Cəmiyyət

Mingəçevirdə “Qadın hüquqları və məişət zorakılığı” ilə bağlı seminar keçirilib

Məqsəd şəhər mühitində yaşayan və orada təhsil alanların deyil, məhz region qadınlarının sosial aktivliyini artırmaqdır

Sentyabrın 10 və 11-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Mingəçevirdə “Qadın hüquqları və məişət zorakılığı” ilə bağlı seminar keçirib. Tədbir Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin “Cənubi Qafqazda Avropa standartlarına hüquqi yaxınlaşmanın dəstəklənməsi” regional proqramı çərçivəsində reallaşıb. Görüşdə müxtəlif sferalarda çalışan mingəçevirli aktiv qadınlar iştirak edib.

AQUPDK-nin hüquqi təminat şöbəsinin müdir müavini Vəsilə Mövsümovanın dediyinə görə, regionlarda keçirilən seminarların məqsədi qadın hüquqları ilə bağlı maariflənmə kampaniyalarını daha güclü çəkildə qurmaqdır: “Artıq 3-cü ildir ki, layihəni davamlı olaraq həyata keçiririk. Niyyətimiz şəhər mühitində yaşayan və orada təhsil alanların deyil, məhz region qadınlarının sosial aktivliyini artırmaqdır. Hesab edirəm ki, bu tədbirlərin davamlı olması xanımlarımız üçün müsbət nəticələrini verir”.

Ekspert iki il ərzində Azərbaycanın 22 bölgəsini əhatə edən layihənin  2015-ci ilin sonunadək daha 9 bölgədə reallaşmasının planlaşdırıldığını deyib: “Beynəlxalq araşdırmalar və statistik hesablamalar göstərir ki, Azərbaycanda məişət zorakılığı yüksək həddə deyil. Lakin bununla bərabər bu bir problem kimi qalmaqdadır. Məişət zorakılığı yaxın qohumluq münasibətlərində olan zorakılıqdır.  Bu zorakılığa cinsindən asılı olmayaraq bütün insanlar  düçür ola bilər, amma təcrübədə qadınlar daha çox məruz qalırlar. Buna görə də məişət zorakılığı ilə mübarizədə qadınların maariflənməsi və məlumatlılıq səviyyəsi artırılmalıdır.  Təlim keşmiş qadın problemlə üzləşdikdə  ən azından prosedur qaydalarını, hansı qurumlara, məsələn məhkəmə, hüquq-mühafizə orqanlarına, yerli icra strukturlarına necə müraciət etməli olduğunu bilir, məişət zorakılığı baş verən zaman ondan qorunma formalarından xəbərdardır”.

Nəticələrə gəlincə, natiq onu da qeyd edib ki, yerlərdə müsbət irəliləyişlər var: “Bölgələrdə qadınlar sosial həyatda aktivləşiblər. Onlar öz problemlərinin həllində daha dinamik mexanizm qura bilirlər”.

Məişət zorakılığı ilə bağlı qadınların AQUPDK-ya  çoxsaylı müraciətlərinin olduğunu deyən ekspert dünya praktikasından nümunələr gətirib: “Məişət zorakılığı konkret olaraq məişət zəminində baş verən bir haldır. Bu, ölkənin nə sosial, nə siyasi, nə də iqtisadi inkişafı ilə bağlı olan məsələ deyil. İnsanlar nə qədər inkişaf edirlərsə, bu tendensiya  ilə paralel olaraq zorakılıqlar da olur. Televiziya verilişləri, internet, sosial şəbəkələr, saytlar buna təsir edən sosial amillərdir. Yəni insanlar bu resurslardan daha çox istifadə etdikcə hadisələrə fərqli yanaşmağa çalışırlar. Bizim keçmiş ailə modelimiz, ənənələrimizlə yanaşı müasir cəmiyyətimizin tələbləri də var. Bunlar üzbəüz gələndə və üst-üstə düşməyəndə, ziddiyətlər yaradır. Buna görə bu sahədə problemlər mövcuddur”.

Ekspertin sözlərinə görə, AQUPDK maarifləndirmə ilə yanaşı silsilə tədbirlər də həyata keçirir. Hüquqi məsləhət, psixoloji yardım və hüquq-mühafizə orqanları, icra strukturları və digər qurumlar qarşısında  məsələ qaldırmaqla problemi olan insanlara dəstək verir.

Seminar iştirakçılarına məişət zorakılığının yaranma səbəbləri, formaları, yaratdığı fəsadlar, ailə üzvlərinə vurduğu ziyan, ictimai qınaq, nikah müqaviləsinin zəruriliyi, nikah və kəbinin fərqlı cəhətləri və hüquqi aspektləri barədə dolğun  məlumat verilib.  Onlar məişət zorakılığı zamanı zərərçəkən şəxsin təhlükəsizliyini qorumaq məqsədilə tətbiq olunan mühafizə orderinin növləri haqqında da bilgi əldə ediblər.

Nikah evinin müdiri Sara Tapdıqova, YAP Qadınlar Şurasının üzvü Ofeliya Əzizova, Turizm Kollecinin müəllimi Sevda Kərimova, Gender bərabərliyi üzrə qadın problemləri komissiyasının sədri Ülviyyə Vəliyeva, Tibb Kollecinin müəllimi Əsli Qarayeva, “Mingəçevir Valideynlər Assosiasiyası” idarə heyətinin üzvü Yeganə Nəbiyeva və başqaları məsələlərə münasibət bildiriblər. Televiziyaların əks təbliğat kimi insanlara mənfi təsir edən bayağı verilişləri, aparıcıların səviyyəsiz  hərəkət və danışıqları,  kriminal hadisələri geniş formada yayımlayan proqramlar  haqda da seminarda geniş müzakirə aparılıb.

Tədbir iştirakçıları öyrəndikləri mövzuları nə dərəcədə qavradıqlarını qrup işlərində nümayiş etdiriblər.  Onlara əyani vəsait olaraq “Qadın hüquqları üzrə bələdçi” kitabı paylanıb.

Daha çox

Oxşar yazılar

Close