“İmkansız ailələr bu fürsəti əldən buraxmır”
Yabanı şəkildə bitən süpürgə kolları əsasən kənd ərazilərinin otlaq sahələrində, meşə ərazilərində rast gəlinir. Bu bitkinin hazırda yetişmiş vaxtıdır. Yəni yığım mövsümü başlayıb, oktyabr ayına qədər davam edəcək.
Kəndlilər neçə əsrdir ki, bu kollardan yığıb, həyət süpürmək üçün istifadə edirlər. Ötən illlərlə müqayisədə bu işlə məşğul olanların sayı artıb. Hazırda yeniyetmələr də bu kolların yığımına həvəs göstərirlər. Bu onlar üçün həm əyləncədir, həm də qazanc yeri.
Süpürgə kol şəklində bitir. Onu əl ilə yığıb, dəstələyirlər. Bundan sonra dənə-dənə üst-üstə qoyulur, 2 və ya 3 yerdən kəndirlə, ya da məftillə bağlanır.
Süpürgə kolları yığmaqla məşğul olan kənd sakinləri onun bir dənəsini 50-60 qəpiyə satırlar. Bu da bazarın qiymətinə təsir edir. Bazarda qiymət 1 manat -1 manat 20 qəpikdir. Qışda qiymət daha da baha olur.
Süpürgə kollarına hələ də tələbat var. Onu həyət evində yaşayan ailələr, sanitar təmizlik idarələri, hətta balıqçılar da alırlar. Onun çiçəyinə arılar gəlir, suya qoyulduqda balıqlar üzərində kürü tökür, həm də ki, ən vacib məqam təmizlik simvoludur. Kənd sakini Tanırverdi İmamverdiyev deyir ki, süpürgə yığımı gələndə ailəliklə çöldən süpürgə yığıb sataraq, ehtiyaclarını qarşılayırlar. Hətta öz həyət bacalarını da süpürmək üçün bu ildən yığılmış süpürgəni gələn ilədək saxlayırlar. Süpürgəni növbəti mövsümə qədər saxlamaq mümkündür, çünki korlanmır.
Şərhlər bağlıdır.