Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə 5 yaşlı qızı alovlar içindən xilas edən kimdir?

455

“Binanın yanından keçirdim, birdən bir evin pəncərəsindən alov qarışıq tüstünün çıxdığını gördüm. Binanın blokuna girər-girməz bir qadın göz yaşları içində “balam qaldı içəridə, xahiş edirəm, xilas edin”, – deyə üstümə doğru gəldi. Heç nə düşünmədən təcili keçdim içəri…”

Bu sözləri 3 gün öncə Mingəçevir şəhəri Axundov küçəsi 15/16 ünvanında yerləşən ikimərtəbəli binada qazsızması nəticəsində baş vermiş partlayışda xüsusi igidlik göstərən Bəhruz Salahov deyib.

Bizim.Media-ya məlumat verən digər şahidlər qeyd edir ki, həmin anda yaxınlıqda cəmi bir-iki adam olub. Onların içindən yalnız Bəhruz alovlariçində tamamən darmadağın olmuş mənzilə girib. Bəhruz Salahovun dediyinə görə, indi şəhərdə hər kəs ona az qala qəhrəman kimi baxır:

“Mənzildə  qapı, tavan, divar darmadağın olmuşdu. İçəri girəndə anadan  uşağın harda ola biləcəyini soruşduğum üçün birbaşa o istiqamətə getdim. Uşaq dağıntıların altında idi. Sürünərək uşağa yaxınlaşdım və onu qucağıma basıb geri qayıtdım. Mən mənzildən çıxan zaman FHN-in yanğınsöndürmə briqadası artıq hadisə yerinə yetişmişdi. Onlar təcili körpəni məndən alıb həkim briqadasına təhvil verdilər”.

Ən maraqlısı da odur ki, sonradan  hər kəsə məlum olub ki, dağılan mənzilə atılaraq 5 yaşlı qızcığaz Zəhra Xudayevanı xilas edən Bəhruz Fövqaladə Hallar Nazirliyinin xüsusi riskli xilasetmə xidmətinin giziridir.

Amma hadisə baş verən zaman o, məzuniyyətdə olub, binanın yanından isə təsadüfən keçibmiş: “Biz elə vərdiş etmişik ki, təhlükə anında özümüzü deyil, yalnız köməyə ehtiyacı olan insanı xilas etmək haqqında düşünürük. Vəzifə borcumuz və vətənpərvərliyimiz bizdən bunu tələb edir”

Bəhruz Salahovla balaca Zəhranın ailəsi arasında artıq yeni doğmalıq körpüsü yaranıb. Nəinki həmin ailə, həmçinin bütün Mingəçevir əhalisi ona xilaskar qəhrəman gözü ilə baxır.

Qeyd edək ki, Bəhruz hadisədən sonra Zəhranın durumunu da nəzarətdə saxlayır. Daim doğmaları və həkimləri ilə əlaqədədir.

“Şükürlər olsun, durumu stabildir, günbəgün yaxşılığa doğru dəyişir”, – deyə Bəhruz məmnunluqla gördüyü işin nəticəsinə də şükranlıq edir.

Şərhlər bağlıdır.