiya istehsalçılarının təhlükəsizliyi yönündə maraqlı təcrübələrini bölüşüblər.
Tədbirin sonunda bir sıra jurnaistlərə “Beynəlxalq media vəsiqəsi” təqdim edilib.
Şərhlər bağlıdır.