Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“İmtahanlar onlayn qaydada keçirilsəydi…”

Payız imtahan sessiyası Mingəçevir Dövlət Universitetində necə təşkil olunub? Tələbələr məmnundurlarmı? Biz onlardan bir qrupu ilə görüşərək, fikirlərini bölüşməyi xahiş etdik.

İT ixtisası üzrə təhsil alan Seymur İsgəndərov prosesin şəffaflığından məmnundur: “Rektorun “Açıq qapı” günlərində tələbələrin bütün problemləri dinlənilir və adekvat qərarlar verilir”.

Şifahi imtahanların tərəfdarı olan Seymur praktik yönümlü dərslərə daha çox yer ayrılmasını, əvəzində nəzəri məşğələlərin, qeyri ixtisas fənlərinin azaldılmasını təklif edir: “Tələbə ilə məsləhətləşmədən  dərs yükünün artırılması da yaxşı hal deyil”.

Azərbaycan dili və Ədəbiyyatı ixtisasının 3-cü kurs tələbəsi Tahirə Mustafayeva da imtahanların şifahi keçirilməsi ilə bağlı universitetin qərarın dəstəkləyir. Onu narahat edən kollokviumların çoxluğudur: “Onların azalmasını istəyərdim. Qaib limitinin ləğv olunması da məqsədəuyğundur”.

Energetika Mühəndisliyi qrupundan olan Nəbi Manafov tələbələrin nitqinin formalaşmasında  şifahi imtahanın yaxşı vasitə olduğunu vurğulayır: “Şifahi imtahanda düşən sualı loru dillə başa salmaq olur, amma yazılı imtahanı akademik formada dəftərə qeyd etmək lazımdır. Həm də şifahi olması danışıq qabiliyyəti yaxşı olan şagirdlər üçün də rahatlıq yaradır”.

İbtidai sinif müəllimliyi qrupunun 3-cü kurs tələbəsi Ələddin Nəcməddinli imtahanın yazılı qaydada aparılmasının tərəfdarıdır: “Şifahi imtahan tələbələrdə stress və çaşqınlıq yaradır. Yazılı imtahanda isə rahat şəkildə öz fikrini ifadə edə bilirsən”.

Qeyri İxtisas fənləri üçün imtahanların test üsulu ilə keçirilməsinin tərəfdarı olan tarix ixtisasının 2-ci kurs tələbəsi Səbinə Əliyeva deyir ki, tələbə dərslərdə fəal olubsa, müəllim imtahan zamanı ona daha çox güzəşt edir: “Yəni həmin  tələbəyə  3-4 bal güzəştə gedilir”.

İqtisadiyyatın Tənzimlənməsi ixtisası üzrə magistirant  olan Çingiz Çingizzadə imtahanların gedişatı ilə bağlı problem yaşamadığını bildirir. Onun fikrincə, müəllimlər çox humanist və obyektiv  şəkildə davranıb, qiymətləndirmə aparırlar. Çingizin fikrincə, imtahanların da  onlayn qaydada keçirilməsi məqsədəuyğun olardı: “Bu, nəqliyyat, zaman, enerji məsrəflərinin azalmasına gətirib çıxarar”.

Şərhlər bağlıdır.